Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi ilə tanış olub.
Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikamızın regionlarında taxıl məhsullarının saxlanılması üçün ümumi dəyəri 39,7 milyon manat, tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin inşasına 21,4 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası artıq başa çatdırılmışdır.
Bildirildi ki, Qobustan rayonu ərazisində iki hektar torpaq sahəsində "İlk Aqrokom" MMC tərəfindən inşa edilən, ümumi dəyəri 2,1 milyon manat olan taxıl anbarı kompleksinin tutumu 10 min tondur. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 700 min manat güzəştli kredit verilmişdir. Layihə üzrə hər birinin tutumu 2,5 min ton olan 4 taxıl anbarından, laboratoriya və digər köməkçi binalardan ibarət kompleks Türkiyənin "Altuntaş" və yerli "Asena Ko" MMC-nin doldurma, boşaltma, qurutma avadanlıqları və elektron idarəetmə panelləri ilə təchiz edilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır.
Taxıl anbarı kompleksinin sxemi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, buraya gətirilən taxıl əvvəlcə girişdəki tərəzidə çəkilir, sonra konveyerlərlə anbara ötürülür. Burada taxıl təmizlənir, dərmanlanır, yenə də elevatorlarla növbəti anbara nəql edilir. Keyfiyyətin saxlanması məqsədi ilə anbarlardakı taxılın yerləri tez-tez dəyişdirilir.
Kompleksin ətrafı abadlaşdırılmış, geniş yaşıllıq zolağı salınmış, girişdə rayonun iqtisadiyyatına həsr olunan guşə yaradılmışdır. Anbar kompleksində 12 nəfər işlə təmin edilmişdir.
Qeyd olundu ki, bu layihənin icrası nəticəsində əsasən kənd təsərrüfatı rayonu olan Qobustanda fermerlərə istehsal etdikləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanmasına, respublikada taxılçılığın inkişafına təkan verməklə əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradılmışdır. Təkcə 2011-ci ildə Qobustan rayonunda 40 min tondan artıq taxıl istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 48 faiz çoxdur. Müasir anbar kompleksinin yaradılması rayonda taxıl istehsalı ilə məşğul olan sahibkarların bu sahəyə marağını daha da artıracaqdır.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.
İlham Əliyev Qobustanda müasir taxıl anbarı kompleksi ilə tanış olub (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi ilə tanış olub