...

Prezident İlham Əliyev Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 13 Noyabr 2010 15:51 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Təbrikdə ölkə başçısı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına səmimi arzu və diləklərini çatdırıb.

"Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub", - təbrikdə deyilir.

"Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir", - dövlət başçısının təbrikində bildirilir.

İlham Əliyev onu da qeyd edib ki, bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə edilən duaların, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha hər kəsə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərini yetirir.

Prezident Qurban bayramının Azərbaycan ailələrinə xoşbəxtlik, süfrələrinə xeyir-bərəkət gətirməsini diləyib.

Xəbər lenti

Xəbər lenti