Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan gömrükçüləri İran və Türkiyədən mobil telefonların qaçaqmalçılığı ilə məşğul olan şəxsi saxlayıblar.
Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin rəsmi internet saytının yaydığı məlumatda bildirilir ki, Türkiyə və İrandan qaçaqmalçılıq yolu ilə mobil telefonların Naxçıvan Muxtar Respublikasına, oradan isə Bakıya gətirilməsi haqqında məlumat daxil olub.
254 saylı Naxçıvan-Bakı aviareysi ilə gələn təyyarədən yüklər boşaldılarkən Azərbaycan vətəndaşı Sadıqov Pərvin Ağasəf oğluna məxsus yükə baxış keçirilərkən 28 ədəd "Samsung GT-C5212", 28 ədəd "Samsung-S5230" markalı, idxal sənədləri olmayan mobil telefonlar, aksessuarları ilə birlikdə aşkar olunaraq protokol əsasında götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.