...

İran və Misir münasibətləri bərpa oluna bilər

Siyasət Materials 10 Mart 2011 09:00 (UTC +04:00)
Hüsni Mübarəkin istefasından sonra İran xarici işlər nazirinin Misir və İran arasında münasibətlərin perspektivinə nikbin yanaşmasına baxmayaraq, indiyədək Misir rəsmiləri diplomatik əlaqələrin bərpası üçün İrana "yaşıl işıq" göstərməyib.
İran və Misir münasibətləri bərpa oluna bilər

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir T.Cəfərov/

Hüsni Mübarəkin istefasından sonra İran xarici işlər nazirinin Misir və İran arasında münasibətlərin perspektivinə nikbin yanaşmasına baxmayaraq, indiyədək Misir rəsmiləri diplomatik əlaqələrin bərpası üçün İrana "yaşıl işıq" göstərməyib. Lakin ekspertlər düşünür ki, Mübarəkdən sonra iki ölkə arasında münasibətlərin bərpası üçün daha əlverişli şərait mövcuddur.

Yaxın Şərq və İran ilə ərəb ölkələrinin münasibətləri üzrə iranlı ekspert Həsən Hənizadənin (Hassan Hanizadeh) fikrincə, Misir və İranın regionun iki böyük islam ölkəsi kimi əlaqələrini inkişaf etdirməsi regiondakı vəziyyəti yaxşılaşdıracaq.

İranın xarici işlər naziri Əli Əkbər Salehi martın 8-də Livanın "əl-Əxbar" qəzetinə müsahibəsində bildirib ki, İran-Misir münasibətlərinin yenidən qurulmasında yeganə problem Hüsni Mübarək idi. Salehi deyib ki, Misir XİN tərəfindən dəvət olunarsa, dərhal Qahirəyə səfər edəcək.

Səudiyyə Ərəbistanında yaşayan türkiyəli ekspert İsmayıl Yaşa isə düşünür ki, Hüsni Mübarək rejimi Tehran və Qahirə arasında olan problemin sadəcə bir hissəsi idi.

"Misir və İran arasında olan problemin digər bir parçası isə İran hakimiyyətinin regionda müxtəlif amillərdən istifadə edərək, daha çox nüfuz qazanmaq istəyi və bu istiqamətdə siyasət yürütməsidir", - Yaşa ər-Riyaddan telefonla Trend-ə deyib.

İranda əhalinin əksəriyyəti şiə, Misirdə isə sünnidir. Hakimiyyətlərə gəldikdə, İranda islam şəriəti üzrə hakimiyyət mövcuddur, Misir isə dünyəvi dövlətdir. Misir, Səudiyyə Ərəbistanı və bir çox sünni məzhəbli ərəb ölkələrinin rəhbərləri İranı regionda şiələri dəstəkləməklə nüfuzunu artırmağa cəhd göstərməkdə ittiham edirlər.

Tehran və Qahirə arasında diplomatik əlaqələr 1979-cu ildə İranda baş vermiş İslam İnqilabından sonra Misirin sabiq İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsi və İsraillə sülh sazişi imzalamasından sonra (Kemp Deyvid sazişi) kəsilib.

İki ölkə arasında siyasi əlaqələrin kəsilməsinə baxmayaraq, Misir və İran arasında az da olsa iqtisadi əlaqələr mövcuddur və son bir ildə iki ölkə arasında hava reyslərinin açılışı barədə müzakirələr aparılıb.

Fevralın 11-də ölkədə davam edən kütləvi iğtişaşlar nəticəsində Misir prezidenti Hüsni Mübarək istefaya getmək məcburiyyətində qalıb.

Hənizadə düşünür ki, Hüsni Mübarək rejiminin süqutu İran və Misir arasında siyasi münasibətlərin inkişaf etdirilməsinə zəmin yaradacaq. "Fikrimcə, İran və Misirin yeni hökuməti arasında münasibətlər yeni səfirlərin təyin edilməsi səviyyəsinə qədər yüksələcək. Misirin hazırkı xarici işlər naziri Nəbi əl-Ərəbidir. O, İranla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. O, Mübarəkin prezidentliyi dövründə də İran-Misir münasibətlərinin yaxşılaşması üçün səy göstərib", - Hənizadə Tehrandan telefonla Trend-ə deyib.

Beynəlxalq Haaqa Məhkəməsinin sabiq hakimlərindən olan və Mübarək hakimiyyətinə qarşı çıxan Nəbi əl-Ərəbi 1978-ci ildə Kemp Deyvid müzakirələri zamanı Misirin hüquqi müşaviri olub. Buna baxmayaraq, İran hakimiyyətinin Fələstində müttəfiqi olan HƏMAS təşkilatının blokadada olmasına dəfələrlə etirazını bildirib.

Yaşanın fikrincə, İran regionda nüfuzunu genişləndirməkdən əl çəkəcəyi təqdirdə, Misir-İran münasibətləri normallaşa bilər. "Salehi Misirə səfər edə bilər, lakin hesab edirəm ki, İranın regionda nüfuzunu artırmaq siyasəti davam edəcəyi təqdirdə, Misirin İranla əlaqələrində dəyişiklik olmayacaq", - Yaşa deyib.

İranın sabiq prezidenti Məhəmməd Xatəminin prezidentliyi dövründə iki ölkə arasında əlaqələrin bərpa edilməsi istiqamətində çoxlu səylər göstərildi, lakin müxtəlif səbəblərdən o qədər də müvəffəqiyyət qazanmadı. Hazırkı Prezident Mahmud Əhmədinejadın prezidentliyinin birinci dövründə də Misir və İran arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində addımlar atıldı. O cümlədən İranın sabiq parlament spikeri Həddad Adilin Misirə səfəri və sabiq prezident Hüsni Mübarəklə görüşü, spiker Əli Laricaninin Misirə səfəri və bundan başqa 2010-cu ilin oktyabr ayında İran prezidentinin müavini, Mədəni İrs və Turzm təşkilatının sədri Həmid Bəqayinin Misirə səfərini nümunə göstərmək olar. Bəqayinin səfərindən sonra 2010-cu il oktyabrın 5-də 30 ildən sonra ilk dəfə olaraq Tehran-Qahirə hava reysləri yenidən fəaliyyətə başladı.

Hənizadənin fikrincə, İran və Misir arasında siyasi əlaqələrin bərpası iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək. "İran Misirdə tekstil sahəsində fəaliyyətini inkişaf etdirməklə, bu ölkənin iqtisadiyyatına kömək edə bilər. Bundan başqa, Misirdə bir çox dini ziyarətgahlar mövcuddur ki, bu da iranlıların diqqət mərkəzindədir. Bu amillər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına təkan verə bilər", - o deyib.

Xəbər lenti

Xəbər lenti