...

Mübariz Qurbanlı: Ermənistanın dirçəlişi işğalçılıq siyasətindən əl çəkməsindən asılıdır

Siyasət Materials 25 Avqust 2011 18:59 (UTC +04:00)
Serj Sarkisyanın ABŞ-a buraxılmaması ilə bağlı erməni diasporunun fəaliyyəti Ermənistan hakimiyyətinin apardığı siyasətin məntiqi nəticəsidir.
Mübariz Qurbanlı: Ermənistanın dirçəlişi işğalçılıq siyasətindən əl çəkməsindən asılıdır

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Serj Sarkisyanın ABŞ-a buraxılmaması ilə bağlı erməni diasporunun fəaliyyəti Ermənistan hakimiyyətinin apardığı siyasətin məntiqi nəticəsidir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına açıqlamasında deyib.

"Serj Sarkisyanın ABŞ-a buraxılmaması ilə bağlı erməni diasporunun fəaliyyəti gözlənilən idi. Bütün bunlar Sarkisyan rejiminin siyasətinin məntiqi nəticəsidir", - o bildirib.

Qurbanlı əlavə edib ki, Sarkisyan Ermənistanı elə vəziyyətə gətirib çıxarıb ki, bu ölkə "ölüm-dirim" dilemması qarşısındadır. Onun sözlərinə görə, işğalçı dövlətin hakimiyyəti bütün qonşularla münasibətləri korlayıb. Belə ki, Azərbaycanın əraziləri işğal edilib, Türkiyə ilə heç bir diplomatik əlaqələr yoxdur, Gürcüstanla da problemlər var. Hətta Rusiyanın bəzi dairələri tərəfindən Ermənistanın yeritdiyi siyasət anlaşılmır.

"Yəni Ermənistanın indiki hakimiyyəti vassal olmaqla özünün sərsəm hərəkətləri ilə bölgədə Ermənistan üçün təhlükəli vəziyyət yaradır. Ermənistandan insanların kütləvi axını erməni diasporunu narahat edir. Ona görə də onlar Sarkisyan rejiminin əleyhinə addımlar atırlar. Amma nəzərə alınmalıdır ki, Ermənistanın dirçəlişi işğalçılıq siyasətindən əl çəkməsindən asılıdır. Bu dövlət Azərbaycanın 20 faiz ərazisini işğal edib. Buna baxmayaraq, Azərbaycanın siyasəti nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb, iqtisadi cəhətdən dərin böhran içərisindədir, əhalinin sosial durumu ağırdır. İşğal siyasəti davam etdikcə, Ermənistanın vəziyyəti düzəlməyəcək. Hesab edirəm ki, erməni diasporu bu reallığa da diqqət yetirməlidir", - YAP icra katibinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti