...

Azərbaycanda parlament seçkilərində qalib gələn siyasi qüvvələr onun nəticələrindən razıdır (YENİLƏNİB-2)

Siyasət Materials 11 Noyabr 2010 18:11 (UTC +04:00)
RED. əlavəsi: siyasi partiya rəhbərlərinin fikirləri əlavə olunub
Azərbaycanda parlament seçkilərində qalib gələn siyasi qüvvələr onun nəticələrindən razıdır (YENİLƏNİB-2)

RED. əlavəsi: siyasi partiya rəhbərlərinin fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda parlament seçkiləri demokratik dəyərlərə uyğun, ədalətli və şəffaf şəraitdə keçib və xalqın iradəsini əks etdirir. Bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov ölkənin bəzi siyasi partiya liderlərinin iştirakı ilə keçirilən iclasda bəyan edib.

"Azərbaycan ictimaiyyəti parlament seçkilərinin nəticələrini qəbul etdi və bu, Azərbaycanda seçki prosesinin demokratikliyini təsdiqləyir", - Əhmədov bildirib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Əhmədovun sözlərinə görə, bəzi siyasi partiyalar seçki prosesindəki uğursuzluqlarını seçkilərdə guya demokratiya və şəffaflığın olmaması barədə bəyanatlarla ört-basdır etməyə çalışırlar.

Müxalif Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev hesab edir ki, seçkilərin nəticələrinin qəbul edilməməsi üçün heç bir əsas yoxdur. "Azərbaycanda keçirilən parlament seçkilərini tamamilə legitim saymaq olar", - Həsənquliyev bildirib.

İqtidaryönlü "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, Azərbaycanda keçirilən parlament seçkiləri ölkənin seçki qanunvericiliyinə uyğun keçib. Onun sözlərinə görə, üç seçki məntəqəsi istisna olmaqla, seçki prosesinə müdaxilə olmayıb. "Ümumilikdə seçkilər beynəlxalq standartlara uyğun keçib", - Ağamalı bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanda keçirilən heç bir seçkidə bu qədər müşahidəçi iştirak etməyib və bu, Azərbaycanda seçki prosesində irəliləyişi göstərir. Eyni zamanda, partiya sədri qeydiyyat prosesində namizədlərin üzləşdikləri çətinlikləri qeyd edib. "Bəzi partiyalar seçkilərin baş tutmaması barədə danışırlar ki, bu da səs verməyə gələn bütün vətəndaşlara hörmətsizlikdir", - Rüstəmxanlı deyib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, təkcə beynəlxalq qurumların deyil, siyasi partiyaların nümayəndələrinin də seçkilərin gedişini izləmək və onların şəffaflığına əmin olmaq imkanı olub. O qeyd edib ki, parlament seçkilərinədək Azərbaycanda real təşviqat kampaniyası aparılıb. Mollazadənin sözlərinə görə, bununla yanaşı, Azərbaycandakı bəzi siyasi partiyaların siyasi mədəniyyətinin yüksəldilməsinə ehtiyac var. "Seçkilərdə məğlub olan bəzi namizədlər bütün seçki prosesinin üzərinə kölgə salırlar", - Mollzadə bildirib.

İqtidaryönlü Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı öz çıxışında qeyd edib ki, parlament seçkilərinin gedişində pozuntular haqqında deyilənlər, demək olar, 50 min müşahidəçiyə hörmətsizlikdir.

Müxalifətdən olan Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, bir neçə seçki məntəqəsində bəzi pozuntulara baxmayaraq, ümumilikdə seçkilər demokratik şəraitdə keçib.

"Azərbaycanın Milli Məclisi konstruktiv müxalifətə malik olacaq", - Mustafa bildirib.

Onun sözlərinə görə, seçkilərdən sonra bir sıra partiya liderlərinin bəyanatları hüquqi qüvvəyə malik deyil. "Seçkilərin qeyri-legitimliyini hansısa partiyanın lideri yox, Konstitusiya Məhkəmədi təsdiqləyə bilər", - Mustafa bildirib.

Görüşün yekunları üzrə siyasi partiya funksionerlərinin görüşünün bütün iştirakçılarının qoşulduğu seçkilərin legitimliyini əks etdirən bəyanat qəbul edilib.

Xəbər lenti

Xəbər lenti