...

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü ilə bağlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 16 Mart 2011 15:31 (UTC +04:00)
MTN-in İctimai əlaqələr mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə təşkil olunan mərasimdən öncə universitetin foyesində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü ilə bağlı konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Pedaqoji Universiteti tərəfindən "Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu" mövzusunda konfrans keçirilib.

MTN-in İctimai əlaqələr mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə təşkil olunan mərasimdən öncə universitetin foyesində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbir iştirakçıları universitetin Heydər Əliyev Muzeyi və Heydər Əliyev Lektoriyası Məktəbi ilə də tanış olublar. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycan, rus və ingilis dilərində nəşr olunmuş "Heydər Əliyev və milli təhlükəsizlik orqanları" adlı kitablar, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, işğalın nəticələrinin doğurduğu fəsadlara dair müxtəlif dillərdə nəşrlər və broşürlər də universitetə hədiyyə edilib.

Konfransın işində Milli Təhlükəsizlik və Təhsil nazirliklərinin məsul əməkdaşları, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Yusif Məmmədov milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin bu quruma göstərdiyi diqqət və qayğıdan danışıb, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında Milli Təhlükəsizlik Nazirliyinin mühüm rolunu qeyd edən rektor, qarşıdan gələn peşə bayramı münasibətilə nazirliyin rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, polkovnik Məmməd Cəfərli Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışıb. Bildirib ki, yaranmasını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən təhlükəsizlik orqanları çətin, keşməkəşli, eyni zamanda, şərəfli tarixi yol keçib.

Ümummilli lider Heydər Əliyevin 25 ildən artıq Azərbaycan təhlükəsizlik orqanlarında çalışdığını və bu quruma rəhbərlik etdiyini vurğulayan idarə rəisi, ulu öndərin xüsusi xidmət orqanlarının formalaşmasında və inkişafındakı rolu barədə danışıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qaydışından sonra ulu öndərin diqqət və qayğısı sayəsində Milli Təhlükəsizlik Nazirliyində işin yenidən qurulduğunu, qurumun fəaliyyətinin təkmilləşdiyini qeyd edən Cəfərli deyib ki, ölkənin müstəqilliyi əleyhinə yönəlmiş təxribatların qarşısının alınmasında, milli maraqların qorunmasında təhlükəsizlik orqanları daim yüksək peşəkarlıq göstərir.

İdarə rəisi milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində Milli Təhlükəsizlik Nazirliyinin son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlardan ətraflı danışıb.

O bildirib ki, işğalçı Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənən terrorçuluq və təcavüzkar separatçılıqla mübarizənin səmərəsinin artırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Ölkə ərazisində terrorçuluq aksiyalarının törədilməsi cəhdlərinin qarşısı alınıb, bu istiqamətdə aparılan uğurlu əməliyyatlar nəticəsində beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan bir sıra silahlı birləşmələr və ekstremist qruplar zərərsizləşdirilib.

Vurğulanıb ki, ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində də uğurlu əməliyyatlar həyata keçirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan çoxlu sayda mütəşəkkil cinayətkar dəstə və ayrı-ayrı şəxslər yaxalanıb və cinayət məsuliyyətinə cəlb olunublar. Ümumiyyətlə, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi xalqımızın milli maraqlarını, o cümlədən genofondunun gələcəyini təhlükə altına aldığından onunla mübarizədə hər kəsin - ölkənin sadə vətəndaşından aidiyyəti dövlət qurumlarınadək hamının öz qüvvəsini səfərbər etməsi vacibdir.

Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq əlaqələri barədə məlumat verən Cəfərli deyib ki, kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır.

Milli mənafelərin qorunması naminə qazanılan nailiyyətlərdən bəhs edən idarə rəisi, milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının bundan sonra da Vətənə, dövlətçiliyimizə sədaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini dərhal yerinə yetirəcəklərinə əminliyini vurğulayıb. Cəfərli bu ali təhsil ocağında elmin sirlərini mənimsəyən tələbələrə daim xalqımızın mənfelərinin qorunması və dövlətimizin qüdrətlənməsi naminə əsl mütəxəssis kimi yetişmələri, onların Vətənə və cəmiyyətimizə layiqli vətəndaş kimi formalaşmaları üçün tədrisdə daha əzmli olmalarını arzulayıb.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xüsusi xidmət orqanlarının Azərbaycanın milli maraqlarının qorunması istiqamətində şərəfli fəaliyyəti haqqında danışıb. Təhlükəsizlik orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini diqqətə çatdıran icra hakimiyyətinin başçısı vurğulayıb ki, məhz ulu öndərin dövlət təhlükəsizlik orqanlarına rəhbərliyi dövründə bu qurumda Vətənə, xalqına sadiq yeni, milli ruhlu peşəkar nəsil yetişib.

Təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Əsgərov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bu sahədə görülən işlərin nəticəsi kimi Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən olduğunu diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Elmar Qasımov belə görüşlərin təşkilinin təqdirəlayiq olduğunu vurğulayıb. O, gəncləri müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanın maraqlarının və mənafelərinin müdafiəsi işində öz bilik və bacarıqlarını əsirgəməməyə, milli dövlətçiliyimiz əleyhinə yönəlmiş təxribatlara qarşı mübarizədə əsl vətənpərvərlik və vətəndaşlıq mövqeyindən cıxış etməyə cağırıb. Son dövrlər dünyanın bir çox ölkələrində baş verən proseslərə diqqət çəkən nazir müavini bildirib ki, gənclər sayıqlığı itirməməli, böyük itkilər bahasına əldə edilmiş müstəqilliyimizi göz bəbəyi kimi qorumalıdırlar.

ADPU-nun Fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov, Tələbə Gənclər Təşkilatının sədri, IV kurs tələbəsi Kamal Zeynallı xüsusi xidmət orqanlarının fəaliyyətinin Azərbaycan dövlətçiliyinin qorunmasına layiqi töhfələr verdiyini bildirib. Çıxış edənlər xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında gənclərin də daim ön sırada olmalarının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti