...

AXC-nin yaranması müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu göstərdi - deputat

Siyasət Materials 26 May 2011 12:49 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması tariximizin müstəsna əhəmiyyətə malik olan səhifələrindən biridir. Bunu cümə axşamı Trend-ə millət vəkili, tarixçi, professor Musa Qasımlı bildirib.
AXC-nin yaranması müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu göstərdi - deputat

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması tariximizin müstəsna əhəmiyyətə malik olan səhifələrindən biridir. Bunu cümə axşamı Trend-ə millət vəkili, tarixçi, professor Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu, müsəlman Şərqinə cümhuriyyət fikrini, məfkurəsini məhz Azərbaycan xalqı gətirdi.

"AXC-nin qurulmasının əhəmiyyəti təkcə Azərbaycan coğrafiyası ilə məhdudlaşmır. Cümhuriyyətin qurulması bütün müsəlman Şərqinə təsir edən əhəmiyyətli hadisə oldu, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu göstərdi. Hətta İrkutskda olan konsulluğumuza əsirlikdə olan digər xalqların nümayəndələri AXC vətəndaşı olmaq üçün müraciət edirdilər", - tarixçi deyib.

Qasımlının sözlərinə görə, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. "AXC bizim müasir dövlət atributlarımızı qəbul etdi, dövlət və hökumət strukturları formalaşdı. XX əsrdə Azərbaycan xalqı ilk dəfə olaraq 1918-ci ildə dövlət millətinə çevrildi. 1828-ci ildə xanlıqlar formasında Rusiya tərəfindən işğal edilib onun tərkibinə qatılmışdıqsa, 1918-ci ildə Azərbaycan vahid bir xalq, ölkə olaraq onun tərkibindən çıxdı", - o qeyd edib.

Millət vəkili deyib ki, hazırda cümhuriyyətimizin tarixinin öyrənilməsi ilə bağlı ciddi işlərin görülməsi müsbət haldır. Qasımlı bildirib ki, bu istiqamətdə ilk sistemli işin görülməsindən ötrü addımlar 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə atıldı.

"Həmin sərəncamdan sonra parlamentin sənədləri, xarici siyasət sənədləri və digər sənədlər çap edildi, elmi-tarixi əsərlər yazıldı və müsbət haldır ki, bu gün Azərbaycanda cümhuriyyət xadimlərinə, tarixinə böyük ehtiram göstərilir", - Qasımlı vurğulayıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda "Cümhuriyyət dövrü tarixi" şöbəsi var.

"Prezident İlham Əliyevin sərəncamı ilə İstiqlaliyyət küçəsində AXC qurucularının şərəfinə abidə ucaldılıb, onların adına ölkəmizdə küçələr, parklar, qəsəbələr var", - Qasımlı deyib.

1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Xalq Cümhuriyyəti süquta uğradı.

Xəbər lenti

Xəbər lenti