...

Prezident İlham Əliyev: Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək (FOTO)

Siyasət Materials 8 May 2011 08:44 (UTC +04:00)
Azərbaycanda rəqabət artdıqca əlbəttə ki, rəqabətlə bağlı olan məsələlər daha da qabarıq şəkildə özünü büruzə verəcək. Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək. Bu, həm sahibkarlardan, eyni zamanda, bəlkə də daha da çox dövlət qurumlarından asılıdır. Çünki bəzi hallarda qeyri-sağlam rəqabət, inhisarçılıq işimizə çox böyük mane törədir, bunu mayın 6-da Ağcabədidə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə giriş nitqində Prezident İlham Əliyev deyib.
Prezident İlham Əliyev: Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək (FOTO)

Azərbaycanda rəqabət artdıqca əlbəttə ki, rəqabətlə bağlı olan məsələlər daha da qabarıq şəkildə özünü büruzə verəcək. Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək. Bu, həm sahibkarlardan, eyni zamanda, bəlkə də daha da çox dövlət qurumlarından asılıdır. Çünki bəzi hallarda qeyri-sağlam rəqabət, inhisarçılıq işimizə çox böyük mane törədir, bunu mayın 6-da Ağcabədidə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə giriş nitqində Prezident İlham Əliyev deyib.

"İnhisarçılıq həm idxalda, həm də ki, yerli istehsalda özünü göstərir. Biz Novruz bayramı ərəfəsində bu vəziyyətlə üzləşmişdik, Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri süni şəkildə qaldırılırdı. Ona görə, çox ciddi tapşırıqlar verildi və nəzarət təşkil edildi ki, həm Azərbaycanda istehsal olunan məhsulların qiymətləri şişməsin, eyni zamanda, məhsulların idxalında tam şəffaflıq təmin edilsin. Sağlam rəqabət biznes mühitinin yaxşılaşdırılması üçün ən vacib amillərdən biridir" İlham Əliyev deyib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlət başçısı qeyd edib ki, bununla bərabər, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də öz müsbət nəticələrini verməkdədir.

"Bu, həm sosial sahədə özünü göstərir, dövlət qurumlarının fəaliyyəti daha da şəffaf olur, ictimai nəzarət güclənir, eyni zamanda, biznes sektorunda da rüşvətxorluğa, əsassız tələblərə son qoyulmalıdır. Mən bu məsələ ilə bağlı bir neçə dəfə fikirlərimi bildirmişəm, müvafiq tapşırıqlar da verildi. Sahibkarlar da öz tərəfindən əsassız tələblərə qarşı mübarizə aparmalıdırlar, müqavimət göstərməlidirlər, hər bir xoşagəlməz hallarla üzləşəndə mütləq müvafiq dövlət qurumlarına məlumat verməlidirlər" Prezident qeyd edib.

İlham Əliyevin sözlərinə görə, sahibkarlara bundan sonra da dövlət dəstəyi göstəriləcək.
"Bu, həm siyasi, həm iqtisadi dəstəkdir, həm də maliyyə dəstəyidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələn illərdə də lazımi səviyyədə vəsait nəzərdə tutulacaqdır. Azərbaycanda maliyyə problemləri artıq həllini tapır. Yalnız keçən il 15 milyard dollar səviyyəsində investisiya qoyulmuşdur. Bu il büdcəmizə düzəlişlər edilməlidir, dürüstləşmə aparılmalıdır. Bu dürüstləşmə həm infrastruktur layihələrini əhatə etməlidir, eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün orada vəsait nəzərdə tutulacaqdır. Maaşların, pensiyaların qaldırılması məsələləri öz həllini tapacaqdır.

Bir sözlə, dövlət ölkəmizin inkişafı üçün bütün tədbirləri görür. Sahibkarlar da ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla həm öz imkanlarını genişləndirirlər, eyni zamanda, ölkəmizin inkişafına xidmət etmiş olurlar. Mən çox şadam ki, Azərbaycanda sahibkarların əksəriyyəti məsuliyyətli insanlardır. Onlar, eyni zamanda, sosial məsələlərin həlli ilə də məşğuldurlar. Mən bilirəm ki, sahibkarlar xeyriyyəçiliklə də məşğuldurlar. Kimin imkanı var, əlbəttə ki, bu məsələyə daha da böyük diqqət göstərməlidir. Sahibkarlar isə, eyni zamanda, rəqabət qabiliyyətli məhsulların istehsalına daha da çox üstünlük verməlidirlər.

Mən keyfiyyətli məhsullar istehsal olunmalıdır ki, Avropa bazalarına çıxsın deyəndə, onu da qeyd etməliyəm ki, daxili bazara da ancaq və ancaq keyfiyyətli məhsullar lazımdır. İndi dövlət qurumları bu məsələ ilə bağlı çox fəal iş aparırlar. Bazarda keyfiyyətsiz məhsulların yığışdırılması prosesi gedir, monitorinq aparılır. Bu məsələyə çox böyük diqqət göstərilməlidir. Keyfiyyətsiz məhsullara qarşı ciddi mübarizə aparılmalıdır. Bu, həm idxal mallarına və həm də Azərbaycanda istehsal olunan mallara aiddir. Keyfiyyət birinci dərəcəli məsələdir.

Mən hesab edirəm ki, bu siyasətimizin nəticəsində gələcək illərdə ölkəmizdə çox güclü sənaye, yəni, emal sənayesi potensialı yaradılacaqdır. Artıq müxtəlif bölgələrdə yeni gözəl emal kompleksləri tikilir, o cümlədən süd kombinatları tikilməkdədir və bu proses davam etdiriləcəkdir" dövlət başçısı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri vardır.

"Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. O sahələrə ki, hələ biz idxaldan asılıyıq. Ona görə, belə böyük və müasir komplekslərin yaradılması çox vacib məsələdir. Bu kompleks bölgədə, nəinki Cənubi Qafqazda, qonşu ölkələrdə tikilmiş komplekslərin arasında həm müasirliyi, həm də istehsal gücü ilə fərqlənir. Mən çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır. Bu müəssisələr bundan sonra uzun illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcəkdir.

Bütövlükdə Ağcabədi rayonunda sənaye və sosial infrastrukturun yaradılması işində müsbət meyillər vardır. Burada həm sosial obyektlər tikilir, - bu gün kənd yolunun açılışında iştirak etmişəm, - həm də kənd təsərrüfatının inkişafı ilə bağlı vacib məsələlər öz həllini tapır. Bu gün yeni, müasir xəstəxana binasının təməl daşının qoyulmasında iştirak etmişəm. Bir sözlə, burada sosial-iqtisadi inkişaf templəri lazımi səviyyədədir. Dünən Sabirabad, Saatlı, İmişli rayonlarında vəziyyətlə tanış olmuşam. Hər bir bölgədə inkişaf vardır.

Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq. Elə etməliyik ki, gələcək illərdə bu müsbət meyillər daha da güclənsin və ölkəmizdə müasir sənaye komplekslərinin sayı artsın.

Qeyri-neft sektorunun inkişafı üçün konkret proqramlar icra edilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi başlanmışdır. İkinci Dövlət Proqramı 2013-cü ilə qədər başa çatmalıdır. Proqramın icrası nəticəsində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapacaqdır.

Son illərdə bir milyona qədər yeni iş yerləri açılmışdır. Ancaq hələ ki, işsizlik vardır. Belə gözəl komplekslərin yaradılması işsizliyin aradan qaldırılması üçün çox mühüm əhəmiyyətə malikdir. Bununla bərabər, yerli istehsalın artırılması, idxaldan asılılığımızın azaldılması, yoxsulluğun aşağı salınması məsələləri də öz həllini tapmaqdadır" Prezident çıxışında söyləyib.

Dövlət başçısının sözlərinə görə, növbəti illərdə kənd təsərrüfatının emal sahəsinin inkişafı ilə bağlı əlavə addımlar atılacaq.

"Kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar vardır. Birinci növbədə dövlət siyasəti düzgün istiqamətdə aparılır, sahibkarlığın inkişafına dəstək verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər il böyük məbləğdə vəsait nəzərdə tutulur. Bu il sahibkarlara 125 milyon manat vəsait veriləcəkdir. Bu kompleksin yaradılmasında müəyyən dərəcədə dövlət imkanlarından istifadə olundu. Ancaq qeyd etməliyəm ki, investisiyaların mütləq əksəriyyəti sahibkarlar tərəfindən qoyulmuşdur. Bu da çox müsbət haldır. Bu, onu göstərir ki, sahibkarların Azərbaycanın iqtisadi inkişafına böyük inamı vardır.

Həm yerli sahibkarlar, həm xarici investorlar Azərbaycana maraq göstərirlər. Bu onun nəticəsidir ki, ölkəmizdə çox düzgün investisiya siyasəti aparılır. Son illərdə ancaq kənd təsərrüfatı sahəsinə yüz milyon dollarla ölçülən investisiyalar qoyulmuşdur. Azərbaycanda bütövlükdə investisiyaların həcmi yüz milyard dollara yaxındır. Bu investisiyaların demək olar ki, əlli faizdən bir az çoxu daxili investisiyalardır.

Bir sözlə, investisiya layihələri Azərbaycanda icra edilir. Dövlət İnvestisiya Şirkəti bu istiqamətdə çox vacib funksiyalar icra edir. Dövlət İnvestisiya Şirkəti daha çox böyük infrastruktur və sənaye müəssisələrinin yaradılmasına maliyyə dəstəyi göstərir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox kənd təsərrüfatı, emal müəssisələri və regional əhəmiyyət daşıyan müəssisələrin yaradılmasına xidmət göstərilir.

Azərbaycanda ümumi iqtisadi inkişaf çox müsbətdir. Hətta böhranlı illərdə iqtisadiyyatımız artmışdır. Bu ilin investisiya proqramında çox vacib məsələlər həllini tapacaqdır. İnfrastruktur layihələri icra edilir. İndi ölkəmizdə genişmiqyaslı qazlaşdırma prosesi gedir. Kənd yollarının tikintisi uğurla gedir. Növbəti illərdə içməli su, kanalizasiya, suvarma, meliorasiya məsələlərinə daha çox diqqət göstərilməlidir. Bu yaxınlarda Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində 2013-cü ilə qədər Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər öz həllini tapacaqdır.

Qeyd etdiyim kimi, regional inkişaf proqramı uğurla icra olunur. 2004-cü ildən bu proqram icra edilir və proqramın ikinci mərhələsi 2013-cü ildə başa çatacaqdır. Ondan sonra biz baxacağıq ki, əlavə hansı tədbirlər görülməlidir. Məqsəd qoyulmuşdur ki, 2004-2013-cü illərdə, yəni on il ərzində ölkə qarşısında duran əsas infrastruktur, sosial və iqtisadi məsələlər öz həllini tapsın. Biz bu məqsədə yaxınlaşırıq. Ötən səkkiz ilin təcrübəsi onu göstərir ki, istənilən istiqamətdə çox gözəl nəticələr vardır. İş yerləri açılır, yoxsulluq azalır, sənaye müəssisələri yaradılır, infrastruktur layihələri icra edilir. Biz elektroenergetika sahəsinə çox böyük investisiyalar cəlb etmişik və bu gün nəinki özümüzü təmin edirik, hətta ixrac potensialımız yaranıbdır.

Çalışmalıyıq ki, emal müəssisələrinin fəaliyyəti də ixracyönümlü olsun. Düzdür, birinci mərhələdə biz daxili tələbatı daxili istehsal hesabına tam şəkildə təmin etməliyik. Bu, çox vacib məsələdir. Əgər biz buna nail olsaq, bir neçə vacib məsələni həll etmiş olacağıq, o cümlədən işsizliklə bağlı məsələlər də daha tezliklə həllini tapacaqdır. Ancaq biz ondan sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının və emal məhsullarının ixracı ilə bağlı yeni bazarlara çıxmalıyıq. Bunun üçün əlbəttə ki, istehsal edilən məhsullar yüksək keyfiyyətə malik olmalıdır. Biz nəinki qonşu bazarlara ixrac imkanlarımızı, potensialımızı artırmalıyıq, Avropa bazarlarına da çıxmalıyıq. Avropa bazarlarına çıxmaq üçün, əlbəttə ki, yüksək keyfiyyətli məhsullar istehsal olunmalıdır. Belə müasir səviyyədə qurulmuş bu süd kombinatından əminəm ki, istənilən ölkəyə məhsul ixrac etmək mümkün olacaqdır" Prezident bildirib.
İlham Əliyev bird aha vurğulayıb ki, ümumiyyətlə, bütün maliyyə sistemimizdə şəffaflıq təmin edilməlidir, bunu edirik və bu sahədə böyük uğurlara nail ola bilmişik.

"Mən Azərbaycan Dövlət Neft Fondunu misal gətirə bilərəm. Dünya miqyasında fəaliyyət göstərən bütün oxşar fondların arasında ən şəffaf və ən gözəl idarə olunan neft fondu Azərbaycan Dövlət Neft Fondudur. Təsadüfi deyildir ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən Neft Fondunun fəaliyyəti yüksək qiymətləndirilir. Bu Dövlət Neft Fondunu biz yaratmışıq və biz idarə edirik. Bu, onu göstərir ki, siyasi iradə, düzgün menecment və peşəkarlıq olan yerdə biz ən yüksək dünya standartlarına nail ola bilərik və belə olan halda bütün başqa sahələrdə də şəffaflıq, dürüstlük olmalıdır. Biznesə gəldikdə, bir də demək istəyirəm ki, sağlam rəqabət aparılmalıdır.

Bugünkü iclasda bölgənin rayonlarının icra hakimiyyəti başçıları da iştirak edirlər. Mən dəfələrlə onlara da öz sözümü demişəm. Onlar sahibkarlığa kömək göstərməlidirlər, maneçilik törətməməlidirlər. Dövlət tərəfindən sahibkarlara diqqət hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə göstərilməlidir. Deyə bilərəm ki, bu sahədə son illərdə çox müsbət dəyişikliklər vardır. Yerli icra orqanlarının əksəriyyəti dövlət siyasətini düzgün başa düşür və düzgün icra edir. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, bütün bölgələri gəzirəm. İnsanlarla görüşürəm, soruşuram, məlumat mənbələrim vardır. Harada nəyin baş verməsindən də kifayət qədər xəbərim vardır. Ona görə, deyə bilərəm ki, əksər hallarda yerli icra orqanları bu işlərdə özlərini yaxşı göstərirlər. Harada ki, nöqsanlar, qüsurlar var, bu məsələyə də biz lazımi diqqət göstəririk, lazımi ölçülər götürülüb və götürüləcəkdir" dövlət başçısı bildirib.

Sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev güzəştli kreditlərlə bağlı görülən işlər barədə məlumat verərək dedi:

"Möhtərəm cənab Prezident, bu ilin əvvəlindən Sizin tapşırığınıza uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 125 milyon manat güzəştli kreditin sahibkarlara çatdırılması nəzərdə tutulmuşdur. Artıq ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 500 sahibkara 37,2 milyon manat güzəştli kreditin verilməsi təmin olunmuşdur ki, bu verilmiş kreditlər hesabına 2016 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, möhtərəm cənab Prezident, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, son günlərdə Bakı qəsəbələrində mütəmadi olaraq sahibkarlığın inkişafına dəstək proqramı çərçivəsində tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində artıq 40-a yaxın sahibkara 4,5 milyon manat güzəştli kreditin verilməsi təmin olunmuşdur ki, bu kreditlər hesabına 400-ə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 12 minə yaxın sahibkara 700 milyon manatdan çox güzəştli kreditin verilməsi təmin olunmuşdur və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
Prezident İlham ƏLİYEV: Kreditlərin qaytarılması necə? Vaxtında qaytarırlar?
Şirzad ABDULLAYEV: Bəli, möhtərəm cənab Prezident. Artıq bu ildən verilən kreditlərin 73 faizi, yəni 91 milyon manatı geri qaytarılan vəsaitlər hesabına təmin olunur. Güzəştli kreditlərin geri qaytarılmasında hər hansı bir problemimiz yoxdur.
Prezident İlham ƏLİYEV: Çalışın ki, qalan məbləği də bir neçə ay ərzində verəsiniz. Çünki 37 milyon manat verilib, haradasa 90 milyon manata yaxın məbləğ hələ verilməyib.
Şirzad ABDULLAYEV: Bəli, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Artıq ilin 4 ayı başa çatıbdır. Çalışın, heç olmasa, oktyabr ayına qədər bu kreditlərin hamısı verilsin. Sizdə bütün layihələr var, yoxsa hələ yoxdur?
Şirzad ABDULLAYEV: Bəli, cənab Prezident. Artıq bu gün 28 böyük layihə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə maliyyələşdirilibdir. Həmçinin 30-a yaxın layihəyə də artıq baxılıb, müsbət qərar verilib və hissə-hissə tranşlarla maliyyələşdirilməsi təmin olunur. Bu gün mövcud layihələr çərçivəsində artıq 80 milyon manat vəsaitin yerləşdirilməsi demək olar ki, təmin olunub.
Prezident İlham ƏLİYEV: 37 milyon manat verilib, 80 milyon manat müəyyən olunub, qalan hissə o qədər də böyük deyil, onu da müəyyən edərsiniz. Bir də ki, bizdə vaxtilə limitlər qoyulmuşdu, indi də vardır. Düzdür, biz vaxtaşırı limitləri qaldırırıq. Baxın, bəlkə gələn ildən o limitləri bir az da qaldıraq. Çünki misal üçün, belə böyük süd emalı kompleksi tikilib, vəsaitin böyük əksəriyyəti sahibkarlar tərəfindən verilibdir. Buraya 40 milyon manata qədər investisiya qoyulub. Fonddan isə 5 milyon manat kredit verilibdir.
Şirzad ABDULLAYEV: Cənab Prezident, ümumi layihəyə - süd emalı müəssisəsi və heyvandarlıq kompleksinə 5 milyon manat güzəştli kreditin verilməsi təmin olunubdur.
Prezident İlham ƏLİYEV: Ona görə baxmaq lazımdır, bəlkə gələn ildən biz o limiti qaldıraq və kreditlərin həcmini də artıra bilərik. İndi 125 milyon manatın neçə faizi əvvəlcədən verilmiş kreditlərin qaytarılması hesabına təşkil olunub?
Şirzad ABDULLAYEV: 73 faizi, cənab Prezident.
Prezident İlham ƏLİYEV: 73 faizi.
Şirzad ABDULLAYEV: 27 faizi dövlət büdcəsindən ayrılacaq 34 milyon manatın, 91 milyon manatı və ya 73 faizi geri qaytarılan vəsaitlər hesabına formalaşacaqdır.
Prezident İlham ƏLİYEV: Yəni ki, deməli, dövlət büdcəsinə qoyulan yükün həcmi azalır.
Şirzad ABDULLAYEV: Bəli, ilbəil azalır. Gələn il isə 120 milyon manata qədər vəsaitin geri qaytarılması gözlənilir.
Prezident İlham ƏLİYEV: 120 milyon manat?
Şirzad ABDULLAYEV: Bəli.
Prezident İlham ƏLİYEV: Onda biz gələn il də o fonda daha çox vəsait təşkil etməliyik. Bəlkə 150, 160, 170 milyon manat. Çünki görüləsi işlər çoxdur. Bu kreditlərin də verilməsi hesabına qeyd etdiyim kimi, minlərlə iş yerləri açılır. Yəni bu, həm inkişafımıza, gözəl təkan verir, həm dövlət qayğısını göstərir və həm də şirkətləri stimullaşdırır ki, daha da böyük həvəslə vəsait qoysunlar. Biz növbəti illərdə kənd təsərrüfatının inkişafına müxtəlif mənbələrdən daha da böyük məbləğdə vəsait cəlb etməliyik. Əlbəttə ki, dövlət infrastruktur layihələri də hesablanmalıdır. Çünki bu sahibkarın dediyi kimi, əgər elektrik enerjisi və təchizatı lazımi səviyyədə olmasaydı, yollar olmasaydı, heç kim bu qədər vəsait qoymazdı. Eyni zamanda, kreditlərin məbləğini artırmalıyıq və digər mənbələrdən vəsait təşkil edilməlidir ki, növbəti illərdə kənd təsərrüfatına daha da böyük investisiyalar qoyulsun.

Daha sonar Prezident İlham Əliyev müşavirədə yekun nitqlə çıxış edib.

Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı prioritet sahədir."Qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir.

Böyük işlər görülübdür. İndi qazlaşdırma prosesi gedir. Elektrik enerjisi ilə təchizat demək olar ki, öz həllini tapmışdır. Bütün rayonlarda, kəndlərdə qaz xətləri çəkilir. 2012-ci ilin sonuna qədər mənim tərəfimdən verilən tapşırığa uyğun olaraq, əksər kəndlərdə bütün qazlaşdırma işləri başa çatmalıdır. O ki qaldı Qarabağ zonasına, burada hesab edirəm ki, yüz faiz qazlaşdırma təmin edilməlidir və bu istiqamətdə işlər gedir.

İçməli su və kanalizasiya problemləri ənənəvi olaraq bizi, necə deyərlər, həmişə incidir, üzür. Çünki kanalizasiya xətlərinin olmaması, içməli suyun lazımi səviyyədə verilməməsi xüsusilə kənd yerlərində ən ciddi problemdir. Bu məsələnin həlli üçün ölkə miqyasında konkret proqramlar icra edilir. Çalışacağıq ki, 2013-cü ilin sonuna qədər bu məsələ də tam şəkildə öz həllini tapsın. Düzdür, burada çox böyük investisiyalar nəzərdə tutulur və texniki çətinliklər vardır. Ancaq müvafiq tapşırıqlar verilib və yenə də deyirəm, çalışacağıq ki, regional proqramın icrası, eyni zamanda, bu məsələləri ehtiva etsin. 2013-cü ilə qədər maksimum nə mümkündürsə etməliyik.

Kənd yollarının çəkilişi prosesi daha da sürətlə gedir. Dünən və bu gün 4 rayonda yeni kənd yollarının açılışlarını etdik və bu proses davam etdirilməlidir. Nəinki bu bölgədə, bütün rayonlarda. Əlavə vəsait ayrılır və kənd yollarının tikintisi həm sosial, həm iqtisadi cəhətdən çox vacib olan məsələlərdir. Bu məsələyə həm bu ilin büdcəsində əlavə vəsait nəzərdə tutulub və gələn ilin büdcəsində də mütləq kənd yollarının tikintisinə daha da böyük diqqət göstərilməlidir.

Prezident Administrasiyasına göstəriş verilib, yerlərdən bütün təklifləri almısınız. O təkliflər mənə verilibdir. O təkliflər əsasında Prezidentin ehtiyat fondundan bu yollara - Sabirabad, Saatlı, İmişli, Ağcabədi rayonlarında kənd yollarına vəsait ayrıldı. Bu, ən vacib yollar idi. Misal üçün, Sabirabad rayonunda 68 kilometr, Ağcabədidə 24 kilometr, Saatlıda, İmişlidə 27 kilometr yollar böyük kəndləri birləşdirən yollardır. Ancaq belə təkliflər hər bir rayondan gəlir. Ona görə, onları həm bu ilin, həm xüsusilə gələn ilin proqramına salaq ki, biz kənd yollarını maksimum dərəcədə bərpa edək. Özü də biz bu yolları yüksək səviyyədə tikirik. Vaxtilə yollar hamısı torpaq yollar olmuşdur. Heç asfalt vurulmamışdı. İndi gözəl asfalt yollardır. Bu da kəndlərin inkişafına çox böyük təkan verəcəkdir" Prezident bildirib.

Dövlət başçısı xatırlatdı ki, keçən il subasmaya məruz qalmış kəndlərdə bərpa işləri gedir.
"Böyük işlər görülübdür. Ancaq görüləsi işlər hələ də çoxdur. Dünən Qasımbəyli kəndində olarkən orada yeni məktəbin açılışında iştirak etmişdim. Orada yeni evlər tikilib. Nəinki Sabirabadda, bütün başqa bölgələrdə işlərin böyük əksəriyyəti görülmüşdür. Ancaq gərək bütün kəndlərə diqqət göstərilsin.

Qasımbəylidən qayıdarkən gördüm ki, qonşu kəndin sakinləri yolda durmuşlar, məni gözləyirlər. Mən maşını saxladım, çıxdım soruşdum nədir məsələ? Deyirlər ki, onların kəndində - Əsgərbəyli kəndində işlər ləng gedir. Bir kənddə işlər sürətlə gedir, digər kənddə isə o qədər də sürətlə getmir. Mənim proqramımda Qasımbəyli kəndi nəzərdə tutulmuşdu. Yəqin ona görə ki, orada işlər daha da yaxşı gedir. Amma onun böyründə yerləşən Əsgərbəyli kəndinə getməsəydim bilməyəcəkdim ki, orada vəziyyət necədir. Ona görə belə məsələlərə də diqqət göstərilməlidir.

Mən başa düşürəm ki, işin həcmi çox böyükdür. Gördüyümüz işlər həddindən artıq çox təsirlidir. Biz öz hesabımıza qısa müddətdə - bir neçə ay ərzində işlərin böyük əksəriyyətini görə bilmişik. Dövlət hesabına minlərlə ev, məktəb, sosial obyekt tikilib. 70 min hektar torpaq su altında qalmışdı. Bir neçə min ev tamamilə uçub dağılmışdı. Minlərlə ev qəzalı vəziyyətə düşmüşdü. İndi vaxt keçdikcə biz bu məsələyə yenidən baxmalıyıq. Vaxtilə qəzalı ev kimi qeydiyyata alınmayan evlər sonra qəzalı vəziyyətə düşdü. Yəni, yenidən təftiş aparılmalıdır və qış gələnə qədər əlavə tədbirlər görülməlidir ki, bu evlər bərpa olunsun, zərərçəkmiş bütün insanlar diqqət-qayğı görsünlər.

Ancaq yenə də deyə bilərəm ki, böyük işlər görüldü. Həm bəndbərkitmə işləri, həm evlərin tikintisi, yolların çəkilişi. Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərmişdir. Həm subasmaya məruz qalmış kəndlərdə yaşayan insanlar, həm xilasedicilər, bütün dövlət qurumları çox gözəl işlədilər və çətin vəziyyətdə olan soydaşlarımıza kömək göstərildi.

İnfrastruktur layihələrinin içində suvarma və meliorasiya məsələləri xüsusi məna daşıyır. Əgər biz kənd təsərrüfatımızı bundan sonra da inkişaf etdirmək istəyiriksə və biz bunu mütləq istəyirik, bu məsələlərə daha da böyük diqqət göstərilməlidir. İndi ölkəmizdə böyük layihələr icra edilir. O layihələrin icrası nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni torpaq sahələri suvarılacaqdır. Şəmkirçay, Taxtakörpü su anbarları tikilir, digər layihələr vardır. Kanallar tikilməlidir, Samur-Abşeron su kanalı tikilir. Yəni, bütün bu layihələr böyük investisiyalar tələb edir. Ora yüz milyonlarla manat investisiya qoyulur ki, kənd təsərrüfatının inkişafına təkan verilsin" Prezident yekun nitqində bildirib.

İlham Əliyevin sözlərinə görə, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artacaqdır.

"Ancaq bununla bərabər, biz dəfələrlə bu barədə danışmışıq, kənd təsərrüfatının inkişafı intensiv xarakter daşımalıdır. Burada ən müasir texnologiyalar tətbiq olunmalıdır. Biz aqrar elmi bu işlərə cəlb etməliyik. Bu yaxınlarda Elmlər Akademiyasında keçirilən illik yığıncağında da bu barədə fikir mübadiləsi aparıldı. Ondan sonra mənim sərəncamımla xüsusi komissiya yarandı. Baş nazirin rəhbərliyi ilə komissiya yarandı və ümid edirəm ki, komissiya yaxın zamanlarda konkret təkliflər verəcəkdir. Aqrar elmin lazımi səviyyəyə qaldırılmasına böyük ehtiyac vardır.

İndi bizdə bir neçə aqraryönümlü institut fəaliyyət göstərir. O institutların fəaliyyəti daha da təsirli olmalıdır. Onların buraxdığı məhsul daha da keyfiyyətli olmalıdır və institutların işini təkmilləşdirmək üçün konkret təkliflər verilməlidir. Bu təkliflər nədən ibarət olacaq, onu siz müəyyən edəcəksiniz - təklif verəcəksiniz, baxacağıq. Biz doğrudan da aqrar elminə daha da böyük diqqət göstərməliyik. Bu sahəyə kifayət qədər lazımi səviyyədə diqqət göstərilməmişdir. Ancaq indi vaxt çatıb və biz aqrar elmin inkişafı və mütərəqqi texnologiyaların Azərbaycana gətirilməsi sahəsində böyük dönüşə nail ola bilərik. Xüsusilə indi həm texnika, həm ən gözəl cins mal-qara alınır. Amma onların saxlanması, onlar üçün şəraitin yaradılması, bütün ətraf infrastruktur əgər lazımi səviyyədə olmasa, istədiyimiz nəticəni verməyəcəkdir. Ona görə bütün bu məsələlərə kompleks şəkildə baxılmalıdır. Xarici aqraryönümlü elmi tədqiqat mərkəzləri ilə əlaqələr daha da ciddi olmalıdır. Biz bu işlərə xarici mütəxəssisləri də cəlb etməliyik. Çünki biz bilməliyik dünyada nələr baş verir, hansı ölkədə, inkişaf etmiş ölkələrdə bu məsələlər necə həll olunur?! Onların təcrübəsini tətbiq etməliyik, əlbəttə ki, daxili şəraitə də uyğunlaşdırmalıyıq.

Ona görə bu məsələlər - suvarma, meliorasiya və aqrar elmin inkişafı ilə bağlı məsələlər xüsusi məna daşıyır. Suvarma və meliorasiya məsələlərini biz dövlət investisiyaları hesabına həll edəcəyik. Buna böyük ehtiyac vardır. Əlavə təkliflər verilməlidir. Biz əkin sahələrinin həcmini artırmalıyıq. Dünən İmişli şəkər zavodunda olarkən, - bildiyiniz kimi, orada yeni müəssisələr fəaliyyətə başlayır, - məsələ qaldırıldı ki, zavodun fəaliyyətinin 12 faizi daxili istehsal hesabına təşkil olunur. Bu da müsbət haldır. Çünki zavod fəaliyyətə başlamazdan əvvəl, ümumiyyətlə, bizdə çuğundur çox az əkilirdi. İndi müxtəlif bölgələrdə, rayonlarda çuğundur istehsal olunur və emala gətirilir. Ancaq biz bilirik ki, başqa ölkələrdə şəkər zavodları öz işlərini daha çox yerli xammal üzərində qurur. Hesab edirəm ki, 12 faiz azdır. Ona görə 12 faizdən çox qalxmır ki, münbit torpaq azdır. Ona görə nəinki çuğundurla, bütün başqa sahələrlə bağlı suvarma işləri aparılmalıdır. İndi biz iri taxılçılıq fermer təsərrüfatlarını yaradacağıq. O yerlər də müəyyən edilib. Nə qədər müəyyən edilib?".
İsmət ABASOV: İlkin mərhələdə 100 min hektar. Amma geniş proqramda 200 min hektar nəzərdə tutulubdur.
Prezident İlham ƏLİYEV: 200 min. Bu sahələr artıq müəyyən edilib?
İsmət ABASOV: 100 min hektarı, bəli. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların keyfiyyəti araşdırılır ki, həmin torpaqlarda nə işlər görülməlidir və yaxud da onların bugünkü vəziyyəti necədir, gələcəkdə orada hansı kənd təsərrüfatı bitkilərini əkmək mümkündür? Ondan sonra meliorativ işlərlə də məşğul olunacaq, sonra məhsul istehsalına başlanılacaqdır.

Prezident İlham ƏLİYEV: Yaxşı, əyləş. Amma 100 min və 200 min əlavə hektarın dövriyyəyə buraxılması əlavə vəsait tələb edəcəkdir. İndi əlavə texnika, gübrələr alınmalıdır. Hər şey hesablanmalıdır. Yəni, biz hazır olmalıyıq. Biz bu məsələyə çox ciddi yanaşmalıyıq və kompleks tədbirlər görülməlidir ki, doğrudan da bu işin nəticəsi bizim maraqlarımıza uyğun olsun.
Bununla bərabər, kəndlərdə sosial infrastrukturun yaradılması işinə daha da böyük diqqət göstərilməlidir. İndi bütün rayonlarda müasir xəstəxanalar, idman qurğuları, mədəniyyət ocaqları, məktəblər tikilir. Bu proses geniş vüsət almışdır. Növbəti illərdə bu məsələyə daha da böyük diqqət göstərilməlidir. Qəzalı vəziyyətdə olan bütün məktəblər təmir olunmalıdır. Onların siyahısı vardır. Təhsil Nazirliyinə, Prezident Administrasiyasına göstəriş verilmişdir. Yerli icra orqanları da siyahılar tərtib ediblər, göndəriblər. Dövlət investisiya proqramında həm bu il, həm gələn il bu məsələlər öz əksini tapacaqdır. O cümlədən Bakıda və Bakıətrafı qəsəbələrdə də qəzalı vəziyyətdə məktəblər, əfsuslar olsun ki, vardır. Məktəblərin təmiri 2013-cü ilin sonuna qədər başa çatmalıdır. Çalışmalıyıq ki, bütövlükdə məktəblərlə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələləri də regional proqramın başa çatması ilə əlaqələndirək və 2013-cü ilin sonuna qədər bu məsələ də öz həllini tapsın.
Həm bu bölgədə, həm digər bölgələrdə indi kifayət qədər taxıl anbarları tikilib. Əlavə taxıl anbarlarının tikintisinə sanki ehtiyac yoxdur. Siz bu məqsədlər üçün vəsait nəzərdə tutmursunuz daha, yoxsa yenə də ehtiyac vardır?
Şirzad ABDULLAYEV: Əgər sahibkarların təşəbbüsü olacaqsa, cənab Prezident, bu layihənin maliyyələşdirilməsi məsələsinə baxılacaqdır. Amma bu gün respublikanın əsasən taxıl anbarları kompleksləri ilə təmin olunması mümkündür. Çünki bu gün respublikada bir milyon tona qədər tutumu olan, müasir tələblərə cavab verən taxıl anbarları kompleksləri artıq fəaliyyətdədir.
Prezident İlham ƏLİYEV: Amma nəzərə alsaq ki, bizdə taxılın istehsalı artacaq, onda bəlkə də müəyyən mərhələdə yenə də tikmək lazım olacaqdır.
İsmət ABASOV: Hazırda, cənab Prezident, mövcud layihələr hesabına təxminən 267 min ton tutumu olan taxıl anbarları vardır. Bundan başqa, nəzərə alsaq ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən də bu tədbirlər həyata keçirilmişdir, mən düşünürəm ki, bu gün üçün hələlik kifayət edər. Amma gələcəkdə ehtiyac olarsa, yenidən bu məsələyə İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə baxmaq olar.
Prezident İlham ƏLİYEV: Çox yaxşı, əyləş. Biz bu məsələni qısa müddət ərzində həll etdik. Konkret tapşırıqlar verildi, vəsait ayrıldı və bu məsələni həll etdik. İndi soyuducu anbarların tikintisi də davam edir. Orada da böyük işlər görülür. Ancaq hələ ki, işlər görülməlidir. Buna ehtiyac vardır. Yəqin ki, indi siz də investisiya proqramında bunu nəzərdə tutacaqsınız.

"Aqrolizinq"lə bağlı məsələlər öz həllini tapır. Bir neçə il bundan əvvəl biz "Aqrolizinq"i yaratdıq. Dünən "Aqroservis" bazasında olarkən yeni texnika ilə tanış oldum. Bir daha gördüm ki, əgər vaxtilə "Aqrolizinq"i yaratmasaydıq, ümumiyyətlə, indi kənd təsərrüfatı necə inkişaf edəcəkdi?!
İsmət ABASOV: Cənab Prezident, rayonlarda "Aqroservis" filiallarının yaradılması Sizin təşəbbüsünüzlə oldu. Yəni o vaxt Siz dəstək verməsəydiniz bu, yaranmayacaqdı. Filiallar Sizin təklifiniz və razılığınızla yaradıldı. Yoxsa deyirdilər ki, bu texnikalar yalnız lizinqə verilsin. Amma nəzərə alsaq ki, kombayn mövsümdə bir ay yarım işləyir, fermerlərin böyük vəsait hesabına bu texnikanı almalarına lüzum yoxdur.
Prezident İlham ƏLİYEV: Əlbəttə, vaxtilə "Aqrolizinq"i yaradanda da müxtəlif fikirlər var idi. Ancaq mən hesab edirəm və həyat bunu göstərdi ki, bu, ən düzgün addım idi. İndi bəzi fikirlər var ki, "Aqroservis"lər sovet dövründən qalan mirasdır. Amma sovet dövründə də axı müsbət hallar, müsbət təşəbbüslər kifayət qədər idi. Məhz sovet dövründə Azərbaycanda 2 milyon ton üzüm, 1 milyon ton pambıq istehsal olunurdu. Bunlar Heydər Əliyevin fəaliyyətinin nəticəsi idi. O, hakimiyyətə gələndə Azərbaycanda pambıq istehsalı 150 min tonu keçmirdi.
İsmət ABASOV: 150 min ton pambıq, 264 min ton üzüm istehsal olunurdu.
Prezident İlham ƏLİYEV: Bəli, pambıq istehsalı bir milyon tona, üzüm isə 2 milyon tona çatdı.
İsmət ABASOV: Təkcə Cəlilabad rayonu 260 min tondan yuxarı üzüm istehsal edirdi ki, bu da Ermənistanın bütün üzümündən daha çox idi.
Prezident İlham ƏLİYEV: Bəli, ona görə biz müsbət təcrübəni tətbiq etməliyik. Xüsusilə nəzərə alsaq ki, üzümçülüklə bağlı verdiyim tapşırıqlar indi icra olunur və olunmalıdır, biz geniş proqram qəbul etməliyik. Bilirəm ki, bu məsələ ilə bağlı da fikir ayrılığı vardır. Bəzi fikirlər var ki, biz o əkin sahələrini daha çox ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, taxılçılıq üçün saxlayaq. Əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələləri çox vacibdir və biz bu məsələlərə böyük diqqət göstəririk. Amma biz hamımız yaxşı bilirik ki, üzümçülüyün inkişafı hesabına 1970-ci illərdə on minlərlə kəndli pul qazandı, ev tikdi, maşın aldı. Yəni, öz güzəranını yaxşılaşdırdı. Ona görə üzümçülüyün inkişafına diqqət verilir və verilməlidir. Bir neçə gün bundan əvvəl Azər arayış yazıb mənə göndərdi. Mən onu göndərdim İqtisadi İnkişaf Nazirliyinə. Birgə baxın - Kənd Təsərrüfatı Nazirliyi, Administrasiya, İqtisadi İnkişaf Nazirliyi. Hesab edirəm ki, geniş proqramın qəbul olunmasına da ehtiyac vardır.
İsmət ABASOV: Üzümçülüyün inkişaf etdirilməsi əlbəttə, Sizin dediyiniz kimi, həyata keçiriləcəkdir. Söylədiyiniz kimi, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, məhsuldarlığın artırılmasına daha çox diqqət yetirilməlidir. Biz mütəxəssislər düşünürük ki, suvarılan sahələri olan fermerlər yaxşı olardı ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olsunlar.
Prezident İlham ƏLİYEV: Yəni, taxılçılıqla.
İsmət ABASOV: Bəli, taxılçılıqla. Amma dəmyə şəraitində olan sahələrdə üzümçülüyü inkişaf etdirmək daha məqsədəuyğundur. Biz hesablamalar aparmışıq ki, Azərbaycanda təxminən 50 min hektar üzüm bağı olsa və hektardan 100 sentner məhsul götürülərsə, bu, 500 min ton deməkdir. Nəzərə alsaq ki, həmin məhsul öz bazarını tapıb satılmalıdır, ilkin mərhələdə 500 min ton Azərbaycan üçün kifayət edər.
Prezident İlham ƏLİYEV: Bəli. Amma əlbəttə ki, bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Biz istehsalı artıra bilərik, ondan sonra emal müəssisələri və satış məsələləri gəlir. Satışla bağlı inanmıram ki, hər hansı bir problem ortaya çıxsın. Çünki əvvəlki dövrdə ənənəvi bazarlarımız olubdur və o bazarlara çıxmaq üçün hesab edirəm ki, bizdə imkanlar vardır.

Yenə də deyirəm, biz bu məsələyə kompleks şəkildə baxmalıyıq - istehsaldan satışa qədər. Biz gərək bu zənciri müəyyən edək və siz də bunun üzərində işləyin. Orada nə qədər dövlət vəsaiti olmalıdır. Dövlət vəsaitini illər üzrə bölün. Biz bilməliyik, texnika almaq, fermerləri stimullaşdırmaq üçün nə qədər vəsait lazımdır. Çünki bu sahə bir az unudulub.
İsmət ABASOV: Ötən il 130 min ton üzüm istehsal olunmuşdur. Amma, cənab Prezident, nəzərə almaq lazımdır ki, ölkədə təkcə sənaye üçün üzümün istehsalı deyil, eyni zamanda, süfrə üzümünə çox böyük ehtiyac vardır. Süfrə üzümünün qeyri-mövsümdə satılması üçün soyuducu kameralar tikilir. Bundan başqa, süfrə üzümünün emal edilərək kişmiş və digər formada satılması da iqtisadiyyatımıza çox böyük müsbət təsir göstərər.
Prezident İlham ƏLİYEV: Mütləq buna da fikir verilməlidir. İndi bəzi hallarda süfrə üzümü Azərbaycana idxal edilir.
Bizim üstünlüyümüz ondadır ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısı təbiidir. Orqanik deyirlər bunlara. Yaxşı bilirsiniz ki, xaricdə orqanik, yəni təbii məhsullar daha da baha qiymətə satılır. Biz bu təbiiliyi saxlamalıyıq. Ona görə bu məsələyə çox ciddi diqqət verilməlidir. Bu, həm iqtisadi inkişaf, həm də insanların, fermerlərin sosial məsələlərinin həlli baxımından çox vacibdir. Biz bu ənənəni bərpa etməliyik. Vaxtilə bizim üzüm bağlarımızı sovet hökuməti məhv edib. Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibət bunda da özünü göstəribdir. O vaxt digər respublikalarda da üzüm istehsal olunurdu - Ukraynada, Moldovada, Ermənistanda, Gürcüstanda. Orada, nədənsə, üzüm bağları məhv edilməmişdir. Amma mərkəzi hökumət və onların buradakı xidmətçiləri canfəşanlıqla bütün üzüm bağlarını məhv etdilər, insanları çörəksiz qoydular. Biz bu sahəni bərpa etməliyik.
Beləliklə, kənd təsərrüfatının inkişafı ilə bağlı bütün məsələlərə, bir daha demək istəyirəm ki, kompleks şəkildə baxılmalıdır, onlar həllini tapmalıdır. Biz bu məsələlərlə bağlı vaxtaşırı görüşürük. Sahibkarlarla görüşlərimdə də əsas diqqət kənd təsərrüfatının inkişafına yönəldilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə əsas vəsait kənd təsərrüfatının emal sənayesinin inkişafına gedir. Yəni, bu sahə daim diqqət mərkəzindədir və bütün dövlət qurumları - Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləri, Fond, yerli icra orqanları öz işini əlaqəli şəkildə qurmalıdırlar ki, ölkəmizin bu istiqamətdəki siyasəti daha da təsirli və məqsədyönlü olsun.
Bütövlükdə Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı sahəsində böyük uğurlar, böyük nəticələr vardır və bu gözəl süd kombinatı da bunun bariz nümunəsidir. Nəinki qonşuluqda, hətta Şərqi Avropada da buna bənzər gözəl kompleks yoxdur. Mən istəyirəm ki, belə gözəl komplekslərin sayı çox olsun.
Sizə uğurlar və yeni nailiyyətlər arzulayıram.
Sağ olun.

Xəbər lenti

Xəbər lenti