...

Ermənistanda keçirilən hərbi parad fiaskoya uğrayan şou idi - politoloq

Siyasət Materials 22 Sentyabr 2011 14:34 (UTC +04:00)
Ermənistanın müstəqilliyi ilə əlaqədar keçirilən hərbi parad fiaskoya uğrayan şou idi və bu parad həmin ölkənin 2006-cı ildə keçirdiyi parada nisbətən zəif idi.
Ermənistanda keçirilən hərbi parad fiaskoya uğrayan şou idi - politoloq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ermənistanın müstəqilliyi ilə əlaqədar keçirilən hərbi parad fiaskoya uğrayan şou idi və bu parad həmin ölkənin 2006-cı ildə keçirdiyi parada nisbətən zəif idi. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Əhmədoğlu bu paradın həm texnika, həm də iştirakçıların tərkibi baxımından zəif olduğunu söyləyib.

Onun sözlərinə görə, bu paradda Rusiyanın hərbi texnikası və bu ölkənin Ermənistandakı bazasının şəxsi heyəti iştirak edib.

Politoloq bu fkirdədir ki, Rusiya hərbi birləşmələrinin bu paradda iştirakı Ermənistanın dövlət müstəqilliyi üçün kifayət qədər ciddi zərbədir.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, paradda 4000 şəxsi heyət iştirak edib.Onların 600-ü Rusiyanın 102-ci hərbi bazasının şəxsi heyəti idi. Bundan əlavə, Ermənistanın 2006-cı ildə keçirdiyi paradda hərbi din xadimləri iştirak etməsə də, builki parada 100 hərbi din xadimi qatılmışdı. 2006-cı ildə paradda 3500 erməni hərbiçisi iştirak etdiyi halda, bu il bu say ən azı 200 nəfər əskik idi", - mərkəz direktoru qeyd edib.

Əhmədoğlu bildirib ki, paradda zirehli texnika, tırtıllı tanklar avtomaşınların üzərində nümayiş etdirilib. Politoloq hesab edir ki, əslində, Ermənistan tırtıllı texnikanın avtomaşınların üzərində nümayiş etdirilməsinin səbəbini asfaltın zədələnməməsi ilə izah etsə də, bu arqument əsaslı deyil. Onun fikrincə, Ermənistan öz texnikasının keyfiyyətinə əmin olmadığı üçün belə üsuldan istifadə edib.

Əhmədoğlu bu paradda hərbi din xadimlərinin iştirakını və onların əsgər kimi addımlamasını da xristianlığa ləkə salma kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti