...

KTMT-nin müdaxiləsi MDB ərazisindəki hərbi münaqişələri yalnız gərginləşdirə bilər – ekspert Sergey Yejkov

Siyasət Materials 13 Dekabr 2010 15:13 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müstəqil Dövlətlər Birliyi (MDB) ərazisində münaqişələrə müdaxiləsi onları yalnız gərginləşdirə bilər. Müstəqil özbək politoloqu Sergey Yejkov bu fikirdədir.
KTMT-nin müdaxiləsi MDB ərazisindəki hərbi münaqişələri yalnız gərginləşdirə bilər – ekspert Sergey Yejkov

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir V.Javoronkova/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müstəqil Dövlətlər Birliyi (MDB) ərazisində münaqişələrə müdaxiləsi onları yalnız gərginləşdirə bilər. Müstəqil özbək politoloqu Sergey Yejkov bu fikirdədir.

"Ölkələr daxilində [MDB] çoxlu ziddiyyətlər mövcuddur və KTMT-nin bu ərazilərdə münaqişələrin həllinə istənilən müdaxiləsi münaqişənin genişlənməsinə xidmət edəcək", - Trend-ə telefonla Daşkənddən Yejkov bildirib.

Özbəkistan KTMT-yə üzv ölkələri təşkilata üzv ölkələr daxilində zorakılığın qarşısının alınması üçün kollektiv gücdən istifadə məsələsinə ehtiyatla yanaşmağa çağırır.

"KTMT-nin təyinatı ilk növbədə KTMT dövlətləri və MDB məkanındakı ölkələr arasında qarşıdurmaların həllində və müxtəlif aydınlaşdırmalarda iştirak deyil, təşkilatın iştirakçı ölkələrinin xarici təhlükədən qorunmasıdır", - cümə günü Özbəkistan Prezidenti İslam Kərimov Moskvada KTMT-nin sammitində bəyan edib.

Ekspert hesab edir ki, özbək liderinin belə mövqeyi "kifayət qədər əsaslandırılmış və məntiqli" dir.

"Özbəkistan Prezidentinin postsovet məkanının siyasi qüvvələrinin məhz xarici təhdiddən təhlükəsizliyinin təmini üçün bir araya gəlməsini başa düşməsi göz qabağındadır", - Yejkov qeyd edib.

Ekspertin fikrincə, MDB-nin ərazisində hərbi münaqişələrə "silah üzrə dostlar"ın istənilən hərbi müdaxiləsi mənfi effekt verəcək. Birlik ərazisində münaqişələr dedikdə, həm mövcud olanları, həm də dondurulmuş münaqişələri başa düşmək lazımdır", - Yejkov qeyd edib.

MDB ərazində dondurulmuş münaqişələrdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hesab edilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Yejkovun sözlərinə görə, Özbəkistan hansısa millətlərarası və ya etniklərarası münaqişələrin həlli üçün öz hərbçilərini göndərməkdə hamıdan az maraqlıdır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeddi ölkənin - Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın hərbi-siyasi ittifaqıdır. 2009-cu ilin fevralında KTMT ölkələri operativ reaksiya üzrə kollekiv qüvvələrin (ORKQ) yaradılması haqqında qanun layihəsi razılaşdıraraq, imzalayıblar. ORKQ-nin "hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotrafiklə mübarizədə, eləcə də fövqəladə halların nəticələrinin ləğv edilməsi üzrə xüsusi əməliyyatların keçirilməsində istifadə olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti