...

Azərbaycanla ABŞ arasında insan hüquqları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 19 Sentyabr 2011 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanla ABŞ arasında insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Orucov ABŞ-ın yeni səfirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyətini nəzərə çatdıraraq onun ölkəmizi yaxşı tanıdığını, regiondakı münaqişələrin tarixinə bələd olduğunu vurğulayıb.

Komitə sədri əlavə edib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında işgüzar münasibətlər ənənəsi mövcudur və bu, davam etdiriləcək.

Səfir Brayza səmimi qəbul üçün minnətdarlığını bildirərək qeyd edib ki, o, karyerasında növbəti yeni təyinat gözləyərkən ancaq bizim ölkəmizdə çalışmaq arzusunda olub. Ailəsinin də bu məsələdə ona dəstək olduğunu vurğulayan səfir, Azərbaycanın ABŞ-ın srtateji tərəfdaşı olduğunu diqqətə çatdırıb, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə "yox" demək iradəsinin əsas rol oynadığını deyib.

"Azərbaycan ABŞ-ın, Birləşmiş Ştatlar da Azərbaycanın dostudur. Mən bir səfir kimi, bu mövqeni okeanın o tayında hamının diqqətinə çatdırmağa səy göstərəcəm", - Brayza
vurğulayıb.

Diplomat bildirib ki, ABŞ dövlətinin strategiyasında belə bir fikir formalaşıb: "Dövlət-din münasibətlərində din siyasiləşdirilməməlidir. Əgər hər hansı dövlət öz din siyasətini başqa ölkəyə ixrac edərsə, yerli xalq buna birmənalı olaraq etiraz etməlidir. ABŞ isə xalqın bu iradəsinə dəstək verməli, kömək etməlidir".

"Bəzən Dövlət Departamenti hesabat hazırlayarkən elə ifadələr işlədilir ki, bizim yerlərdəki fəaliyyətimizə mane olur. Səfir kimi məqsədim qurumlarımız arasında yaxşı və anlaşıqlı işgüzar münasibətlərə şərait yaratmaqdan ibarət olacaq", - Brayza qeyd edib.

Orucov bildirib ki, dinin siyasiləşdirilməsi bəzi ölkələrdə tendensiya xarakteri alıb.

"Bizim dövlətimiz isə təriqətlərüstü və saf din siyasəti aparır. Qədim və humanist ənənənələrə əsaslanan belə bir dünyəvilik prinsipinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün Prezidentimiz İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. XXI əsrdə dini ekstremizmə yol verilə bilməz. Terrorizmdə dindən dəstək almaq olmaz. Dinləri, xüsusilə də İslamı terrorizmdə günahlandırmaq isə ən azı, ədalətsizlik və savadsızlıq kimi dəyərləndirilməlidir. Bu istiqamətdə amerikalı dostlarımızla həmfikirik", - Komitə rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti