...

İranın Fars körfəzi ölkələri ilə münasibətlərində böhran yaranacaq - ekspertlər

Siyasət Materials 1 Aprel 2011 08:54 (UTC +04:00)
Bəhreyn və Küveytin İrandan səfirlərini geri çağırması rəsmi Tehranın digər Fars körfəzi ölkələri ilə münasibətlərinə mənfi təsir göstərəcək və İran körfəz ölkələri ilə bağlı tutduğu mövqeyi dəyişməsə, həmin ölkələrin İranla münasibətlərində böhran yaşanacaq.
İranın Fars körfəzi ölkələri ilə münasibətlərində böhran yaranacaq - ekspertlər

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Cəfərov/

Bəhreyn və Küveytin İrandan səfirlərini geri çağırması rəsmi Tehranın digər Fars körfəzi ölkələri ilə münasibətlərinə mənfi təsir göstərəcək və İran körfəz ölkələri ilə bağlı tutduğu mövqeyi dəyişməsə, həmin ölkələrin İranla münasibətlərində böhran yaşanacaq. Bu barədə Səudiyyə Ərəbistanından olan siyasi ekspert İsmayıl Yaşa cümə axşamı Trend-ə bildirib.

"Hazirda İran Fars körfəzindəki ərəb olkələrinə çox açıq şəkildə mudaxilə edir və onun bu hərəkəti həmin ölkələrdəki vəziyyəti daha da gərginləşdirir. Proseslər bu şəkildə davam edərsə, digər Fars korfəzi olkələri də İrana qarşı çıxa bilər və bu, İranla digər körfəz olkələrinin perspektivdəki əlaqələrinin pisləşməsinə səbəb ola bilər", - Yaşa telefonla ər-Riyaddan bildirib.

Martın 29-da Küveyt məhkəmələrindən biri iki iranlı və bir küveytlini İranın İnqilab Keşikçiləri Korpusuna (Sepah) casusluq etməkdə təqsirləndirərək onlar haqqında edam hökmü çıxarıb. Eləcə də həmin məhkəmənin qərarına əsasən, bir suriyalı və heç bir ölkə vətəndaşlığı olmayan bir ərəb ömürlük həbs olunublar. Martın 30-da Küveyt qəzetlərindən biri yazıb ki, Küveyt "casus şəbəkəsi"nin İranın Küveytdəki səfirliyi ilə əlaqələrinə etiraz olaraq Tehrandakı səfirini geri çağırıb. İran Xarici İşlər Nazirliyi isə Küveyt məhkəməsinin İrana casusluq edən şəbəkə ilə bağlı iddiasını "yalan və əsassız" adlandırıb.

"Bu məsələnin İrana heç bir aidiyyəti yoxdur və İranın Küveytdəki səfirliyinin həmin şəbəkə ilə heç bir əlaqəsi olmayıb", - İran XİN-nin sözçüsü Ramin Mehmanpərəst Trend-ə bildirib.

Londonda fəaliyyət göstərən İran əsilli ekspert Əli Rza Nurizadə (Ali Reza Nourizadeh) hesab edir ki, regionda nüfuzlu ölkə olmasına baxmayaraq, İran öz qonşu ölkələri ilə münasibətlərində düzgün diplomatiya yürütməyib.

"İran regionda böyük nüfuza malikdir. Çünki İran çox dərin tarixi və keçmişi olan bir ölkədir. Fars körfəzi ölkərində yaşayan şiələr İrana hörmətlə yanaşırlar. Lakin problem ondadır ki, İslam Respublikası əsas diqqətini inqilabın"ixracı" məsələsinə ayırdığına görə elə lap əvvəldən qonşu ölkələrlə münasibətlərində düzgün diplomasiya yürütməyib", - İran-Ərəb Tədqiqat Mərkəzinin rəhbəri Əli Rza Nurizadə Trend-ə deyib.

Nurizadənin fikrincə, İran və Fars körfəzi ölkələri arasında müasibətlərin korlanması yeni məsələ deyil, İslam Respublikası fəaliyyətə başladığı gündən qonşu ərəb ölkələri ilə bu problemi yaşayıb.

"1988-ci ilədək İran-Küveyt münasibətləri normal deyildi. İraqın Küveytə hücumundan sonra İran çalışdı ki, bu ölkə ilə siyasətində dəyişiklik etsin və çox yaxşı münasibətlər qursun. İki ölkə arasında əlaqələr bəzən adi və bəzən də yaxşı səviyyədə olub", - Nurizadə deyib.

Onun fikrincə, İranın Qətər və Omandan başqa, digər Fars körfəzi ölkələri ilə əlaqələrində həmişə böhran vəziyyəti yaşanıb.

"İran Qətər və Omandan başqa, digər Fars körfəzi ölkələri ilə əlaqələrində həmişə keşməkeşli və böhranlı vəziyyətdə olub. Xüsusilə də Səudiyyə Ərəbistanı ilə əlaqələr çox gərgin vəziyyətdədir. Səudiyyə Ərəbistanı İranı intriqalar mənbəyi kimi tanıyır və bunun İranın nüfuzuna çox təsiri var", - Nurizadə deyib.

Son aylar Yaxın Şərq və Şimalı Afrika ölkələrində kütləvi etiraz aksiyaları və iğtişaşlar keçirilir. Nəticədə Misir və Tunisdə hakimiyyət dəyişib. Hazırda iğtişaşlar Yəmən, Bəhreyn və Liviyada davam edir. Əlcəzair, İraq, Mərakeş, İordaniya, Oman da etiraz aksiyaları ilə üzləşib. Bir çox ərəb ölkələri əhalisinin əksəriyyətinin şiə olduğu Bəhreyndə baş verən hadisələrdə İranın müdaxiləsi olduğunu bildirirlər.

Nurizadə İranın BƏƏ, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı ilə əlaqələrinin hazırda aşağı səviyyədə olduğunu və İranın bu ölkələrlə bağlı öz siyasətində ümumi dəyişikliklər etməsi zərurətini vurğulayıb.

Məqalənin hazırlanmasında A.Tağıyeva iştirak edib.

Xəbər lenti

Xəbər lenti