...

Azərbaycanın modernləşməsində gənclər yaxından iştirak etməlidirlər - Əli Əhmədov

Siyasət Materials 28 Aprel 2011 14:03 (UTC +04:00)
Ölkəmizin müasirləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir.
Azərbaycanın modernləşməsində gənclər yaxından iştirak etməlidirlər - Əli Əhmədov

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir T.Hacıyev/

Ölkəmizin müasirləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Naftalanda partiyanın gənc fəalları üçün "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda keçirilən konfransda YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin apardığı siyasətin fəal dəstəkçisidir və bu siyasətin müdafiəçilərinin sıraları ildən-ilə artır.

Əhmədov bildirib ki, partiya rəhbərliyi ilə gənclərin dünyagörüşü pozitiv mənada fərqlidir. O, Azərbaycanın modernləşdiyini və müasir Azərbaycanın gələcəyini sağlam düşünən gənclərsiz təsəvvür etməyin mümkün olmadığını vurğulayıb.

"YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub", - Əhmədov qeyd edib.

YAP funksioneri bildirib ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərin borcudur.

"Çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsl üçün daha yüksək rifahın təmin edildiyi bir ölkə qurulsun", - o deyib.

Əhmədov təssüf hissi ilə qeyd edib ki, Azərbaycan gənclərinin kiçik bir hissəsini ölkənin inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb.

"Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə mübarizə aparmalıdırlar", - o əlavə edib.

Azərbaycanın daha da inkişaf edəcəyini deyən Əhmədov bildirib ki, gələcək Azərbaycanın idarə olunması üçün bugünkü gənclər hazır olmalıdırlar. YAP funksioneri hesab edir ki, Azərbaycanı gələcəyə aparmaq üçün bugünkü sabitliyi qorumaq lazımdır.

"Müəyyənləşmiş siyasətin həyata keçirilməsi yolları gənclərin fikirlərinə, dünyagörüşünə maksimum uyğunlaşdırılmalıdır", - Əhmədov bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əhmədovun sözlərinə görə, bu proqramda gəncliyin inkişaf maraqlarını nəzərdə tutan və bu inkişafı təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. YAP sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.

Konfransda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, MM-in deputatlarından YAP Siyasi Şurasının üzvləri Məlahət İbrahimqızı, Asəf Hacıyev, Elmar Qasımov və başqaları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti