...

Hakim partiya ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının təhrif olunduğunu açıqlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Aprel 2011 12:47 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının təhrif olunduğunu açıqlayıb.
Hakim partiya ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının təhrif olunduğunu açıqlayıb (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra Əli Əhmədovun fikirləri əlavə edilib (ilk xəbər 12:26-da yayılıb)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan reallıqlarının təhrif olunduğunu açıqlayıb.

"Belə hesab edirəm ki, ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycan reallıqlarının ciddi şəkildə təhrif edilməsi məqamlarına rast gəlmək mümkündür", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əhmədov deyib ki, istənilən ölkədə nöqsanlar tapmaq olar.

"Hər hansı bir dövlətin ayrı-ayrı ölkələrdə ictimai-siyasi vəziyyətlə bağlı hesabat hazırlaması nə dərəcədə düzgündür? Nə dərəcədə onların buna mənəvi haqqı var? İstənilən ölkədə nöqsanlar tapmaq mümkündür. O ki, qaldı Dövlət Departamentinin hazırladığı hesabata, burada Azərbaycanla bağlı məqamların təhrif olunması var. Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyatı yüksəlir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması istiqamətində öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl sürətdə yerinə yetirir. Bir il öncə keçirilən parlament seçkilərində Azərbaycan vətəndaşları öz iradələrini ortaya qoydular, istədikləri namizədlərə səs verdilər və həmin insanlara xalqı Azərbaycan parlamentində təmsil etməklə bağlı müvafiq mandatlar verildi. Bütün bunların hamısı Azərbaycanın reallıqları və gerçəklikləridir", - YAP rəsmisi qeyd edib.

Əhmədov hesab edir ki, müəyyən bir dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlamasına hər hansı formada haqq qazandırmaq mümkün deyil.

"Bu hesabatda qərəzlilik və qeyri-obyektivlik aydın şəkildə görünür. Bir sıra hallarda narazılıqlarda, insanların həlak olmasında bu cür dövlətlərin qeyri-obyektiv şəkildə hazırlanmış hesabatları ciddi şəkildə rol oynayır. Hansısa bir ölkədə onlar kütləvi qırğın silahları axtarırdılar, ölkəni tar-mar qoydular, darmadağın etdilər. Çoxlu sayda insan həlak oldu, ancaq kütləvi qırğın silahı tapılmadı. İndi başqa bir ölkəni dağıdırlar. Hansısa bir dövlət başçısını vəzifədən devirməkdən ötrü minlərlə insan həlak olur. Mənə elə gəlir ki, dünya birliyi bütün bu suallara cavab axtarmağa çalışmalıdır. Bu halların baş verməsinin səbəbkarlarının kimlər olduğu suallarına cavablar axtarılmalıdır. O ki, qaldı ayrı-ayrı ölkələrdə baş verən proseslərə, bu,
hər bir ölkənin daxili işidir. Hər bir ölkə hökuməti və hakimiyyəti öz xalqı qarşısında hesabat verir. Daxili siyasətlə bağlı baş verən bütün məsələlər hökumətlə xalq arasındakı münasibətlərdə öz əksini tapmalıdır", - YAP icra katibi əlavə edib.

ABŞ Dövlət Departamentinin 2010-cu ilin yekunlarına dair hesabatında Azərbaycanda keçirilən parlament seçkiləri, insan haqları və korrupsiya ilə bağlı vəziyyət, digər məsələlər əksini tapıb.

Xəbər lenti

Xəbər lenti