...

Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilib (FOTO)

Siyasət Materials 5 İyun 2011 12:22 (UTC +04:00)
Sankt-Peterburqdakı Tavriçeskiy sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı şənbə günü işə başlayıb
Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilib (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 00:38-də yayılıb)

Sankt-Peterburqdakı Tavriçeskiy sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı şənbə günü işə başlayıb. İki gün davam edəcək bu tədbir RAGT-nin yaradılmasının ikinci ildönümünə həsr olunmuşdur. Konfransda Rusiyanın bütün regionlarını təmsil edən RAGT nümayəndələri iştirak edirlər.

Konfransın əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva tədbirdə çıxış etmişdir. O, təşkilatın iki illik fəaliyyəti barədə məlumat verərək vurğulamışdır ki, bu dövrdə kifayət qədər yaxşı nəticələr əldə edilmişdir. RAGT sədri bildirmişdir ki, təşkilatın coğrafiyası genişlənir, indi Moskva və Sankt-Peterburq ilə yanaşı Arxangelsk, Tver, Yekaterinburq və bir sıra başqa regionlarda da azərbaycanlı gənclərin klubları fəaliyyət göstərir. Leyla xanım Əliyeva RAGT-nin iki illik fəaliyyəti dövründə keçirilmiş aksiyalar, tədbirlər və görüşlər barədə də məlumat vermişdir. O, "Xocalıya ədalət" kampaniyasına xüsusi diqqət yetirərək qeyd etmişdir ki, bu aksiya sayəsində dünyada insanların getdikcə daha çox hissəsi Azərbaycan xalqına qarşı törədilmiş bu faciədən xəbər tutur. Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Konfransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, gənclər və idman naziri Azad Rəhimov, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Mixail Krotov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Sankt-Peterburq Administrasiyasının Gənclər Siyasəti Komitəsinin sədri Aleksandr Nikolayev, Sankt-Peterburq Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Rusiya Prezidentinin Sankt-Peterburqdakı səlahiyyətli nümayəndəsi Aleksandr Volox, Latın Amerikası gənclər təşkilatının vitse-prezidenti Xulian Luqo Mendes, Moskvanın, Sankt-Peterburqun və Mərkəzi Federal dairənin gənclər təşkilatlarının nümayəndələri də çıxış etmişlər.

Axşam Petropavlovsk qalasının Narışkin bastionunda RAGT-nin yaradılmasının ikinci ildönümünə həsr edilmiş konsert olmuşdur.

İyunun 5-də konfransın işi panel diskussiyaları çərçivəsində davam edəcəkdir. Elə həmin gün Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın əsaslı təmirdən sonra təntənəli açılış mərasimi olacaqdır.

Xəbər lenti

Xəbər lenti