...

Azərbaycan müxalifətinin radikal qanadı mitinq şousu yaratmaq istəyir - hakim partiya

Siyasət Materials 31 Mart 2011 15:52 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifətin radikal qanadı mitinq şousu yaratmaq istəyir.
Azərbaycan müxalifətinin radikal qanadı mitinq şousu yaratmaq istəyir - hakim partiya

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifətin radikal qanadı mitinq şousu yaratmaq istəyir.

"Müxalifətin radikal qanadı mitinq şousu yaratmaq və bununla da siyasi səhnədə mövcudluğunu göstərmək istəyir, ancaq bu əbəsdir", - bunu cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Qurbanlı deyib ki, Azərbaycanda kütləvi aksiyaların keçirilməsi qanunla tənzimlənir.

"Sərbəst toplaşmaq azadlığı haqqında qanun var və istənilən siyasi partiya və qurum bu qanun çərçivəsində aksiyalar keçirə bilər. Bu aksiyalar Azərbaycanın qanunlarına zidd olacağı halda təbii ki, hüquq-mühafizə orqanları tərəfindən onun qarşısı alınacaq. Bütövlükdə radikal müxalifətin mitinqlə əlaqədar hay-küyünə gəldikdə isə onu deyə bilərəm ki, bu gün Azərbaycan cəmiyyəti kütləvi aksiyalar, mitinqlər, piketlər və s. keçirilməsini dəstəkləmir. Azərbaycan cəmiyyəti sabitlik və bu sabitliyin fonunda Azərbaycanın inkişafını istəyir və bu gün də Prezident İlham Əliyev məhz bunu həyata keçirir ki, Azərbaycan vətəndaşı yaxşı yaşasın, ölkə inkişaf etsin, Qarabağ problemi daha tez həll olunsun", - hakim partiya rəsmisi deyib.

"Martın 11-də və 12-də biz demişdik ki, Azərbaycan cəmiyyəti buna dəstək verməyəcək. Əminəm ki, aprelin 2-də müxalifətin radikal qanadının növbəti mitinq şousu fiaskoya uğrayacaq və onlar istədiklərinə nail ola bilməyəcəklər", - o qeyd edib.

YAP icra katibinin müavini əlavə edib ki, müəyyən dairələrin, xüsusilə də erməni lobbisinin təsiri altında olan dairələrin himayəsi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhdlər beşiyindəcə məhv olacaq və beşiyindəcə məğlubiyyətə düçar olacaq.

Qurbanlının sözlərinə görə, müxalifətin radikal qanadına müəyyən xarici dəstəklər ola bilər.

"Bu xarici dəstəklər birbaşa erməni lobbisi ilə bağlı olan təşkilatlar vasitəsilə, ayrı-ayrı QHT-lərin maskalanmış pərdəsi altında ötürülür və ötürülməkdə davam edir. Belə faktlar zaman-zaman mətbuatda yazılır. Ayrı-ayrı xarici QHT-lər qrantların müəyyən vəsaitini radikal qanada ötürür. Bu qurumların maliyyə mənbələri araşdırılarkən həmin qurumların birbaşa xarici ölkələrdəki erməni təşkilatları ilə bağlılığı ortaya çıxır. Yəni kimsə bu gün ABŞ dövləti səviyyəsində, Böyük Britaniya dövləti səviyyəsində müxalifətə dəstək vermir. Ola bilər ki, Fransa parlamentində onlara fərd olaraq hansısa siyasi dəstək verilsin. Həmin fərdlər araşdırılarkən bəlli olur ki, onlar ermənilərin pulu ilə həmin yerlərə seçilmiş siyasətçilərdir. Bu gizli deyil ki, ABŞ Konqresində Ermənistanın Dostları Qrupu fəaliyyət göstərir. Həmin qrupun üzvləri zaman-zaman Azərbaycanın əleyhinə təbliğat aparırlar, Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək istəyirlər. Həmin qrup Ermənistana dəstək verir və dolayısı ilə ermənilərin maraqlarına uyğun olaraq Azərbaycanda erməni lobbisinin himayəsi ilə müəyyən işləri görür", - Qurbanlı bildirib.

Xəbər lenti

Xəbər lenti