Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Avropa Şurası Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov çərşənbə günü "Azərbaycan və Avropa Şurası: insan hüquqları sahəsində əməkdaşlıq" mövzusunda Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da bildirib.
"Avropa Şurası Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin etməklə böyük səhvə yol verdi. Ermənistanda millət vəkilləri həbsdədir, lakin AŞ orada siyasi məhbusların azadlığa buraxılmasını tələb etmir", - Seyidov bildirib.
Millət vəkili hesab edir ki, bununla da AŞ öz fəaliyyətini məhdudlaşdırır.
Seyidov çıxışında onu da qeyd edib ki, qurumun qış sessiyasında Yaxın Şərq ölkələrində xristianlara qarşı zorakılıq məsələsi müzakirəyə çixarılıb. "Həmin sənəd layihəsində Azərbaycanda xristianların ibadət etməsinə qadağaların qoyulduğu qeyd edilmişdi. Biz bu bəndin çıxarılmasına nail olduq. Çünki Azərbaycanda cəmi 350 katolik var, onlar üçün Bakının mərkəzində kilsə tikilib, ölkədə bütün dinin nümayəndələrinin ibadəti üçün imkanlar yaradılıb", - Seyidov bildirib.
Azərbaycanlı milət vəkili AŞ-də qərəzli, qeyri-obyektiv qərarların qəbul edilməsindən təəsüfləndiyini bildirərək, Azərbaycanın maraqlarının yüksək səviyyədə müdafiə edilməli olduğunu qeyd edib.