...

Azərbaycan müxalifətinin yeni birliyi ilə bağlı razılıq əldə edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Dekabr 2010 13:53 (UTC +04:00)

RED. əlav.: Dördüncü abzasdan sonra ADP sədri Sərdar Cəlaloğlunun açıqlaması və "Qarabağ" bloku haqqında arayış əlavə olunub.

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir T.Hacıyev/

"Qarabağ" seçki blokunun Sədrlər Şurasının cümə axşamı Ümid Partiyasının qərargahında növbəti toplantısı keçirilib.

Toplantıda "Qarabağ" seçki blokunun seçki prosesində iştirakı, fəaliyyəti, bloka olan münasibətlər ətrafında geniş fikir mübadiləsi aparılıb və yekdil rəylə "Qarabağ" seçki bloku buraxılmış elan edilib.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak ediblər.

ADP sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq seçki blokları seçkidən sonra fəaliyyətlərini dayandırmalıdırlar.

"Artıq seçki prosesi rəsmən başa çatdığına görə "Qarabağ" seçki blokunun fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdik. Eyni zamanda, bu blokun siyasi blok kimi fəaliyyətini davam etdirməsi barədə müzakirələrə başladıq. "Qarabağ" siyasi blokunun yaradılması ilə bağlı ilkin razılıq əldə etmişik", - Cəlaloğlu əlavə edib.

Partiya sədri bildirib ki, blok digər təşkilatlar üçün də açıqdır və onlar da bu bloka qoşula bilər.

Ümid Partiyasının və ADP-nin sədrləri avqustun 25-də seçkilərdə birgə iştirak etmək üçün "Qarabağ" seçki blokunu yaratmaq barədə qərar qəbul etmişdilər. Aydınlar Partiyası da sonradan bu bloka qoşulmuşdu. Blok Parlament seçkilərində 93 dairə üzrə namizəd irəli sürmüşdü. Lakin blokun yalnız bir nümayəndəsi mandat qazanıb.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandate almaq uğrunda mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti