...

Naxçıvanda Azərbaycanın hərbi birləşmə və hissələrinin birgə taktiki təlimi keçirilib

Siyasət Materials 16 Dekabr 2010 10:55 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi birləşmə və hissələrinin birgə taktiki təlimi keçirilib.
Naxçıvanda Azərbaycanın hərbi birləşmə və hissələrinin birgə taktiki təlimi keçirilib

Azərbaycan, Naxçıvan, 16 dekabr /Trend, müxbir A.Məmmədov/

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi birləşmə və hissələrinin birgə taktiki təlimi keçirilib.

Sərhəd Qoşunlarının bölmələrində istifadə edilən atıcı silahlar, optik və gecəgörmə cihazları, Azərbaycanın hərbi sənaye müəssisələrində modernləşdirilmiş silahlar və beş min metrədək gecə və gündüz düşmənin zirehli texnikasını məhv etmək qabiliyyətinə malik olan "Kornet" tipli idarə olunan raket kompleksi nümayiş etdirilib.

NMR Ali Məclisinin sədri Vasif Talıbov xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin döyüş hazırlığı ilə maraqlanıb.

Təlimdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin texnikası və xüsusi vasitələri də nümayiş etdirilib.

Hərbi əməliyyatı maddi-texniki vasitələrlə təmin etmək üçün hərbi korpusun motoatıcı briqadasının arxa cəbhəsində səhra əşya, ərzaq, raket, artilleriya silahları anbarları, 100 nəfərlik səhra tibb məntəqəsi, səhra hamamı və camaşırxanası, çörək zavodu, ərzaqla təminat, yanacaqdoldurma məntəqələri yaradılıb.

Hərbi təlimlərdə, həmçinin Daxili Qoşunların təminatında olan müasir texnikanın döyüş imkanları nümayiş etdirilib, müxtəlif çaplı silahlardan atəş açılıb, təyin olunmuş şərti hədəflər məhv edilib.

Xüsusi təyinatlı və kəşfiyyat bölmələri ən müasir lazer, optik gündüz və gecəgörmə cihazları, uzaq və yaxın məsafələrə yüksək dəqiqliklə atəş açmağa imkan verən səssiz silahlar, dağ şəraitində etibarlı rabitə əlaqəsi yaradan fərdi rabitə vasitələri, müxtəlif iqlim şəraitində istifadə olunan geyim formaları ilə təchiz edilib.

Təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Azərbaycanın dövlət bayrağının rənglərinin əks olunduğu paraşütlə desantın vertalyotdan atılması ilə təlim başa çatıb.

Xəbər lenti

Xəbər lenti