Azərbaycan, Bakı, 12 may /Trend/
Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə "Heydər Zirvəsi"nə yürüş ediblər.
MTN-nin İctimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, xüsusi təyinatlıların Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən, hündürlüyü 3 751 metr olan və ümummilli lider Heydər Əliyevin adını daşıyan "Heydər Zirvəsi"nə yürüşü mayın 7-də Bakı şəhərində Fəxri və Şəhidlər xiyabanlarını ziyarətdən başlanıb.
Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədilə həmin ərazidə düşərgə salınıb.
Yürüş iştirakçıları mayın 9-da ulu öndərin adını daşıyan "Heydər Zirvəsi"nə qalxaraq, ümummilli liderin barelyefi önünə gül dəstələri qoyub və Azərbaycanın dövlət bayrağını sancıblar.
Artıq ənənə halını almış belə tədbirlər ulu öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsi olmaqla yanaşı, Azərbaycanda idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.