...

Azərbaycanın müxalif Müsavat Partiyası baş verən istefalarla bağlı bəyanat verib

Siyasət Materials 1 Dekabr 2010 18:12 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası partiyanın Məclis sədri Sülhəddin Əkbərin və Divan üzvü İbrahim İbrahimlinin istefası ilə bağlı bəyanat verib.
Azərbaycanın müxalif Müsavat Partiyası baş verən istefalarla bağlı bəyanat verib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyası partiyanın Məclis sədri Sülhəddin Əkbərin və Divan üzvü İbrahim İbrahimlinin istefası ilə bağlı bəyanat verib. Bu barədə məlumatı çərşənbə günü partiyanın mətbuat xidməti yayıb.

"Müsavat Partiyası İbrahim İbrahimli və Sülhəddin Əkbərin bir gün sonra yaydıqları bəyanatı təəccüblə qarşılayıb. Belə ki, İbrahim İbrahimli və Sülhəddin Əkbər həmin bəyanatlarında Müsavat Partiyası sıralarını tərk etdiklərini bildirib, bunun səbəbi kimi guya Müsavat Partiyasının Divanında müxalifətin inteqrasiyası ilə bağlı aparılan müzakirələr nəticəsində Divan üzvlərinin əksəriyyətinin müxalifətin inteqrasiyasında maraqlı olmamalarını, o cümlədən Müsavat və AXCP-nin birləşməsi ilə bağlı mənfi qərarın qəbul edilməsini göstəriblər", - bəyanatda qeyd olunub.

Bəyanatda o da bildirilib ki, hər iki partiya funksionerinin partiya sıralarını tərk etməsi partiya üzvlərinin təəssüfünə səbəb olub. Bununla belə, bəyanatda partiyanın müxalifətin inteqrasiyası yolundan dönmədiyi qeyd olunub.

"Müsavat Partiyası bəyan edir ki, Rəsulzadə-Elçibəy yoluna bağlı olan siyasi qüvvələrin bir araya gəlməsi, nüvəsində Müsavat və AXCP-nin dayandığı siyasi birliyin yaradılmasını dəstəkləyir, o cümlədən bu yolda olan partiyaların vahid bir təşkilatda birləşməsi ideyasını mümkün sayır", - bəyanatda vurğulanıb.

Noyabrın 29-da Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər tutduğu vəzifədən, Divan üzvü İbrahim İbrahimli isə partiya sıralarından istefa verib. Əkbər bu hərəkətini partiyanın strateji kursu ilə razılaşmamağı ilə əlaqələndirib. İbrahim İbrahimli isə partiya rəhbərliyinin ona etimad göstərmədiyini əsas gətirərək partiya sıralarını tərk edib.

Hər iki siyasətçinin noyabrın 30-da yaydığı birgə bəyanatda qeyd olunub ki, istefa vermələrinə səbəb Müsavatın daxilində bəzi qüvvələrin AXCP-Müsavat birliyinə mane olmasıdır.

Xəbər lenti

Xəbər lenti