...

Son on beş ildə Azərbaycana 95 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb - Prezident İlham Əliyev (FOTO)

Siyasət Materials 28 Yanvar 2011 01:11 (UTC +04:00)
Əminəm ki, bu gün aparacağımız səmimi danışıqlar və müzakirələr regionumuz haqqında daha çox təəssürat və anlayış yaradacaq. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Asiya regionunun deyil, Qafqazın bir hissəsidir, lakin biz çox yaxınıq, qonşuyuq. Uzun illər ərzində biz bir ölkədə yaşamışıq. Buna görə də bizim bir çox əlaqələrimiz, mədəni və iqtisadi bağlılığımız mövcuddur. İndi isə biz həmin ənənəvi əlaqələrin bərpası və regionda layihələrin daha səmərəli olması üzərində düşünürük.
Son on beş ildə Azərbaycana 95 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb - Prezident İlham Əliyev (FOTO)

Əminəm ki, bu gün aparacağımız səmimi danışıqlar və müzakirələr regionumuz haqqında daha çox təəssürat və anlayış yaradacaq. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Asiya regionunun deyil, Qafqazın bir hissəsidir, lakin biz çox yaxınıq, qonşuyuq. Uzun illər ərzində biz bir ölkədə yaşamışıq. Buna görə də bizim bir çox əlaqələrimiz, mədəni və iqtisadi bağlılığımız mövcuddur. İndi isə biz həmin ənənəvi əlaqələrin bərpası və regionda layihələrin daha səmərəli olması üzərində düşünürük. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimində çıxışı zamanı bildirib.  Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

"Biz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı tərəfdaşlarımızla bir çox məsələlərlə bağlı sıx işləyirik. Biz enerji və nəqliyyat sahəsində çalışırıq. Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Hazırda biz Şərq-Qərb, Şimal-Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində bu, Avropa ilə Asiya arasındakı bağlantıdır. Çünki həmin dəmir yolu Çindən başlayıb Avropaya qədər gedəcəkdir. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaqdır", İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft ölkəsi kimi tanınır. "Bu, tamamilə doğrudur. Çünki dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilib. Sonradan dənizdə neft ilk olaraq yenə Azərbaycanda hasil edilib. Lakin bu gün təbii ki, biz bir sıra mühüm şaxələndirmə layihələri üzərində işləyirik. Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz vardır. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni bazarların tapılması ilə bağlı böyük planlarımız vardır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi, bizim üçün 100 ildən artıq müddətə kifayətdir", Prezident bildirib.

Onun sözlərinə görə, Azərbaycanın şaxələndirilmiş müasir daşıma infrastrukturu vardır. "Hazırda üzərində çalışdığımız məsələ yeni bazarların müəyyən edilməsidir. Əslində biz həmin bazarların yerləşdiyi yeri bilirik. Lakin bu layihənin qarşılıqlı surətdə faydalı olması üçün biz hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqlarını bir araya gətirməliyik. Enerji resursları təbii ki, bizdə əlavə əminlik yaradır. Bunlar qeyri-neft sektoruna sərmayə qoymaq imkanı yaradır və biz bu işi uğurla aparırıq. İqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi bizim əsas məqsədimizdir", İlham Əliyev deyib.

Prezident qeyd edib ki, ölkənin iqtisadi artımı çox sürətli olubdur. Son yeddi il ərzində ÜDM 2,8 dəfə artıb. Bu, təqribən 300 faiz təşkil edir.
"2009-cu ildə böhranın baş verdiyi və neftin qiymətlərinin 4 dəfə aşağı düşdüyü halda iqtisadiyyatımız 9,3 faiz, ötən il isə 5 faiz artmışdır. Hazırda artım əvvəlki illərdəki kimi o qədər böyük deyil, lakin davamlıdır. ÜDM-in strukturu çoxşaxəlidir və daha cəlbedicidir.
Söyləyə biləcəyimiz nailiyyətlərimizdən biri yoxsulluğun azaldılmasıdır. Bu, birbaşa iqtisadi islahatlarımızla bağlı idi. Çünki enerji sektoru çox sayda iş yeri yaratmır. Buna görə də vəsaitlərin neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatımızı müəyyən dərəcədə şaxələndirməyə imkan yaratdı və yeddi il bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun 9 faizə qədər endirilməsini mümkün etdi. Bu rəqəm gələn illər ərzində daha da aşağı olacaqdır", ölkə başçısı bildirib.

Prezident bildirib ki, Azərbaycan təhsil sahəsinə böyük sərmayələr yatırır. Rəqabətə davamlılıq baxımından Azərbaycan iqtisadiyyatını Dünya İqtisadi Forumu yüksək qiymətləndirir. "Hazırda biz uğurlu və davamlı gələcəyi təmin edəcək iqtisadiyyatın sektorları üzərində çalışırıq. Biz gələcəyimizi regionda yaxşı mövqeyə və qonşularla yaxşı münasibətlərə, o cümlədən Avropa ilə strateji əlaqələrə malik olduqca dinamik və inkişaf etmiş ölkə kimi görürük. Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulub. Biz avropalı tərəfdaşlarımızla həyatımızın bütün sahələrini əhatə edən bu proqramın reallaşdırılması üzərində işləyirik. Biz iqtisadi və siyasi islahatları paralel şəkildə aparırıq. Ölkəni müasirləşdirmək, davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün əlbəttə ki, biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq", İlham Əliyev deyib.

Prezident xatırladıb ki, bu il ölkə müstəqilliyinin 20 illiyini qeyd edəcək. "Keçdiyimiz yol asan olmayıb. Bu dövr ərzində, xüsusən də müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşmişik. İqtisadi, siyasi, hərbi böhran baş verirdi. Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsi işğal edildi. Lakin biz səylərimizi səfərbər edə bildik və müstəqillik fürsətini əldən qaçırmadıq. İqtisadi və siyasi nöqteyi-nəzərdən bu gün Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan və gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir", ölkə başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan ölkə daxilində və xaricində əmin-amanlıq istəyir, Avropa və beynəlxalq maliyyə təsisatları ilə güclü əlaqələrin olmasının tərəfdarıdır. "Fikrimcə, xarici sərmayələrin cəlb olunması sahəsində əldə etdiyimiz təcrübə bu yolda ilk addımlarını atan ölkələr üçün faydalı ola bilər. Biz olduqca münbit sərmayə mühiti yaratmalı idik. Son 15 il ərzində Azərbaycana 95 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu sərmayələrin demək olar ki, yarısı xarici sərmayələrdir. Biz sərmayələrin qorunması üçün güclü hüquqi baza yaratmışıq və bütün əsas enerji müqavilələrimiz parlament tərəfindən təsdiq olunur və qanun qüvvəsini almaq məqsədi ilə Prezident tərəfindən imzalanır. Bu o deməkdir ki, hətta biz istəsək belə həmin müqavilələrin şərtlərini dəyişdirmək hüququmuz yoxdur. Bu isə ən vacib amildir. Çünki sərmayədar, xüsusən də regionumuzdakı xarici investorlar 100 faiz əmin olmalıdırlar ki, sərmayələr qorunacaq və heç kim artıq imzalanmış müqavilələrdəki şərtləri dəyişdirməyə çalışmayacaqdır.
Mən təşkilatçılara, xüsusən də avstriyalı dostlarımıza bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, biz Avstriya ilə Azərbaycan arasındakı yaxşı siyasi və iqtisadi münasibətlərdən çox məmnunuq. Hazırda Avstriya şirkətləri ölkəmizdə mehmanxana və xizəksürmə istirahət mərkəzinin tikintisi ilə məşğuldurlar. Onlar iqtisadiyyatımıza sərmayə yatırırlar və ümidvaram ki, bu müsbət meyillər davam edəcəkdir. Çox sağ olun", Prezident nitqinin sonunda bildirib.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti