...

Azərbaycan Parlamentinin deputatı: Sarkisyan terrorçudur

Siyasət Materials 29 İyul 2011 16:23 (UTC +04:00)
Ermənistan Prezidentinin erməni gənclərinə müraciətdə "Qarabağı biz aldıq, Ağrı dağını da siz azad edəcəksiniz" deməsi Türkiyə və Azərbaycan üçün həyəcan siqnalı olmalıdır.
Azərbaycan Parlamentinin deputatı: Sarkisyan terrorçudur

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Ermənistan Prezidentinin erməni gənclərinə müraciətdə "Qarabağı biz aldıq, Ağrı dağını da siz azad edəcəksiniz" deməsi Türkiyə və Azərbaycan üçün həyəcan siqnalı olmalıdır. Bunu cümə günü Trend-ə yazıçı-publisist, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Rüstəmxanlı qeyd edib ki, Serj Sarkisyan və ətrafında olan adamlar Qarabağı işğal etdiklərinə görə fəxr edirlər. Ona görə də Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konstruktiv sənədə imza atacağını gözləmək sadəlöhvlükdür.

O vurğulayıb ki, Sarkisyan terrorçudur və onun əli azərbaycanlıların qanına batıb. Rüstəmxanlı deyib ki, bu fakt düyna ictimaiyyətinə çatdırılmalıdır.

Millət vəkili qeyd edib ki, Türkiyədə bəzi şəxslər Ermənistana qarşı loyal münasibət sərgiləməyin tərəfdarıdırlar.

"Türkiyədə bəzi adamlar özlərini elə aparırlar ki, sanki heç nə olmayıb. Onlar öz tarixlərinə laqeyd münasibət bəsləyirlər. Qars müqaviləsini qəbul etmək istəməyən, Türkiyənin ərazi bütövlüyünü qəbul etmək istəməyən, soyqırım iddialarından əl çəkməyən Ermənistanın başını sığallayıb, onunla müqavilə imzalamaq, Qarabağ olmasaydı Ermənistanla yolları tez açardıq deyən adamlar üçün Ermənistan Prezidentinin dediyi sözlər sillədir", - o vurğulayıb.

Rüstəmxanlı hesab edir ki, Ermənistan Prezidentinin Türkiyəyə qarşı da ərazi iddiası irəli sürməsi dünya birliyinin Ermənistanın təcavüzkarlığına göz yummasının nəticəsidir.

"Ermənistan vilayətinin çar Nikolayın əmri ilə necə yarandığını, ora ermənilərin necə köçürüldüyünü, İrəvan şəhərinin Ermənistana necə verildiyini və adı dəyişdirilərək Yerevan qoyulduğunu, 10 min kvadrat kilometr ərazilərini necə artırıb 28 min kvadrat kilometr etdiklərini dünya ictimaiyyətinə çatdırmalıyıq", - deputat qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti