...

AXCP-Müsavat birliyi prosesi başlamamışdan iflasa uğramışdı – partiya sədri İqbal Ağazadə

Siyasət Materials 11 Yanvar 2011 16:51 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları arasında birlik prosesi başlamamışdan iflasa uğramışdı.
AXCP-Müsavat birliyi prosesi başlamamışdan iflasa uğramışdı – partiya sədri İqbal Ağazadə

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları arasında birlik prosesi başlamamışdan iflasa uğramışdı. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

"Mən o zaman da gördüyümü demişdim. Hesab edirdim ki, bu proses bitib və Müsavat-Cəbhə birliyi baş tutmayacaq. Bunu görməmək sadəcə olaraq siyasi prosesləri və həmin təşkilatların xüsusiyyətlərini bilməməkdən irəli gələ bilərdi. Biz isə siyasi prosesləri də, həmin təşkilatların prosesə yanaşmasını da aydın bildiyimiz üçün qənaətimizi ifadə etmişdik və qənaətimizdə də doğru idik", - Ağazadə əlavə edib.

Ağazadə hesab edir ki, cəmiyyət AXCP-Müsavat birliyindən heç nə gözləməməlidir.

"Cəmiyyət daha yeni şeylərə baxmalıdır. Bu prosesin arxasında nəsə sehirli bir şey axtarmamalıdır ki, birdən nəsə ola bilər", - o qeyd edib.

Müsavat Partiyasında baş verən istefalara gəlincə, Ağazadə şərh verməkdən imtina edib.

"Mən Müsavat Partiyasında gedən proseslərə partiya daxilində baş verən hadisələr kontekstində yanaşıram. Ona görə də partiyadaxili kontekstdə deyə biləcəyim heç bir şey yoxdur. Partiyanın daxili işlərinə müdaxilə etmək niyyətim yoxdur. Bu, cəmiyyətdə baş verən proseslərin nəticəsi deyil, partiya daxilində baş verən proseslərdir", - partiya sədri vurğulayıb.

Son dövrlər Azərbaycanın müxalif Müsavat Partiyasının dörd funksioneri - Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiyadan istefa verib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı yanvarın 10-da Trend-ə açıqlamasında bildirib ki, Müsavat Partiyası Məclisinin son sessiyasında AXCP ilə birləşməmək haqqında qərar qəbul olunub. Müsavat Partiyasının Məclisi AXCP ilə müttəfiqlik münasibətlərinin qorunub saxlanılması və daha da dərinləşdirilməsi ilə əlaqədar qərar qəbul edib. Müsavat Partiyasının Məclisi partiyanın ali orqanıdır və burada qəbul olunmuş qərar onun mövqeyidir.

Xəbər lenti

Xəbər lenti