...

Aİ İranı dinc nümayişçilərə qarşı güc tətbiqindən çəkinməyə çağırır

Siyasət Materials 15 Fevral 2011 20:52 (UTC +04:00)
Avropa İttifaqının beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İran hakimiyyətini dinc nümayişçilərə qarşı güc tətbiqindən çəkinməyə çağırır.
Aİ İranı dinc nümayişçilərə qarşı güc tətbiqindən çəkinməyə çağırır

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İran hakimiyyətini dinc nümayişçilərə qarşı güc tətbiqindən çəkinməyə çağırır. Bu barədə ENPI-nin məlumatında deyilir.

Bazar ertəsi, fevralın 14-də Tehranda saat 11:30-da Misir və Tunis xalqlarına əvvəlcədən planlaşdırılan dəstək aksiyasının keçirilməsinə başlanılıb. Məlumata görə, nümayişlər İranın İsfahan, Şiraz və Kirmanşah şəhərlərində də keçirilir. Müxalifətin rəsmi /kaleme.com/ saytının məlumatına görə, Şiraz və İsfahan şəhərlərində küçələrə 1000-dən artıq nümayişçi çıxıb, polis mitinq iştirakçılarını qovmağa cəhd edib.

İran milli təhlükəsizlik qüvvələri Tehran şəhərində Azadi və İnqilab meydanlarında aksiyanın dağıdılması zamanı mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

İranın bir çox şəhərlərində, xüsusilə də Tehranda mobil rabitə kəsilib.

Tehranda keçirilən kütləvi aksiya zamanı ən azı 1 nəfər həlak olub, onlarla adam yaralanıb, 100-dən artıq etirazçı həbs edilib.

Eştonun sözlərinə görə, Aİ İranda baş verən hadisələri, xüsusilə də bir neçə müxalifət üzvünün hərkətlərinin məhdudlaşdırılmasını və bu gün küçələrdə keçirilən etirazları diqqətlə izləyir.

Bazar ertəsi İran polisi müxalifət lideri Mir Hüseyn Musəvinin evini mühasirəyə alıb və onun Misir müxalifətçilərinə dəstək aksiyasında iştirakına mane olmaq üçün bütün telefon xətlərini kəsib.

Ötən həftə İran müxalifətinin liderlərindən biri olan Mehdi Kərrubi ev dustağı edilib.

Kərrubi və Musəvi fevralın 7-də DİN-ə məktub göndərərək onlara və tərəfdarlarına fevralın 14-də İmam Hüseyn və Azadlıq meydanlarında Misir və Tunis xalqlarına dəstək aksiyası keçirmək üçün icazə vermək barədə müraciət etdikdən sonra həbs olunublar.

İranın sabiq prezidenti Məhəmməd Xatəmi də ölkənin keçmiş daxili işlər naziri Abdulla Nuri kimi ev dustağıdır.

Bazar ertəsi İranda digər fəallar da həbs olunublar. Onların arasında Məhəmməd Xatəminin hakimiyyəti dövründə polis rəhbəri səlahiyyətlərinin icraçısı olan Əli Bağıri də var.

Eşton İran hakimiyyətini öz vətəndaşlarına hörmət etməyə və onların hüquqlarını, o cümlədən fikir azadlığını və dinc toplaşmaq hüququnu qorumağa çağırıb. "Bu, tam hörmət edilməli olan təməl hüquqlardır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti