Ukrayna, Kiyev, 26 fevral /Trend, xüsusi müxbir E.Hüseynli/
Kiyevdə İslam Konfransı Gənclər forumu və Ukrayna Azərbaycanlı gənclər birliyinin birgə təşəbbüsü ilə Xocalıya Ədalət kampaniyası çərçivəsində BMT- nin və ATƏT- in adı çəkilən ölkədə fəaliyyət göstərən nümayəndəlikləri qarşısında etiraz aksiyası keçirilib.
Ukraynada yaşayan yüzə yaxın gənc BMT-nin və ATƏT-in qarşısında etiraz aksiyası keçirməklə adı çəkilən təşkilatları haqqa və ədalətə səsləyiblər. Erməni qəsbkarları əsrlər boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq və soyqırım siyasətinə görə tarix qarşısında cavab verəcək.
Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan Azərbaycanlı gənclər indiyədək erməni vəhşiliklərinə göz yuman beynəlxalq təşkilatları ikili standartlarından əl çəkməyi tələb edərək BMT və ATƏT-i Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli qərar verməkdə cəsarətli olmağa səsləyiblər .
"Erməni terrorizminə son qoyulsun!", "Qarabağ Azərbaycan Torpağıdır!", "Beynəlxalq təşkilatlar Xocalı Soyqrımına hüquqi siyasi qiymət verməlidir!", " Vəhşilik və qəddarlıq baxımından 20-ci əsrin ən amansız faciəsi olan Xocalı soyqrımı dünya birliyi tərəfindən tanınmalıdır!" şüarlari ilə keçirilən etiraz aksiyasının sonunda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Ukraynada yaşayan gənclər adından hazırlanmış qətnaməni adı çəkilən beynəlxalq təşkilatlarin nümayəndəliklərinə təqdim edib.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.