...

İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb (FOTO)

Siyasət Materials 4 İyul 2011 15:44 (UTC +04:00)
İordaniya parlamentində İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb.
İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir T.Hacıyev/

İordaniya parlamentində İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Əmmandakı səfirliyindən məlumat verilib. Səfirliyin birinci katibi Kənan Murtuzov dostluq qrupunun sədri S.Hadban və qrupun üzvləri ilə İordaniya parlamentində görüş keçirib.

Görüşdə Murtuzov bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edildiyini söyləyib və bu 20 il ərzində respublikamızın keçdiyi yol, aparılmış islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də həmsöhbətlərini məlumatlandırıb.

Görüş zamanı Azərbaycanla İordaniya arasındakı əməkdaşlığın mövcud vəziyyəti barədə fikir mübadiəsi aparılıb. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edən diplomat bir müddət öncə Azərbaycan Milli Məclisində də Azərbaycan-İordaniya dostluq qrupunun yaradıldığını diqqətə çatdırıb.

Hadban iki ölkə arasında əməkdaşlığın yüksək templərlə inkişaf etməsini təqdirəlayiq hal kimi qeyd edib və parlamentlərarası əlaqələrin genişlənməsinin vacibliyini xüsusi vurğulayıb. Həm İordaniyanın, həm də Azərbaycanın parlamentlərində yaradılmış dostluq qruplarının bu əlaqələri daha da dərinləşdirəcəyinə əminliyini ifadə edən Hadban, qanunverici orqanların nümayəndələrinin qarşılıqlı səfərlər və təcrübə mübadiləsi etmələrinin əhəmiyyətindən danışıb.

Görüş zamanı parlamentlərarası dostluq qruplarının yaxın zamanlarda qarşılıqlı səfərlərinin təşkili istiqamətində hər iki tərəfin lazımi iş aparması barədə razılığa gəlinib.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyət, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları, Yaxın Şərq və Şimali Afrika regionunda cərəyan edən son hadisələr, İordaniyanın daxili vəziyyəti və s. ətrafında söhbət aparılıb.

Xəbər lenti

Xəbər lenti