...

MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunan kursantlar and içib

Siyasət Materials 13 Sentyabr 2011 17:24 (UTC +04:00)
Akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına Akademiyanın Döyüş Bayrağı gətirilib.
MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunan kursantlar and içib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunan kursantlar and içib.

MTN-in ictimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, Akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına Akademiyanın Döyüş Bayrağı gətirilib. Sonra dövlət himni səsləndirilib.

Gənc kursantları, onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edən Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev hərbi andın hər bir kursant üçün Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, gələcəkdə ölkəmizin milli təhlükəsizliyinin qorunması işində öz bilik və bacarığını əsirgəməmək, Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumaq olduğunu bildirib.

O qeyd edib ki, Vətənə sədaqət andı içən gənc kursantlar gələcəkdə əsl zabit kimi bu peşənin çətinliklərinə baxmayaraq, xalqımızın maraqlarının etibarlı təmin olunmasında qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəklər. Buna nail olmaq isə yalnız təhsildə və xidmətdə yüksək nəticələr qazanmaqdan, nizam-intizamdan və hərbi anda həmişə sadiq qalmaqdan keçir.

General-mayor Allahverdiyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının təşkili və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib, ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlukəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb.

General-mayor Allahverdiyev deyib ki, Akademiyada kursantların istifadəsinə verilmiş tədris, yataqxana korpusları, yeməkxanalar, İdman Sağlamlıq Kompleksi, klublar və istirahət guşələri ən yüksək standartlara cavab verir.

Çıxışının sonunda Allahverdiyev Akademiyaya daim göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri general-mayor Eldar Mahmudova Akademiyanın rəhbərliyi, müəllim-professor heyəti və kursantlar adından dərin təşəkkürünü bildirib.

Cıxış edən gənc kursantlar ümummilli liderin adını daşıyan bu xüsusitəynatlı ali təhsil müəssisəsinə daxil olduqları üçün qürur duyduqlarını bildirib, təlim-tədris və hərbi-fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz veriblər.

Kursant valideynləri də cıxışlarında Akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarının yüksək təhsil alacaqlarına və gələcəkdə hazırlıqlı zabitlər kimi yetişərək Vətənə layigli xidmət edəcəklərinə əmin olduqlarını söyləyiblər.

Tədbirin sonunda təhsil müəssisəsinin akt zalında Akademiyanın rəhbərliyi valideynlərlə görüş keçirərək kursantlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti