Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Azərbaycan Diplomatik Akademiyası (ADA) dövlət qulluqçuları üçün sayca 6-cı "Xarici Siyasət Proqramı" üzrə treninqə başlayıb. Artıq ənənə halı alan proqramın məqsədi dövlət qurumları arasında əmakdaşlığın daha da genişlənməsi və məmurlarının peşəkar biliklərinin artırılmasıdır.
Akademiyadan Trend-ə verilən məlumata görə, kursların başlanması münasibətilə tələbələri təbrik edən ADA-nın icraçı dekanı Fariz İsmayılzadə qeyd edib ki, "Xarici Siyasət Proqramı" qurumun ilk və ən uğurlu proqramlarından biridir. Kurslara cəlb olunan iştirakçılar bu günə kimi beynəlxalq siyasət, iqtisadiyyat və ticarət, konsulluq işləri, ictimai diplomatiya, liderlik və kommunikasiya qabiliyyətləri və regionşunaslıq kimi sahələrin dərinliklərinə yiyələniblər.
Daha sonra çıxış edən "Xarici Siyasət Proqramı"nın direktoru Aygün Hacıyeva yaxın iki ay ərzində tələbələrin intensiv şəkildə ingilis dili biliklərini artıracaqlarını, proqramın qalan iki ayı ərzində isə ADA-nın professor-müəllim heyəti, Xarici İşlər Nazirliyinin yüksək rütbəli işçiləri, fərqli dövlət qurumlarının təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatların nümayəndələri və xarici diplomatlar iştirakçılara mühazirələr oxuyacaqlar.
Kursu müvəffəqiyətlə bitirən qulluqçulara Azərbaycanın Avropa və Amerikadakı xarici nümayəndəliklərində bir aylıq təcrübə keçmək imkanı veriləcək.
6-cı "Xarici Siyasət Proqramı"nda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyi və Avropa Şurasının 21 əməkdaşı təhsil alacaq.