...

Argentinanın iki jurnalının sonuncu nömrəsi Azərbaycana həsr olunub

Siyasət Materials 1 İyul 2011 13:05 (UTC +04:00)
Argentinada nəşr olunan "İmagen Diplomatica" və "Revista Placet Diplomatica" jurnallarının sonuncu nömrəsi Azərbaycana həsr olunub.
Argentinanın iki jurnalının sonuncu nömrəsi Azərbaycana həsr olunub

Azərbaycan, Bakı,1 iyul /Trend/

Argentinada nəşr olunan "İmagen Diplomatica" və "Revista Placet Diplomatica" jurnallarının sonuncu nömrəsi Azərbaycana həsr olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Üz qabığında Bakının "İçəri Şəhər" metro stansiyası ilə "Köhnə Qala" divarlarının fotoşəkili yerləşdirilmiş "İmagen Diplomatica" jurnalının sonuncu nömrəsi "Azərbaycan - qədim tarixin müasirliklə qovuşduğu nöqtə" (Azerbaiýan - punto de confluencia de la historia antigua con la modernidad) adlanır.

Jurnalda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin cari ilin fevral ayında Argentinaya səfəri, səfər çərçivəsində təşkil olunmuş görüş və tədbirlər, ümumilikdə ölkəmizin həqiqətləri, tarixi-mədəni irsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin sosial-iqtisadi inkişafı, Argentina ilə əməkdaşlığı, habelə cari ildə Buenos-Ayresdə qeyd olunmuş Azərbaycanın Respublika Günü, ölkənın 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən məqalələr dərc olunub.

"Revista Placet Diplomatica" jurnalının "Azərbaycan Buenos-Ayresdə təqdim olunur" (Azerbaiýan se muestra en Buenos Aires) adlanan bu nömrəsinin də üz qabığında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentinaya səfəri çərçivəsində Buenos-Ayresdə təşkil olunmuş "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" adlı sərginin açılış mərasiminin şəkli yerləşdirilib və jurnalda həmin səfər, Argentina-Azərbaycan əməkdaşlığı, Azərbaycan haqqında ətraflı məlumatlar, xüsusilə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, ölkəmizin tərəqqisi və digər həqiqətlərinə dair geniş məqalə dərc olunub.

Jurnallarda ölkəmizin müxtəlif görməli yerləri ilə bağlı fotoşəkillər də yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti