...

Azərbaycanın müxalif Müsavat Partiyasının Məclis sədrinin istefasının səbəbi məlum olub

Siyasət Materials 30 Noyabr 2010 18:33 (UTC +04:00)
Sülhəddin Əkbərin partiyanın seçkili qurumundan istefa verməsinin, İbrahim İbrahimlinin partiyadan istefa verməsinin kökündə partiya daxilində antoqonist xarakter daşıyan fikir ayrılığı dayanır.
Azərbaycanın müxalif Müsavat Partiyasının Məclis sədrinin istefasının səbəbi məlum olub

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Hacıyev/

Sülhəddin Əkbərin partiyanın seçkili qurumundan istefa verməsinin, İbrahim İbrahimlinin partiyadan istefa verməsinin kökündə partiya daxilində antoqonist xarakter daşıyan fikir ayrılığı dayanır. Bu barədə çərşənbə axşamı Trend-ə Müsavat partiyasının Şura üzvü, Sülhəddin Əkbərin seçki dövründə səlahiyyətli nümayəndəsi olmuş Kəramət Salayev bildirib.

Noyabrın 29-da Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər tutduğu vəzifədən, Divan üzvü İbrahim İbrahimli isə partiya sıralarından istefa verib. Əkbər bu hərəkətini partiyanın strateji kursu ilə razılaşmamağı ilə əlaqələndirib. İbrahim İbrahimli isə partiya rəhbərliyinin ona etimad göstərmədiyini əsas gətirərək partiya sıralarını tərk edib.

"Bu günə qədər Sülhəddin Əkbərin də, İbrahim İbrahimlinin də AXCP-nin Müsavat ilə birləşməsi ilə bağlı apardığı siyasətdən partiya daxilində narahat olan qüvvələr var idi. Hər iki şəxsin partiyadan istefa verməsinə səbəb onların partiyada birləşmə ilə bağlı tutduğu xətlər idi. Mətbuatdan da məlum idi ki, Müsavatın daxilində bəzi insanlar bu birləşmənin əleyhinə idi. Məhz bunun nəticəsində hər iki şəxs istefa verdi", - Salayev əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyaların birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik, liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti