...

Pakistan hökuməti Azərbaycanla iqtisadi əlaqələrin səviyyəsini siyasi münasibətlər səviyyəsinə qaldırmaq niyyətindədir - səfir

Siyasət Materials 12 Avqust 2011 10:45 (UTC +04:00)
Pakistan Azərbaycanla iqtisadi münasibətlərin səviyyəsini yüksəltmək niyyətindədir - səfir
Pakistan hökuməti Azərbaycanla iqtisadi əlaqələrin səviyyəsini siyasi münasibətlər səviyyəsinə qaldırmaq niyyətindədir - səfir

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir S.Ağayeva/

Pakistan hökuməti Azərbaycanla iqtisadi münasibətlərin səviyyəsini siyasi münasibətlər səviyyəsinə qaldırmaq niyyətindədir.

"Pakistan iki ölkə arasında iqtisadi münasibətləri daha yüksək səviyyəyə qaldırmağı vacib hesab edir", - Trend-ə müsahibəsində bu ölkənin Azərbaycana yeni təyin olunan səfiri İnayat Ullah Kakar Pakistanın müstəqilliyi günü ərəfəsində deyib.

"Pakistan və Azərbaycan arasında siyasi münasibətlər hazırda çox yüksək səviyyədədir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, iki dövlət rəhbəri arasında yaxşı münasibətlər var. Dəfələrlə dövlət, nazirlik rəhbərləri səviyyəsində səfərlər edilib, ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Pakistan Azərbaycanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində dəstəkləyir və problemin beynəlxalq hüquq və sözsüz ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. "Azərbaycan isə öz növbəsində həmişə Kəşmir məsələsində Pakistanı dəstəkləyib və əminəm ki, gələcəkdə də siyasi əlaqələrimiz inkişaf edəcək, - diplomat bildirib.

Onun sözlərinə görə, Pakistan hökuməti bu istiqamətdə əlindən gələni edir və bunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şükürovun böyük xidməti var.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Hindistan və Pakistan arasındakı münasibətlərdə Kəşmirin mənsubiyyəti məsələsi artıq 60 ildir kəskin, münaqişəli və çətin həll olunan problem olaraq qalır. Gərgin vəziyyət bu günədək davam edir və mütəmadi olaraq Cammu və Kəşmir daxilində terror aktları, girovların ələ keçirilməsi və öldürülməsi, eləcə də bütün Pakistan-Hindistan sərhədi boyu silahlı toqquşmalarla müşayiət olunur.

İqtisadi münasibətlər

Pakistanın Azərbaycandakı səfiri ölkələr arasında iqtisadi əməkdaşlığın aşağı səviyyədə olmasını təəssüf hissi ilə qeyd edib. Onun sözlərinə görə, cari ilin yanvar-iyul ayları ərzində qarşılıqlı mal dövriyyəsinin indiki 10 milyon dollarlıq həcmi mövcud potensiala uyğun deyil. "Biz bu sahədəki vəziyyəti müsbət yönə dəyişmək niyyətindəyik", - Kakar əlavə edib.

Diplomatın fikrincə, iqtisadi əməkdaşlığın aşağı səviyyədə olmasının əsas səbəblərindən biri Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin olmamasıdır. Onun sözlərinə görə, indi hər iki ölkənin hökumətləri birbaşa hava xəttinin açılması məsələsi ilə bağlı iş aparırlar.

Humanitar əməkdaşlıq

Diplomat Pakistanın Azərbaycandakı səfirliyinin fəaliyyətində prioritet istiqamətlərdən birinin humanitar əməkdaşlığın inkişaf etdirilməsi olduğunu deyib.

Onun sözlərinə görə, diplomatik missiyanın yaxın planlarında mədəniyyət günlərinin keçirilməsi, Azərbaycan cəmiyyətinin Pakistanın mədəniyyət və incəsənəti ilə tanış edilməsi məsələsi var.

"İstənilən səfirin fəaliyyətində yüksək səviyyəli səfərlərin təşkil olunmasına xüsusi diqqət yetirilir. Bu baxımdan mən də iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin təşkili üçün əlimdən gələni etmək niyyətindəyəm. Yaxın vaxtlarda Pakistan Prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfərini təşkil etmək niyyətindəyik. Hazırda səfər çərçivəsində imzalanması planlaşdırılan sənədlərin layihələri üzərində iş gedir", - Kakar vurğulayıb.

Pakistanın müstəqilliyinin 64-cü ildönümü

Avqustun 14-də Pakistan İslam Respublikasının yaranmasının növbəti ildönümü qeyd edilir. Ölkə 1947-ci ildə Britaniya Hindistanının dağılması nəticəsində yaranıb.

Səfirin sözlərinə görə, Pakistanın müstəqilliyinin 64-cü ildönümü qeyd edilən günlərdə ölkənin demokratiyaya uğurla keçdiyini, azad mətbuatın yarandığını, sosial problemlərin açıq və qətiyyətlə həll edildiyini, yerli idarəetmə orqanlarının rolunun artırılması ilə xalq hakimiyyətinin möhkəmləndiyini müşahidə etmək olar. Pakistan makroiqtisadi sabitliyə nail olmaqla iqtisadi çətinliklərin dəf edilməsində böyük uğurlar qazanıb.

Xəbər lenti

Xəbər lenti