...

Balkan regionunu Xəzər və Qafqaz regionları ilə birləşdirəcək layihələr var - Azərbaycan Prezidenti (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 İyun 2011 01:36 (UTC +04:00)
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mətbuata bəyanatlarla çıxış ediblər. Trend-in məlumatına görə, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Balkan regionunu Xəzər və Qafqaz regionları ilə birləşdirəcək layihələr var - Azərbaycan Prezidenti (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan Prezidentinin bəyanatı əlavə olunub (İlk xəbər 8 iyun saat 18:37-də yayılıb)

Serbiyada olmağımdan çox məmnunam. Çox şadam ki, iki ölkə arasında münasibətlər çox sürətlə inkişaf edir. Münasibətlərimiz bütün dövrlərdə yüksək səviyyədə olub. Ancaq qeyd etməliyəm ki, son bir neçə il ərzində bu münasibətlər daha da dinamik və intensiv xarakter daşıyır, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda mətbuata bəyanatla çıxışı zamanı bildirib.

"Cənab Prezident, Sizin keçən il Azərbaycana səfəriniz və səfərin gözəl nəticələri bu münasibətlərin inkişafına güclü təkan vermişdir. Mənim bugünkü səfərim onu göstərir ki, aramızda güclənən siyasi dialoq doğrudan da strateji xarakter daşıyır və biz ikitərəfli münasibətlərə məhz bu nöqteyi-nəzərdən yanaşırıq.

Əlaqələrimiz çoxşaxəlidir və cənab Prezident, Siz çıxışınızda bu gün apardığımız danışıqlar haqqında məlumat vermisiniz. Əlavə etmək istəyirəm ki, biz doğrudan da bu münasibətlərə çox böyük diqqət göstəririk. Bu münasibətlər bizim üçün çox önəmlidir. Biz istəyirik ki, bütün sahələrdə ikitərəfli formatda əməkdaşlıq daha da dərinləşsin. Eyni zamanda, münasibətlərimizin regional əməkdaşlıq meyillərinin gücləndirilməsinə də çox müsbət təsiri vardır. Balkan regionunu Xəzər və Qafqaz regionları ilə birləşdirə biləcək kifayət qədər layihələr vardır. Biz bu gün bu layihələr haqqında geniş fikir mübadiləsi aparmışıq və bizdə heç bir fikir ayrılığı yoxdur.

Siyasi əlaqələrimizin inkişafı üçün beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi davam etdirəcəyik" İlham Əliyev deyib, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Dövlət başçısı qeyd edib ki, ölkələrimiz separatizmdən əziyyət çəkən ölkələrdir.
"Bizim ərazi bütövlüyümüz pozulubdur və əfsuslar olsun ki, bu ədalətsizlik uzun illərdir davam edir. Biz Serbiyanın ərazi bütövlüyünü tanıyırıq və üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü daim müdafiə edəcəyik.
Biz hesab edirik ki, heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları bütün hallarda üstünlük təşkil etməlidir və bu, bizim prinsipial mövqeyimizdir, biz bu mövqedən bir addım da geri atmayacağıq.

Eyni zamanda, biz Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığımızı bildiririk ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Serbiya daim ədalətli mövqe nümayiş etdirib. Bu mövqe beynəlxalq təşkilatlarda, xüsusilə BMT-nin Baş Məclisində keçirilən səsvermə zamani da özünü göstərmişdir. Bu mövqeyə görə biz Sizə minnətdarıq.

Bizi birləşdirən təkcə ağrılarımız, dərdlərimiz, problemlərimiz deyildir. Bizi birləşdirən hər iki ölkədə olan nikbin əhval-ruhiyyəsidir. Biz tam əminik ki, ölkələrimizin gələcəyi parlaq olacaqdır. Hazırda bizi incidən, narahat edən problemləri həll edəcəyik, haqq-ədalət öz yerini tutacaq və əminəm ki, ölkələrimizin ərazi bütövlüyü bərpa olunacaq" Prezident bəyanatında deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan Serbiyanın AGRİ layihəsinə qoşulmaq təşəbbüslərini böyük məmnuniyyətlə alqışlayır.

"Bildiyiniz kimi, bu layihə bu yaxınlarda müzakirə mövzusuna çevrilmişdir və birinci sammit Bakıda keçirilmişdir. Hazırda AGRİ layihəsi üzrə araşdırmalar aparılır, texniki-iqtisadi əsaslandırma hazırlanır. Biz çox istərdik ki, Serbiya da bu layihəyə qoşulsun. Nəzərə alsaq ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları hazırda müxtəlif bazarlara nəql edilir və bizim üçün yeni bazarlar çox maraqlıdır. Biz ümid edirik ki, zəngin qaz potensialımızı maksimum dərəcədə reallaşdıra bilərik.

Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Ancaq bu, çox təvazökar rəqəmdir. Proqnoz isə ondan ən azı iki dəfə çoxdur. Bunu nəzərə alaraq, Avropa və başqa bazarlar üçün bizim qazımız ən azı yüz il xidmət göstərəcəkdir. Bizə yeni bazarlar, Avropadakı istehlakçılara isə yeni mənbələr lazımdır. Şaxələndirmə məsələləri həm istehsalçılar, həm də istehlakçılar üçün eyni dərəcədə önəmlidir. Ona görə burada bizim maraqlarımız üst-üstə düşür.

Bütövlükdə Azərbaycan enerji təhlükəsizliyi məsələlərində fəal rol oynayır. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizinin zəngin ehtiyatlarını dünya bazarlarına nəql edə bilmişdir. Hazırda Azərbaycanı dünya bazarları ilə birləşdirən 7 neft və qaz kəməri vardır ki, onların hamısı işlək vəziyyətdədir. Bizim neftimiz, qazımız müxtəlif istiqamətlərlə dünya bazarlarına nəql edilir. Biz çox istərdik ki, Serbiyanı Azərbaycan ilə, o cümlədən enerji sahəsində bağlayan, birləşdirən əməkdaşlıq olsun.

Eyni zamanda, biz bu gün digər layihələri də müzakirə etdik. Böyük dəmir yolunun - Yeni İpək Yolunun bərpası layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən yeni dəmir yolu istismara veriləcəkdir. Bu, eyni zamanda, Asiyanı Avropa ilə birləşdirən bir dəmir yolu olacaqdır. Bu dəmir yolunun üzərində yerləşən bütün ölkələr həmin əməkdaşlıqdan ancaq fayda götürəcəklər. Beləliklə, regional əməkdaşlıq daha da böyük həcmdə öz həllini tapa bilər.

Biz, eyni zamanda, Serbiya rəhbərliyinə minnətdarıq ki, Azərbaycan şirkətlərinə onların münasibəti çox müsbətdir. İndi Azərbaycanda müasir, güclü şirkətlər yaranmışdır və onlar üçün Serbiyada işləmək, iş görmək, kontraktlarda iştirak etmək böyük maraq doğura bilər. Biz bu məsələləri də müzakirə etdik.

Beləliklə, ikitərəfli birgə hökumətlərarası komissiyasının işi çox olacaqdır. Əminəm ki, komissiya tezliklə öz işinə başlayacaqdır. Bu gün müzakirə etdiyimiz məsələlər komissiya tərəfindən baxılıb prezidentlərin diqqətinə təqdim ediləcəkdir.

Bu gün imzalanmış sənədlər, eyni zamanda, onu göstərir ki, niyyətimiz çox yaxşıdır, çox gözəldir. Biz istəyirik ki, bütün sahələrdə əməkdaşlıq edək. Bu əməkdaşlığın təməlində güclü siyasi əlaqələr vardır. Eyni zamanda, bu gün cənab Prezidentlə müzakirə əsnasında eyni fikir söyləmişik ki, insanlararası münasibətlər, humanitar əlaqələr də çox vacibdir. Həm Serbiyada, həm Azərbaycanda dini və milli tolerantlığın dərin kökləri, böyük tarixi vardır.

Həm Serbiyada, həm Azərbaycanda müxtəlif dinlərin, müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim nadir təcrübəmizdir. Biz bu təcrübədən istifadə edərək çalışmalıyıq ki, bütün dünyada nə dini, nə milli zəmində heç bir münaqişə, heç bir qarşıdurma olmasın. Serbiya Balkanlarda, Azərbaycan isə Qafqaz və Xəzər hövzəsində bu istiqamətdə səylərini birləşdirərək böyük işlər görə bilər.

Bir sözlə, bugünkü səfərim artıq çox gözəl nəticələrini verməkdədir. Əminəm ki, səfərin nəticələri gözəl olacaq və mənim səfərim münasibətlərimizin inkişafına yeni güclü təkan verəcəkdir. Cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram. Serbiya xalqına uğurlar və tərəqqi arzulayıram. Sağ olun" Prezident nitqinin sonunda deyib.

Prezident İlham Əliyev Serbiyada Azərbaycan səfirliyinin iqamətgahının açılış mərasimində də iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti