...

Azərbaycan Prezidenti Zərdab rayonunda olub

Siyasət Materials 6 May 2011 22:11 (UTC +04:00)
Mayın 6-da Ağcabədiyə səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna gəlmişdir. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Zərdab rayonunda olub

Mayın 6-da Ağcabədiyə səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna gəlmişdir. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev rayonun mərkəzində ümummilli liderin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin eskiz layihəsinə baxdı.

Parkla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu istirahət mərkəzi zərdablıların ən çox üz tutduqları məkandır. Bunu nəzərə alaraq, parkın müasirləşməsi və daha da gözəlləşməsi üçün son vaxtlar bir sıra yenidənqurma işləri aparılmış, elektrik dirəkləri təzələnmiş, əraziyə 5 min kvadratmetr mərmər plitə döşənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin tikintisində gedən hazırlıq işləri ilə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərin əziz xatirəsini əbədiləşdirmək və onun zəngin irsinin öyrədilməsi məqsədini daşıyan mərkəzin ümumi sahəsi min kvadratmetrdən artıq olan ikimərtəbəli binasında ümummilli liderin titanik ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotolar, kitablar və digər eksponatlar nümayiş olunacaqdır. Birinci mərtəbədə gənclərin müxtəlif sənət vərdişlərinə yiyələnməsi üçün rəsm, şahmat, kompyuter, xalçaçılıq otaqları və digər otaqlar yerləşəcəkdir. İkinci mərtəbə iclas zalı və kitabxanadan ibarət olacaqdır.

Prezident İlham Əliyev Zərdab rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev bildirdi ki, ölkənin ümumi inkişaf meylinə uyğun olaraq, respublikanın bütün rayonları kimi, Zərdab rayonunun inkişafı da konkret proqramlarda öz əksini tapıb. "Zərdabda işlər yüksək səviyyədə görülməlidir", - deyən Prezident İlham Əliyev sosial məsələlərin həllinin vacib olduğunu qeyd etdi. Dövlətimizin başçısı dedi ki, bölgələrə səfərində əsas məqsəd görülən işlərlə yerində tanış olmaqdan ibarətdir. Prezident İlham Əliyev respublikanın bütün rayonlarında olduğu kimi, Zərdabın da infrastrukturunun daha da yenilənməsi üçün tədbirlərin görüləcəyini söylədi.

Dövlətimizin başçısı rayonda aparılan işlərlə maraqlandı.

Prezident İlham Əliyevə rayonda sosial məsələlərin həlli ilə bağlı aparılan işlər barədə ətraflı məlumat verildi. Çıxış edən rayon sakinləri dövlətimizin başçısının apardığı siyasət nəticəsində bu gün Zərdabda da yüksək inkişaf prosesinin getdiyini vurğuladılar.

Söhbət zamanı sakinlər ötən il Kür çayının daşması nəticəsində baş verən təbii fəlakət zamanı onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Xəbər lenti

Xəbər lenti