Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın hakim partiyası Gürcüstan hökumətinin ölkəmizdə hər hansı gərginliyin yaradılmasına dair planının olmasına inanmır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Gürcüstan hökumətinin ABŞ-ın Bakıdakı səfirliyi ilə birgə Azərbaycanda iğtişaşlar törətmək cəhdləri ilə bağlı mətbuatda dərc edilən yazılara münasibət bildirərkən deyib.
"Mənim üçün inanmaq çox çətindir ki, Gürcüstan hökuməti Azərbaycanda hər hansı gərginliyin olmasına yönəlmiş tədbirlər həyata keçirmək istəsin və kimlərinsə belə proqramının reallaşdırılmasında iştirak etsin. Amma istənilən halda, bu xəbərlər yayılıb. Onları araşdırmaq və həqiqətə nə dərəcədə uyğun gəlib-gəlmədiyini aydınlaşdırmaq lazımdır", - Əhmədov bildirib.
O, qeyd edib ki, həqiqətən də Azərbaycandan kənarda olan bəzi qüvvələr ölkədəki sabitliyi pozmağa cəhd göstərirlər.
"Məncə, Azərbaycan hökuməti və dövləti kifayət qədər möhkəm dayaqlar üzərində qərar tutduğundan, ölkədə kiminsə sabitliyi pozmaq istəyi real görünmür. Ola bilər ki, bu niyyətlərin həyata keçirilməsinə istər Azərbaycan daxilində, istərsə də qonşu dövlətlər arasında ayrı-ayrı qüvvələr, qruplar qoşulsun və onlarla birgə fəaliyyət göstərsin. Lakin bildirmək istəyirəm ki, Azərbaycan hökuməti ilə Gürcüstanın rəsmi dairələri arasında kifayət qədər səmimi münasibətlər formalaşıb" - YAP funksioneri deyib.
Əhmədov bildirib ki, Azərbaycan və Gürcüstan arasında dostluq münasibətləri inkişaf edib.