...

İranla İsrail arasında hərbi münaqişə sərfəli olsa da, bəzi ərəb ölkələri üçün fəlakətli nəticələr törədə bilər – ekspertlər

Siyasət Materials 4 Dekabr 2010 13:08 (UTC +04:00)
Bəzi ərəb ölkələri İranla İsrail arasındakı hərbi münaqişədə maraqlı olsalar da, onun fəlakətli miqyas ala biləcək nəticələrindən narahatdırlar. Ekspertlər belə hesab edirlər.
İranla İsrail arasında hərbi münaqişə sərfəli olsa da, bəzi ərəb ölkələri üçün fəlakətli nəticələr törədə bilər – ekspertlər

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir T.Konyayeva/

Bəzi ərəb ölkələri İranla İsrail arasındakı hərbi münaqişədə maraqlı olsalar da, onun fəlakətli miqyas ala biləcək nəticələrindən narahatdırlar. Ekspertlər belə hesab edirlər.

"WikiLeaks"in materiallarında göstərilən bəzi ərəb ölkələri nəinki hərbi ssenari qururlar, həm də İranla İsrailin hərbi toqquşmasını özləri üçün optimal hesab edərək, ölkələri ona təhrik edirlər, çünki bu münaqişə ərəb dünyasının iki tarixi düşmənini zəiflədəcək", - Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski elektron poçtla Trend-ə bildirib.

Noyabrın sonlarında məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

Həmin sənədlər İrandakı vəziyyətlə bağlı ərəb dünyasının ciddi narahatlığını əks etdirir. Belə ki, Səudiyyə Ərəbistanı Kralı ABŞ-ı dəfələrlə nüvə proqramına son qoymaq üçün İrana hücum etməyə çağırıb. Sənədə görə, 2008-ci ilin aprelində Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Pentaqonun nümayəndələri ilə görüşündə yenidən bu xahişi səsləndirərək bəyan edib: "Siz [amerikalılar] ilanın başını əzməlisiniz". Bəhreyn kralı Həmad ibn İsa ötən ilin noyabrında nəyin bahasına olursa-olsun İranın nüvə proqramının dayandırılması barədə danışıb.

Dərc olunan sənədlərə görə, İran Misirdə, BƏƏ-də və İordaniyada "şər" və "dəyişməz" təhlükə kimi dəyərləndirilir.

Satanovskinin fikrincə, şiələrin yəhudilərlə müharibəsinin ssenarisi "Əl-Qaidə"yə rəğbət bəsləyən mühafizəkar sünni ruhaniləri üçün idealdır. Buna baxmayaraq, onlar bunula bağlı israillilərlə birbaşa açıq əlaqələr qura bilmirlər və bunu diplomatik kanallar, o cümlədən ABŞ vasitəsilə edirlər.

Rusiyalı ekspert hesab edir ki, ərəb dünyası "Fələstin xalqının hüquqları" məsələsi istisna olmaqla, həm formal, həm də faktiki olaraq bir olmayıblar, deyillər və olmayacaqlar.

Satanovskinin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun "WikiLeaks"in İranla bağlı dərc etdirdiyi materiallara reaksiyasına gəldikdə, aydındır ki, onun sözləri [Netanyahunun] həqiqətə tam uyğundur və nəşrlər "Polişinelin sirrini" açıb.

"Nüvə silahı əldə edən İran İsrail və Yaxın Şərqdə sülh və bütün bəşəriyyət üçün ciddi təhlükədir. Yaxın Şərq liderləri uzun müddət gizli danışdıqlarını bundan sonra açıq şəkildə danışacaqlar", - İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi bildirib.

İsrailin Baş naziri güman edir ki, İran hücum edərsə, məhz İsrail "bu hücumun birinci, lakin sonuncu olmayan hədəfi olacaq".

"WikiLeaks"in sənədləri arasında müdafiə naziri Ehud Barakın dediyi sözlər də yer alıb. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə yalnız 2010-cu ilin sonlarınadək zərbə endirməyin mənası ola bilər. 2010-cu ildən sonra "istənilən hərbi həll yolverilməz ziyana gətirib çıxara bilər".

Amerikalı ekspert Vladimir Sokor hesab edir ki, İrana hərbi hücum region ölkələri də daxil olmaqla bütün ölkələr üçün ağır nəticələrə gətirib çıxaracaq.

"Təkcə neftin qiymətləri, Fars körfəzinin blokadası, İrandan qaçqın axını və Tehran tərəfinin bu hücuma görə cavabdeh hesab etdiklərinə qarşı düşmənçiliyi barədə düşünməyə dəyər", - Corctaun Fondunun (Vaşinqton) əməkdaşı Sokor Trend-ə bildirib.

Sokorun sözlərinə görə, Səudiyyə Ərəbistanı beynəlxalq arenada vacib oyunçu deyil və onun tərəfindən belə bəyanatlar bu ölkə hakimiyyətinin kamil olmadığını sübut edir.

"İrana hücumun mümkünlüyü ilə bağlı bir çox spekulyasiyalar mövcuddur. Buna baxmayaraq, bu hücumun ən böyük əleyhdarı Pentaqondur. Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri, admiral Mayk Mallen İran probleminin hərbi yolla həllinin ən qatı əleyhdarlarından biridir", - o, deyib.

Sokor İsrailin İrana münasibətində öz hədələrində ciddi olub-olmadığına əmin deyil. Onun fikrincə, belə təhdidlərdə məqsəd əsasən, ABŞ və Qərbi Avropa hakimiyyətlərini qorxutmaq və hücumlardan qaçmaq üçün onları İrana qarşı daha çox iqtisadi sanksiyalar tətbiq etməyə yönəltməkdir.

"Bu, İsrailin Vaşinqtonda istifadə etdiyi, eləcə də Vaşinqtonun öz növbəsində Avropada həyata yürütdüyü diplomatik taktikadır. Fikirlərin məntiqi zənciri belədir: İsrail hücumla hədələyir, Vaşinqton bəyan edir ki, biz İrana hücumdan qaçmaq üçün sanksiyalar tətbiq etməliyik, daha sonra Vaşinqton BMT TŞ-nin sanksiyаlar tətbiq etməsini dəstəkləmək üçün Qərbi Avropaya müraciət edir", - o, deyib.

Amerikalı ekspertin sözlərinə görə, indiyədək İsrailin hədələri BMT TŞ tərəfindən İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə hesablanmış siyasi jest kimi görünür.

"Belə hədələrə inanmağa dəyməz. Lakin bu hədələr çox zərərlidirlər, çünki İrana hücum haqqında ideyalara güc verir, bu məsələni müzakirələr üçün ənənəvi mövzu edir", - Sokor deyib.

Lakin Sokorun fikrincə, belə hədələrin daha mənfi nəticələri İsraillə İran arasında siyasi dialoq üçün maneədir.

"İsrail və İran bir-birlərini hədələdikcə, iki ölkə arasındakı münasibətlərə yenidən baxıla bilməz. Bu ölkələr İranda şahın idarəçiliyi dövründə müttəfiq olublar. Odur ki, İsraillə İranın daimi düşmən olmaları üçün tarixi səbəb yoxdur", - o, deyib.

İranın İsraillə diplomatik əlaqələri yoxdur və onu dövlət kimi tanımaqdan imtina edir. İran Prezidenti Mahmud Əhmədinejad müntəzəm olaraq İsrailin tezliklə süqut edəcəyi barədə danışır.

Londonda yaşayan iranlı ekspert Əlirza Nurizadə Fars körfəzindəki ərəb ölkələrinin İranın nüvə proqramını region üçün ciddi təhlükə mənbəyi hesab etmələri ilə razılaşır və hesab edir ki, İran əldə etdiyi nüvə silahından onlara qarşı istifadə edə bilər.

"Əgər iran nüvə silahı yaradarsa, onda ABŞ və İsrail tərəfdən ona hücumlar qaçılmaz olacaq, baxmayaraq ki, ABŞ və İsrail İrana qarşı hərbi qüvvə tətbiq etmək istəmirlər", - Ərəbistan-İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əlirza Nurizadə Londondan telefonla Trend-ə bildirib.

Onun fikrincə, ərəb ölkələri İrana hücum nəticəsində öz ölkələrində müharibənin başlayacağından ehtiyat edirlər.

Lakin Yaxın Şərq və İran-ərəb münasibətləri üzrə iranlı ekspert Həsən Hanizadə hesab edir ki, Netanyahunun söylədikləri həqiqətə uyğun deyil, çünki İranla ərəb ölkələri arasındakı mövcud fikir ayrılıqlarına baxmayaraq, ərəb ölkələrinin İrana düşmən münasibət bəsləməsi üçün əsas yoxdur.

"Ərəb dövlətləri liderlərinin İrana münasibətdə mövqeyi bu ölkələrin xalqları baxımından fərqlənir. İsraillə mübarizədə İran ərəb dünyası üçün nümunədir. İrana hər hansı hücum baş verərəsə, bu ərəb və müsəlman xalqlarında reaksiya doğuracaq ki, bu da həmin ölkələrin liderləri üçün problem yaradacaq", - Hanizadə Tehrandan telefonla Trend-ə bildirib.

hanizadə Fars körfəzi ölkələrinin İranın nüvə proqramı ilə bağlı narahalığı barədə qeyd edib ki, hazırda Misir, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ərəb ölkələri mülki məqsədlər üçün istifadə etmək üçün nüvə enerjisi istehsal etməyi planlaşdırırlar, ona görə də onlar başqa ölkələri dinc nüvə fəaliyyətinə görə qınaya bilməzlər.

Materialların hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti