...

İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub (FOTO)

Siyasət Materials 4 Oktyabr 2011 15:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub
İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək.

Prezident İlham Əliyev intellektual idarəetmə zalına baxdı. Qeyd edildi ki, burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub.

Bildirildi ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi mərkəzdə aparılacaq.

Prezident İlham Əliyev nəqliyyatı intellektual idarəetmə sistemində istifadə edilən avadanlıqla da tanış oldu. Qeyd edildi ki, dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür.

Dövlətimizin başçısı mərkəzin fəaliyyəti ilə bağlı təqdimata da baxdı. Qeyd edildi ki, mərkəzin yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi nəzərdə tutulur.

Ölkə üzrə intellektual nəqliyyat sisteminin təşkili prosesi ilə tanış olan Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, video aşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib.

Mərkəzdə görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti