...

Azərbaycan Prezidenti Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub (FOTO)

Siyasət Materials 23 Sentyabr 2011 14:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub.
Azərbaycan Prezidenti Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub.

Xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, bu gün ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.

Bildirildi ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha təsdiq edir. Xəstəxanada aparılan işlər müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir. Xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər var. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilib.

Qeyd olundu ki, xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanıb. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaq. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən belə tədbirlər ölkəmizin səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açıb.

Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Xəstəxananın həkimi Mahirə Kərimova kollektiv adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti