...

Azərbaycan Xarici İşlər nazirinin müavini Türkiyədə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Siyasət Materials 12 Mart 2011 02:32 (UTC +04:00)
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Araz Əzimov, Ankara şəhərinə işgüzar səfəri çərçivəsində cümə günü Türkiyə Respublikası Ordularının Baş Qərargah Rəisi İşıq Koşanerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
Azərbaycan Xarici İşlər nazirinin müavini Türkiyədə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Araz Əzimov, Ankara şəhərinə işgüzar səfəri çərçivəsində cümə günü Türkiyə Respublikası Ordularının Baş Qərargah Rəisi İşıq Koşanerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasındakı əlaqələr barədə müzakirələr aparılmışdır. Bunu Trend-ə Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.

Sonra Nazir müavini A. Əzimov səfirlik tərəfindən Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində təşkil olunmuş "Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə əlaqələri" adlı konfransda ingilis dilində əsas məruzəçi qismində çıxış etmişdir. Konfransda Bilkent Universitetinin idarə heyətinin sədri Əli Doğramacı, universitetin professor və müəllim heyəti, eləcə də çox sayda tələbələr iştirak etmişlər.

Daha sonra Nazir müavini A. Əzimov Türkiyə Respublikasının Xarici İşlər Nazirliyində, Nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əlaqələr, əlaqələrin inkişaf etdirilməsi imkanları, Türkiyə-Ermənistan əlaqələrinin hazırki vəziyyəti, Dağlıq Qarabağ probleminin həlli prosesi və regional təhlükəsizlik məsələləri üzərində ətraflı müzakirələr aparılmışdır.

Ardından Nazir müavini A. Əzimov səfirlik tərəfindən Beynəlxalq Strateji Araşdırmalar Qurumunda (USAK) təşkil olunmuş "Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlər" adlı konfransda ingilis dilində əsas məruzəçi qismində çıxış etmişdir. Konfransda Ankarada akkreditə olunmuş çox sayda diplomatik nümayəndəliklərin rəhbərləri və yüksək rütbəli diplomatları ilə yanaşı, elm adamları, diaspor nümayəndələri, tələbələr və KİV nümayəndələri iştirak etmişlər.

Daha sonra Nazir müavini Araz Əzimov Türkiyənin nüfuzlu televiziya kanallarından biri olan CNN Türk kanalına müsahibə vermişdir.

Bundan əvvəl, cümə axşamı Araz Əzimov Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyində Nazir müavini (Müsteşarı) Firidun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə məsləhətləşmələr həyata keçirmişdir.

Sonra Türkiyə tərəfdən Xarici İşlər Nazirinin Müsteşarının müavini Fatih Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan tərəfdən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov və Səfir Faiq Bağırovun iştirak etdiyi geniş tərkibli görüş həyata keçirilmişdir. Görüş zamanı ikitərəfli əlaqələr, əlaqələrin inkişaf etdirilməsi imkanları, Türkiyə-Ermənistan əlaqələrinin hazırki vəziyyəti, Dağlıq Qarabağ probleminin həlli prosesi və regional təhlükəsizlik məsələləri üzərində ətraflı müzakirələr aparılmışdır.

Daha sonra Nazir müavini Araz Əzimov Türkiyənin nüfuzlu qəzetlərindən biri olan Hürriyet Daily News qəzetinə xüsusi müsahibə vermişdir.

Xəbər lenti

Xəbər lenti