...

Azərbaycan və Serbiya prezidentləri Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstünün açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 9 İyun 2011 19:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç cümə axşamı Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışında iştirak ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan və Serbiya prezidentləri Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstünün açılışında iştirak ediblər (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç cümə axşamı Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışında iştirak ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Serbiyanın Novi Sad Voevodina muxtar diyarının paytaxtıdır və Belqraddan sonra ölkənin ikinci ən böyük şəhəri sayılır. Novi Sad 1694-cü ildə salınmışdır. XVII-XIX əsrlərdə Serbiya mədəniyyətinin beşiyi olmuş bu şəhəri "Serb Afinası" adlandırırlar. Bu gün Novi Sad Serbiya iqtisadiyyatının sənaye və maliyyə, ölkənin əsas mədəniyyət mərkəzlərindən biridir. Burada Serbiyanın ən qədim mədəniyyət, elm mərkəzləri, muzeylər, teatrlar yerləşir. Təsadüfi deyildir ki, Serbiyanın ilk teatrı 1861-ci ildə bu şəhərdə fəaliyyətə başlamışdır.

Serbiyanın mədəni həyatına daha bir töhfəni Azərbaycan vermişdir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü ucaldılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, büstün yerləşdiyi parkın ərazisində abadlıq işləri aparılmış, şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Mərasimin aparıcısı Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılıq irsi nəinki Azərbaycan xalqının milli sərvətidir, həm də dünya mədəniyyətinin incisidir. Bu dahi insanın musiqisi dünya mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Bəstəkarın yaratdığı musiqi, ədəbi və elmi irs ölməz və əbədidir.

Mərasimdə çıxış edən Novi Sad şəhərinin meri İqor Pabliçiç dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılması münasibətilə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, çoxmədəniyyətli ölkə olan Serbiya digər mədəniyyətlərə hörmətlə yanaşır və Üzeyir Hacıbəylinin büstünün Novi Sadda ucaldılması bu şəhərin sakinləri üçün böyük şərəfdir.

Pabliçiç şəhərin Azərbaycan ilə iqtisadi əməkdaşlıqda maraqlı olduğunu və bu tədbirin ölkələrimiz arasında dostluğu daha da möhkəmləndirəcəyini vurğuladı.

Azərbaycan və Serbiya prezidentləri büstün üzərindəki örtüyü götürdülər.

Dövlət başçıları mərasimdə çıxış etdilər.

Prezident İlham Əliyev və Prezident Boris Tadiç Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın əsərlərini dinlədilər.

Sonra dövlət başçıları dahi bəstəkarın büstünün yerləşdiyi parkın yaxınlığından keçən Dunay çayının sahilini seyr etdilər.

Xəbər lenti

Xəbər lenti