...

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda icazəsiz aksiyayla bağlı məlumat yayıb

Siyasət Materials 5 Aprel 2011 11:58 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi bəzi müxalifət partiyalarının Bakıda qanunsuz etiraz aksiyaları keçirmək cəhdləri ilə bağlı məlumat yayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda icazəsiz aksiyayla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Ağayeva/

ABŞ-ın Azərbaycandakı səfirliyi bəzi müxalifət partiyalarının Bakıda qanunsuz etiraz aksiyaları keçirmək cəhdləri ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, səfirlik aprelin 2-də Bakının mərkəzində müxalifət qruplarının dinc nümayişinin qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, o cümlədən planlaşdırılan nümayişdən öncəki günlərdə müxalifət fəallarının saxlanılması ilə bağlı öz narahatlığını ifadə etmək istəyir.

ABŞ Azərbaycan hökumətini Azərbaycan Konstitusiyasında, habelə beynəlxalq insan hüquqları üzrə hüquqi aktlarda, o cümlədən ATƏT öhdəliklərində təsbit olunmuş bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etməyə çağırır.

Səfirlik nümayişlərlə əlaqadar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq və şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağırır.

Azərbaycan DİN-in məlumatına görə, şəhərin mərkəzində icazəsiz aksiyalar zamanı ümumi sayı 350 nəfər olan ayrı-ayrı radikal müxalifət qüvvələrinin bir neçə qrupu müxtəlif istiqamətlərdə Fəvvarələr meydanına daxil olmağa cəhd göstəriblər. "Cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən qərəzli və aqressiv hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, eləcə də 25 polis avtomobilinə, 17 avtomobilə ziyan dəyib, bir bankın şüşələri sındırılıb, eləcə də bir bankomat sındırılıb. Polisin dəfələrlə qanunazidd hərəkətlərin dayandırılması ilə bağlı çağırışlarını saymayaraq, güc tətbiq edilməsi nəticəsində 13 polis əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirilib", - DİN-in məlumatında deyilir.

Nazirliyin məlumatına görə, ictimai asayişi pozan hərəkətlərin qarşısının alınması üçün aksiyaların keçirilməsində və onlarda fəal iştirak etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. Daha 70 nəfər barəsində yerli polis və məhkəmə orqanları tərəfindən inzibati axtarış tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti