...

Azərbaycan ilə Rusiyanın birgə keçirdiyi əməliyyat zamanı 22 nəfər məsuliyyətə cəlb olunub (FOTO)

Siyasət Materials 13 Yanvar 2011 17:26 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin birgə keçirdiyi əməliyyat zamanı 22 nəfər məsuliyyətə cəlb olunub.
Azərbaycan ilə Rusiyanın birgə keçirdiyi əməliyyat zamanı 22 nəfər məsuliyyətə cəlb olunub (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin birgə keçirdiyi əməliyyat zamanı 22 nəfər məsuliyyətə cəlb olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Viktor İvanovla görüşündə bildirib. Məlumatı MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

"Birgə həyata keçirilmiş 11 əməliyyat nəticəsində 800 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 22 nəfər məsuliyyətə cəlb olunub", - Mahmudov deyib.

Nazir bildirib ki, qaçaqmalçılıqla mübarizə istiqamətində ötən bir il ərzində milli təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 ton 200 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Görüş zamanı milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Viktor İvanovun Azərbaycana səfərini hər iki dövlətin təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üzrə əməkdaşlıq baxımından vacib addım kimi qiymətləndirib. Nazir Eldar Mahmudov Azərbaycanda cinayətkarlıqla, onun təhlükəli təzahürləri ilə mübarizədə milli təhlükəsizlik orqanları tərəfindən görülən məqsədyönlü tədbirlərlə bağlı ətraflı məlumat verib.

General-leytenant Eldar Mahmudov iqtisadi cəhətdən sürətlə inkişaf edən, ərazisindən keçməklə iri beynəlxalq layihələrin reallaşdığı Azərbaycanın investorlar üçün maraqlı olduğu kimi, transmilli cinayətkar birliklərə də cəzbedici göründüyünü, müxtəlif təhlükəli cinayətlərin əsas maliyyə mənbələrindən olan narkotiklərin qanunsuz dövriyyəsinə cəhdlərin artdığını bildirib və belə hallara qarşı mübarizədə region dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə regionda gedən proseslər, kriminal vəziyyət və ona təsir edən amillər, o cümlədən narkotiklərin qanunsuz istehsalı, kultivasiya olunduğu ehtimal ərazilər, daşınma marşrutları və bundan irəli gələn təhdidlər barədə fikir mübadiləsi aparılıb.

Səmimi və mehriban qarşılandığına, dolğun məlumata görə təşəkkürünü çatdıran Viktor İvanov Rusiya Fedarasiyasının aidiyyəti qurumlarının Azərbaycanın müvafiq strukturları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi ilə birgə transmilli cinayətkarlığa qarşı aparılan mübarizəyə böyük əhəmiyyət verdiyini bildirib.

Qonaq Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onun doğurduğu fəsadlara qarşı məqsədyönlü və səmərəli mübarizə aparıldığını, bu sahədə iki və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafını xüsusi qeyd edib.

Viktor İvanov Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin Azərbaycanın aidiyyəti orqanları ilə əməkdaşlığının bundan sonra daha da möhkəmlənəcəyinə, çevik əməliyyat-məlumat mübadiləsinin genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb, yekun olaraq "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında" saziş imzalanıb.

Azərbaycan milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Viktor İvanov ölkəmizə rəsmi səfərə gəlib.

Yanvarın 13-də qonaqlar və milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup əməkdaşı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək düzülüb. Bundan sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Xəbər lenti

Xəbər lenti