...

Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb (YENİLƏNİB)(FOTO)

Siyasət Materials 19 Noyabr 2010 00:28 (UTC +04:00)
Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Zirvə görüşünün yekunlarına dair Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb (YENİLƏNİB)(FOTO)

RED. əlavəsi: prezidentlərin mətbuat üçün bəyanatları və fotoşəkillər əlavə olunub

Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Zirvə görüşünün yekunlarına dair Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xəzəryanı ölkələrin dövlət başçıları həçinin birgə bəyannamə imzalayıblar.

Sənədlərin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün konstruktiv keçdiyini, imzalanan sənədlərin əməkdaşlığın çərçivəsini dəqiq müəyyən etdiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu sənədlər hazırlıq mərhələsində olan məsələlərin razılaşdırılması işində mühüm addımdır.

Prezident İlham Əliyev müzakirələr zamanı qəbul edilən qərarlar haqqında da məlumat verdi. Bildirdi ki, 5 il müddətinə nərə balığına ovun qadağa olunması ilə bağlı mexanizmin 3 ay müddətində hazırlanması barədə müvafiq qurumlara tapşırıqlar verilmişdir. Həmçinin müvafiq qurumlar Xəzərdə milli sektorların hüdudları ilə bağlı müzakirələr aparmalıdırlar.

İran Prezidenti Mahmud Əhmədinejad Bakıdakı Zirvə Görüşü zamanı böyük dostluğun və əməkdaşlığın əsasının qoyulduğunu söylədi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bugünkü müzakirələr zamanı əsas məsələ - Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı irəliləyişin olduğunu söylədi. O, imzalanan sənədlərin mühüm əhəmiyyətini qeyd edərək, Zirvə Görüşünün konstruktiv şəraitdə keçdiyini vurğuladı.

Rusiya Prezidenti Dmitri Medvedev Zirvə Görüşünün konkret nəticələr verdiyini və bu nəticələrdən razı qaldığını söylədi. Dmitri Medvedev əsas məsələ - Xəzərin hüquqi statusu ilə bağlı irəliyə doğru yaxşı addım atıldığını dedi.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin sülh və əməkdaşlıq dənizi olduğunu söylədi.

Dövlət başçıları Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etdilər.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək əldə olunan nəticələrə verdikləri töhfələrə görə Xəzəryanı ölkələrin dövlət başçılarına minnətdarlığını bildirdi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti