Gürcüstan, Tbilisi, 13 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya tərəfinin son hərəkətləri ilə bağlı Rusiya Federasiyasına etiraz notası göndərib.
Bu gün brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin bildirdiyinə görə, etiraz notasında Rusiya tərəfinin Tbilisinin böyük narahatlığına səbəb olan hərəkətləri öz əksini tapıb.
Kalandadzenin sözlərinə görə, onlar arasında separatçı Tsxinvali rejiminin Axalqor rayonunda etnik gürcü əhalinin uçota alınması və onların əmlakının müsadirə olunması, eləcə də işğal olunmuş ərazilərdə "Smerç" tipli raket sisteminin yerləşdirilməsi ilə bağlı qərarlar var.
"Belə silah növünün yerləşdirilməsi Avropada adi silahların məhdudlaşdırılması haqqında Müqavilə ilə qadağan olub. Rusiya bu müqavilədən çıxdığını elan edəndə, biz ehtiyat edirdik ki, onlar işğal olunmuş ərazilərdə yerləşdiriləcək", - o, qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan XİN bütün tərəfdaş dövlətlərə də müraciət edib və onları Rusiya tərəfinin bu hərəkətləri ilə bağlı göndərilən rəsmi nota ilə məlumatlandırıb.