...

Azərbaycan Parlamentinin sədri Polşa Prezidenti ilə görüşüb

Siyasət Materials 25 İyul 2011 19:02 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi Azərbaycanda səfərdə olan Polşa Prezidenti Bronislav Komorovski ilə görüşüb.
Azərbaycan Parlamentinin sədri Polşa Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi Azərbaycanda səfərdə olan Polşa Prezidenti Bronislav Komorovski ilə görüşüb.

Trend-in Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumatına görə, spiker bildirib ki, müxtəlif dövrlərdə dövlət başçıları səviyyəsində həyata keçirilmiş rəsmi səfərlər və imzalanmış sənədlər münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edib.

Spiker parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışaraq hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının mövcudluğunu müsbət dəyərləndirib. Bildirilib ki, Avropa İttifaqının "Tvinninq" layihəsi çərçivəsində Milli Məclislə Polşa seymi arasında səmərəli əməkdaşlıq yaranıb.

Söhbət zamanı spiker Dağlıq Qarabağ probleminin regionda əsas gərginlik mənbəyi olduğunu xüsusi qeyd edib. Bildirilib ki, bu münaqişə regionun siyasi və iqtisadi inkişafına, Avroatlantik məkana inteqrasiya proseslərinə ciddi maneələr yaradır.

Polşa Prezidenti Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətləri çox yüksək dəyərləndirib. O, ölkənin belə sürətli inkişafının düşünülmüş iqtisadi siyasətin nəticəsi olduğunu söyləyib. Bronislav Komorovski bildirib ki, Polşa təkcə energetika sahəsində deyil, qeyri-neft sektorunda da Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır

Söhbətdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, parlamentlərarası əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Əli Hüseynli, Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev, qrupun üzvləri Ağacan Abıyev, Asim Mollazadə, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, Polşanın Azərbaycandakı səfiri Mixal Labenda və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti