...

Gürcü müxalifətinin qələbə şansı yoxdur

Siyasət Materials 26 Noyabr 2010 12:38 (UTC +04:00)
Gürcü müxalifətinin qələbə şansı yoxdur

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Gürcü müxalifətinin cəhdlərinə baxmayaraq, onların ölkədə hazırkı hakimiyyəti devirmək üçün heç bir şansları yoxdur. Ekspertlər belə hesab edirlər.

"Tbilisidəki nümayişlər necə deyərlər, "radikal" müxalifətin öz varlığını xatırlatmasıdır, eyni zamanda Rustaveli prospektinə toplaşmış qüvvələr göstərir ki, həlledici döyüş üçün üstünlük vacibdir və burada müxalifət qələbə çalmayacaq", - "İrs" Fondunun Rusiya, Avrasiya və beynəxalq enerji siyasəti üzrə aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen belə hesab edir.

Xalq nümayəndələri yığıncağının aksiyası noyabrın 25-də Tbilisidə Parlament binasının qarşısında keçirilib. İştirakçılar Prezidentin istefasını və parlament seçkilərinin keçirilməsini tələb ediblər. İki saat yarım davam edən aksiyada altı minə qədər adam iştirak edib. Yığıncaqda hakimiyyətə etimadsızlıq və bütün ölkədə ümumxalq itaətsizliyinin təşkili haqqında qərar qəbul edilib.

Müşahidəçilərin fikrincə, Gürcüstan müxalifətinin göstərdiyi cəhdlərə baxmayaraq, hazırkı hakimiyyəti devirmək şansları yoxdur, buna səbəb müxalifətin pərakəndəliyi və zəifliyidir.

Amerikanın Cənubi Qafqaz üzrə eksperti Svante Kornellin (Svante Cornell) sözlərinə görə, gürcü müxalifəti heç nəyə nail olmayacaq və Saakaşvilinin hakimiyyəti dövründə dəfələrlə belə hallar olub.

"Bu dəfə müxalifətin sayı o qədər də böyük deyil. Gürcüstan müxalifətinin özü isə heç bir önəm kəsb etmir", - Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornell Trend-ə bildirib.

Onun sözlərinə görə, Gürcüstan ciddi daxili və xarici siyasətə malik dövlətdir. "Odur ki, dövlət özü çox güclüdür, müxalifətin hərəkətləri nəticəsizdir", - Kornell deyib.

Koenin fikrincə, müxalifətin son aksiyaları öz həcminə görə, onun Tbilisi küçələrinə on minlərlə tərəfdarını toplamağa nail olduğu ötən illərdəki hadisələrdən çox uzaqdır.

Gürcüstan Parlamenti qarşısında aksiyaya toplaşan Xalq nümayəndələri yığıncağının tərəfdarlarının sayı radikal addımlar atmağa imkan vermədi. Bu barədə jurnalistlərə "Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze deyib.

"Biz daha çox dəstək gözləyirdik. Bu, lazımi qərarı qəbul edə və yerinə yetirə biləcək kütlə deyil", - Burcanadze qeyd edib.

O, qeyd edib ki, yığıncaq cəmiyyətin daha fəal olmasını gözləyəcək və sonradan yeni aksiyaları elan edəcək.

"Əgər prezidentin impiçmenti barədə danışsaq, bunun üçün parlament var, parlamentdə isə müxalifət azlıqdadır, həm də "barışmaz" müxalifət parlamentə seçkilərə etinasızlıq göstərib", - Koen bildirib.

2008-ci ilin mayında doqquz siyasi qüvvənin daxil olduğu Gürcüstanın "birləşmiş müxalifət"i Respublika hakimiyyətinin onların tələblərini yerinə yetirməkdən imtina etməsi üzündən növbədənkənar parlament seçkilərini baykot etdi.

Əgər müxalifət impiçment və konstitusiyada dəyişiklik istəyirsə, bunun üçün qalib gəlməyin lazım oduğu parlament seçkiləri var. Koen belə hesab edir.

Gürcüstan Konstitusiyasına görə, parlamentə seçkilər dörd ildən bir keçirilir - bundan əvvəlki seçkilər 2008-ci ilin mayında keçirilib, növbəti seçkilər 2012-ci ilin may və ya iyun aylarında keçirilməlidir.

Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Aleksandr Rondeli də hesab edir ki, hazırki sosial etiraza baxmayaraq, müxalifət çoxlu sayda insanı küçələrə çıxarmağa qadir deyil. "Onlar hamını bezdiriblər, onlara daha inanmırlar. Onlar özləri dəyişməli və taktikalarını dəyişdirməlidirlər", - "Kommersant"a müsahibəsində bildirib.

Randelinin fikrincə, ölkədə islahatların aparılması planında çox işlər görülüb, dinamika var, baxmayaraq ki, bu, sosial planda ağırdır. "Lakin müxalifət hesab edir ki, mürəkkəb islahatları beş dəqiqəyə həyata keçirmək və onlardan bəhrələnmək mümkündür. Bu, mümkün deyil. Gürcüstana vaxt lazımdır", - o, deyib.

Gürcü ekspert Andro Barnov hesab edir ki, Gürcüstan parlamenti qarşısında Xalq nümayəndələri yığıncağının aksiyası ölkədəki vəziyyəti "partlatmaq cəhdidir".

"Xalq nümayəndələri yığıncağının aksiyası Gürcüstanın dövlət maraqlarına və ölkədəki sabitliyə qarşı yönəlib", - Barnov Trend-ə bildirib.

Ekspert qeyd edib ki, aksiya ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlib ki, bu da gürcü xalqının marağında ola bilməz.

"Bu aksiya, həmçinin hakimiyyətlə müxalifət arasında seçki mühitinin yaxşılaşdırılması ilə bağlı danışıqlar prosesinə qarşı yönəlib", - o, bildirib və bu danışıqların müsbət proses olduğunu qeyd edib. Çünki hakimiyyətin yeganə legitim yolla - seçkilər yolu ilə dəyişdirilməsinin təmin edilməsini nəzərdə tutur.

Lakin, gürcü ekspertin fikrincə, keçirilən aksiya müxalifətə xalqın etimadını qaytara biləcək siyasi prosesin başlanğıcını qoydu.

"İndiyədək ölkədə siyasi proses olmayıb və müxalifətə xalqın etimadını qaytarmaq üçün o, başlamalıdır", - ekspert Giya Xuxaşvili Trend-ə bildirib.

O, hesab edir ki, noyabrın 25-də parlamentin qarşısına toplaşan adamların sayı "işlərin bugünki vəziyyətindən çıxmaq üçün tamamilə kifayətdir".

Etirazçı elektorat iki-üç aydan sonra formalaşacaq. Xuxaşvili belə hesab edir.

Onun sözlərinə görə, aksiya təşkilatçıları qarşılarına noyabrın 25-də radikal aksiyanın keçirilməsi məqsədi qoymayıblar.

"Aksiya uzun müddətə nəzərdə tutulub və heç kim bir günlük aydınlaşdırmaya arxayın olmayıb. Çünki belə aydınlaşdırmanın gözlənilməz nəticələri ola bilər", - Xuxaşvili hesab edib və gürcü cəmiyyətinin birgünlük siyasi qərarların qəbul edilməsinə deyil, uzunmüddətli siyasi proseslərin getdiyinə alışmalı olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti