...

Mehriban Əliyeva: Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 8 Aprel 2011 23:28 (UTC +04:00)
Aprelin 8-də Bakıda, "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirib.
Mehriban Əliyeva: Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycanın birinci xanımının nitqi əlavə olunub (ilk xəbər 13:35 də yayılıb)

Aprelin 8-də Bakıda, "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirib.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda üçüncü sessiyasında iştirak edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət haqqında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.

Sessiyanı açan Mehriban xanım Əliyeva qonaqları salamlayaraq Forumun əhəmiyyətindən danışıb.

"Son illər Bakı əsl dialoq məkanına çevrilmişdir. Yaxın keçmişə nəzər salaraq, bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilmişdir. 2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Həmin il İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. 2008-ci ildə bu salonda bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir", - Mehriban xanım Əliyeva bildirib.

Azərbaycanın birinci xanımı bu cür tədbirlərin Azərbaycanda keçirilməsi üçün həm güclü zəminin, həm də əlverişli mühitin mövcud olduğunu qeyd edib. "Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir", - Mehriban xanım Əliyeva bildirib.

Azərbaycanın birinci xanımı Forumda səslənəcək müxtəlif fikir və təkliflərin, tədbirin nəticələrinin mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfə verəcəyini ümidvar olduğunu deyib. "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual və ən populyar mövzulardan biridir. Bu gün dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş "dəyirmi masa"lar, konfranslar, forumlar keçirilir. Şübhəsiz ki, hər bir belə görüş alqışlanmalı və dəstəklənməlidir. Ən azı ona görə ki, hər bir belə görüş özlüyündə bir növ dialoqdur. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Bu fikri təsdiqləmək üçün heç bir araşdırma aparmaq lazım deyil. Sadəcə, istənilən televiziya kanalına, yaxud internetə müraciət etmək kifayətdir və hər bir informasiya agentliyinin xəbərləri bu fikri təsdiqləyəcəkdir", - Azərbaycanın birinci xanımı deyib.

Mehriban xanım Əliyeva qeyd edib ki, düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr bugünkü dünyanın reallığıdır. "Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır. Əlbəttə, belə olan halda dialoq mövzusuna qatılan insanların - siyasətçilərin, dini və ictimai xadimlərin, alimlərin, sadə insanların, vətəndaşların sayı ildən-ilə artır. Bu da öz növbəsində gündəmə müxtəlif fərziyyələr, təkliflər, ssenarilər gətirir. Misal üçün, bir qrup alim əmindir ki, sivilizasiyalararası mövcud olan ziddiyyətlər mütləq qarşıdurma və münaqişə ilə bitəcək, dialoq imkanları artıq tükənməkdədir və belə bir multikulturoloji cəmiyyətin perspektivləri yoxdur. Digər fikir ondan ibarətdir ki, qarşıdurmaların qabağını almaq üçün dünyanın bütün ölkələri Qərb modelini özünə örnək götürməlidir. Şübhəsiz ki, Qərbin demokratiya və azadlıq ideyaları, inkişafı və yüksək yaşam səviyyəsi təqdirəlayiqdir və bu, bu gün dünyada mövcud olan mütərəqqi bir modeldir. Lakin biz hamımız yaxşı anlayırıq ki, bütün bəşəriyyətin belə yaşaması mümkün deyildir. Buna, ilk növbədə, bu gün dünyada mövcud olan resurslar imkan verməz və hətta biz geosiyasi, tarixi, mədəni amilləri də unutmamalıyıq. Üçüncü bir nəzər ondan ibarətdir ki, bu gün Qərbin bütün uğurları, o cümlədən elm, texnologiya, inkişaf sahəsindəki uğurları uzunmüddətli, tarix boyu müstəmləkəçilik siyasətinin nəticəsidir. Əlbəttə, belə yanaşma ilə də razılaşmaq mümkün deyil, belə fikirlər bizi gələcəyə yox, yalnız keçmişə aparır. Fikrimcə, bütün bu yanaşmalar dialoqun qurulmasına xidmət etmir. Əskinə, yeni münaqişələrə, yeni qarşıdurmalara zəmin yaradır. Bu gün heç kim üçün sirr deyil ki, hər bir belə konsepsiyanın arxasında müəyyən siyasət, müəyyən siyasi qüvvələr və siyasi ambisiyalar durur. Fikrimcə, bu meyil müasir dünyada bir çox ciddi çağırışlar və təhlükələr yaradır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq. Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Müxtəlif ekstremist qüvvələr və şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Tamamilə aydındır ki, belə hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə zidd olan hərəkətlərdir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır", - Azərbaycanın birinci xanımı bildirib.

Mehriban xanım Əliyeva qeyd edib ki, Forumda səsləndirilən mövzuda suallar cavablardan çoxdur. "Ancaq bir şey tamamilə aydındır ki, artıq mədəniyyətlərarası dialoq sırf kulturoloji problem çərçivəsindən çıxıb, böyük siyasətin probleminə çevrilibdir. Bu gün qloballaşan dünya artıq reallıqdır. Kimsə bunu alqışlayır, kimsə böyük bəla hesab edir. Lakin hər birimiz bu dəyişiklikləri öz həyatımızda hiss edirik. Xüsusilə də məkan və zaman anlayışında, gec-tez, yaxın-uzaq anlayışlarımızda biz bunu hiss edirik. Fikrimcə, bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normal, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. İndi dünyada həm siyasətdə, həm iqtisadiyyatda hökm sürən qanunlar, əfsuslar olsun ki, ədalətdən və etik normalardan çox uzaqdır. Əgər bu gün biz qlobal etika fərziyyəsi təklif ediriksə, - bu, bəlkə də bu gün bir növ utopiya kimi səslənir. Lakin gəlin xatırlayaq ki, bəşəriyyətin bugünkü bir çox nailiyyətləri əsasını vaxtilə məhz utopiya kimi qiymətləndirilən hərəkətlərdən və fikirlərdən götürür. Vaxtilə qadın hərəkatı, genderlik, bərabərlik hərəkatını başlayanda, çoxları bunu perspektivsiz utopiya kimi qiymətləndirirdi. Lakin bu gün bu sahədə əldə edilən nailiyyətlər belə yanaşmanın yanlış olduğunu sübut edir. Biz bu gün qlobal etikadan danışırıqsa, bu, yenə də elmi bir fərziyyə ola bilər və yenə də burada suallar cavablardan çoxdur. Lakin mən əminəm ki, əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə, biz xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Bu, uzunmüddətli və ağır prosesdir. Lakin hər bir uzun yol ilk addımdan başlayır. Fikrimcə, hər birimiz öz əməllərimizlə kiçik də olsa, bu addımı atmalıyıq. Bunun üçün yalnız həmrəylik və xoş niyyət lazımdır. Mən əminəm ki, məhz bu halda humanizm və ədalət əsasında konstruktiv dialoqun qurulması mümkündür", - Azərbaycanın birinci xanımı bildirib.

Sonra sessiyanın digər həmsədri, YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina STENOU çıxış edərək YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya səmərəli fəaliyyətinə görə minnətdarlıq etmişdir.

"Mədəniyyətlərarası dialoqa bir çox hallarda ümumiləşdirilmiş ideya sistemi kimi baxılır",- deyən Katerina Stenou bildirmişdir ki, mədəniyyət sırf homogen məfhum deyil və ümumi mədəniyyətin tərkibində çoxsaylı fərqlərlə də rastlaşmaq mümkündür. Bu məsələdə qadınların roluna diqqət çəkən YUNESKO-nun rəsmisi vurğulamışdır ki, keçmişi qoruyan qadınlar yenilikləri və dəyişiklikləri də aramıza gətirən şəxslərdir. Odur ki, qadınlar mühafizəkar mövqelərdən uzaq olaraq hər zaman dəyişikliyə can atırlar.

"Mədəniyyət insan hüquqlarının pozulmasına görə də məsuliyyət daşıyır",- deyən Katerina Stenou bu Forum çərçivəsində yeni elementlərin tapılmasına yardım etməyin vacib olduğunu demişdir.

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova tam əmin olduğunu bildirmişdir ki, Bakıdan başlanan bu yol dünya miqyaslı platformaya çevriləcəkdir.

Bu məsələdə qadınların roluna gəlincə S.Orlova qeyd etmişdir ki, Azərbaycan bu sahədə öncül sıradadır. Çünki hələ 90 il əvvəl Şərqdə ilk dəfə qadınların seçki hüququ Azərbaycanda tanınmışdır.

"Mədəni müxtəlifliyin özü də bir çağırışdır",- deyən S.Orlova bildirmişdir ki, müxtəlif risklərin və ziddiyyətlərin mövcud olduğu dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsi vacibdir. Bu məsələdə tolerantlığın da diqqətdə saxlanılması, mədəni dəyərlərin daha çox gündəmə gətirilməsi zəruri xarakter daşıyır. Dünyada sülhün bərqərar olmasında qadınlarla yanaşı, təhsil və elm də mühüm rol oynayır.

Paris şəhərinin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati Bakıda gedən inkişaf proseslərindən danışmışdır. O demişdir ki, Bakıda gedən müsbət dəyişikliklər bu şəhərin dəyərini başa düşən insanların əməyinin bəhrəsidir. Qonaq bu müsbət dəyişikliklərin dünyanın bir çox şəhərlərində də həyata keçirməyin mümkünlüyünə toxunmuş, Azərbaycan paytaxtının qazandığı nailiyyətlər münasibətilə Mehriban xanım Əliyevanı təbrik etmişdir.

"Bakıda müxtəlif sivilizasiyalar qovuşur",- deyən R.Dati bildirmişdir ki, Azərbaycan bu cür tədbirləri keçirməklə prosesə olan sadiqliyini göstərir. R.Dati böyük ictimai fəaliyyətlə məşğul olan Azərbaycanın birinci xanımının ölkəmizin mədəni dəyərlərinin təbliğindəki fəaliyyətindən xəbərdar olduqlarını və bunun beynəlxalq miqyasda təqdir edildiyini bildirmişdir.

Mərakeş parlamentinin üzvü Mbarka Buayda ölkəsindəki qadın hərəkatı barədə danışmış, qadınların Mərakeş parlamentindəki səmərəli fəaliyyətindən bəhs etmişdir. M.Buayda müasir cəmiyyətin qurulmasında qadınların rolunun daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Rusiyanın İqtisadi Strategiyalar İnstitutunun direktoru Aleksandr Ageev demişdir ki, qadınlar hər zaman kişilərin rəyinə güclü təsir göstərmiş və bu baxımdan onlar böyük hakim qüvvədir.

Qadınların iqtisadi proseslərə təsiri barədə fikirlərini Forum iştirakçıları ilə bölüşən Aleksandr Ageev bildirmişdir ki, dünya qloballaşdıqca cəmiyyətlərdə qadınların da rolu artır. Bununla belə, qadınların karyera qurulmasında kişilərin yardımçı rolu daha da artırılmalı, tərəqqini daha da gücləndirmək üçün qadın amili mütləq nəzərə alınmalıdır.

ABŞ-ın Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits vurğulamışdır ki, mədəniyyətlərarası dialoq hələ də mühüm araşdırma mövzusuna çevrilməmişdir. Bu sahədə mühüm irəliləyişlərə nail olmaq üçün qadınlar böyük qüvvə və tərəfdaş ola bilərlər.

Vendi Lids-Hurvits demişdir ki, mədəniyyətlərarası dialoqda diqqət müxtəlif mədəniyyətlərin üzvlərinin bir-biriləri ilə hansı formada ünsiyyət qurmasına yönəlməlidir və bu dialoqun qurulması üçün elmi əsaslar olmalıdır.

Minillik layihəsinin Meksika Qovşağının rəhbəri Konsepsiyon OLAVARİETA qadının cəmiyyətdə rolu məsələsinə fəlsəfi aspektdən yanaşmışdır. O, bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirmişdir.

"Mədəniyyətlərarası dialoq sahəsində nailiyyətlərin əldə edilməsi gender problemləri həll olunmadan mümkün deyil və gender bərabərliyi bu dialoqa mühüm istiqamət verir",-deyən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, mədəniyyətlərarası dialoq çərçivəsində qadınların ən mühüm rolu ondadır ki, onlar münaqişələrin qarşısının alınmasına və sülh prosesinin yaranmasına böyük töhfə verə bilərlər. Bu baxımdan qadınların ortaq istəyi münaqişələrin təsirinin mümkün qədər azaldılmasıdır.

Azərbaycan qadınlarının mədəniyyətlərarası dialoqa töhfə verdiklərini qeyd edən H.Hüseynova bunu 2008-ci ildə Bakıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş qadınlarla bağlı beynəlxalq tədbirin də təsdiqlədiyini vurğulamışdır.

H.Hüseynova Azərbaycanda qadın hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını, ölkədə seçkili orqanlarda qadınların sayının çoxaldılması ilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırmışdır.

Sonda sessiya iştirakçıları xatirə şəkli çəkdirmişlər.

Xəbər lenti

Xəbər lenti