Oktyabrın 7-də Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Nikola Sarkozi və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak e diblər.
Mərasim iştirakçıları Azərbaycan və Fransa prezidentlərini hərarətlə qarşıladılar.
Əvvəlcə "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Fransız Liseyinin yaradılması haqqında Saziş" imzalandı. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri dö Renkur imzaladılar.
Azərbaycanın və Fransanın dövlət başçıları mərasimdə çıxış etdilər.
Azərbaycan və Fransa prezidentləri tikiləcək liseyin stendinə baxdılar.
Sonra Fransız Liseyinin təməli qoyuldu. Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi təmələ buraxdılar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı tökdülər.
Daha sonra Fransa Prezidenti Nikola Sarkozi "Bakı-Ağ şəhər" layihəsinin maketinə baxdı.
Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlətinin başçısına layihə haqqında məlumat verdi.
Prezident İlham Əliyev, Prezident Nikola Sarkozi və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları ilə görüşdülər.