...

Nikola Sarkozi: Fransa bütün sahələrdə Azərbaycanın dostudur və tərəfdaşıdır (FOTO)

Siyasət Materials 7 Oktyabr 2011 22:42 (UTC +04:00)
Azərbaycan müstəqilliyini bərpa edən gündən başlayaraq ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsi dinamik və məhsuldar bir əməkdaşlığa başlamışdır. Bu, özünü həm strateji tərəfdaşlıqda, həm də qeyd edim ki, mədəniyyətdə əks etdirir, Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Nikola Sarkozi oktyabrın 7-də Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Nikola Sarkozi: Fransa bütün sahələrdə Azərbaycanın dostudur və tərəfdaşıdır (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan müstəqilliyini bərpa edən gündən başlayaraq ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsi dinamik və məhsuldar bir əməkdaşlığa başlamışdır. Bu, özünü həm strateji tərəfdaşlıqda, həm də qeyd edim ki, mədəniyyətdə əks etdirir, Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Nikola Sarkozi oktyabrın 7-də Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

"Gələn ilin mart ayında Bakı İncəsənət Muzeyi dünyada ilk olaraq Fransanın inciləri sərgisini açacaqdır. Burada intibah dövründən bu günədək fransız mədəni irsini əks etdirən yüzədək görkəmli əsər nümayiş etdiriləcək.

Möhtərəm Prezident! Mənimlə birlikdə bu liseyin yaranmasını qərara almaqla Siz mədəniyyət rəngarəngliyini və Frankafoniyanı seçmiş olursunuz. Bu, cəsarətli seçim və uğurlu gələcəkdir" Sarkozi deyib.

Onun sözlərinə görə, Fransa bütün sahələrdə Azərbaycanın dostudur və tərəfdaşıdır.

"Siz bilirsiniz ki, artıq Frankafoniya tolerantlıq, azadlıq, insan hüquqları və demokratiya kimi bəşəri dəyərlərin daşıyıcısıdır. Nüfuzunuzla, bu gözəl layihəni müdafiə etməklə Siz bu dəyərlərə dəstək verdiyinizi nümayiş etdirirsiniz və mən bu münasibətlə Sizi təbrik edirəm.

Mən bir daha Sizə təşəkkür etmək istərdim. Bu gün bizə göstərdiyiniz qəbul üçün, cənab Prezident, şəxsən Sizə və Sizin həyat yoldaşınıza təşəkkürümü bildirirəm. Bilin ki, Fransa Sizin dostunuzdur və Siz ona etibar edə bilərsiniz" Fransa Prezidenti çıxışında əlavə edib.

Sarkozi daha sonra bildirib ki, Bakı Fransız Liseyinin təməl daşının qoyulması mərasimində, Bakıda olmaq onunüçün bir sevincdir.

"Bu məktəbin yaradılması qərarı təkcə iki ölkə arasındakı yüksək səviyyədə olan diplomatik və siyasi əlaqələrin nümunəsi deyil, eyni zamanda, Azərbaycanın göstərdiyi münasibətlərdəndir. Bu, həmçinin Azərbaycanın dinamizmini və onun dünyaya açıqlığı arzusunu ifadə edir.

Bakı mühüm bir qovşaqdır. Əsrlərdən bəri müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu məkandır. Fransız liseyi bu ölkənin tarixini təcəssüm etdirəcəkdir. Bir vaxtlar ölkənizin neft sənayesinin inkişafında çox mühüm rol oynamış Nobel qardaşlarının yaşadıqları prospektdə bu gün Azərbaycan Dövlət Neft Şirkətinin və Sizin həyat yoldaşınız, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində Fransız Liseyinin təməli qoyulur. Mən bir daha yenidən Mehriban xanıma öz təşəkkürümü bildirmək istəyirəm.

Fransız Dünyəvi Təhsil Missiyasının və ölkələrimizin Təhsil nazirliklərinin dəstəyi ilə bu lisey fransızdilli elitanın formalaşmasına imkan verəcəkdir. Eyni zamanda, Fransa universitetlərinin qapıları bu fransızdilli tələbələrin üzünə daim açıq olacaqdır. Aldıqları biliklərlə Azərbaycanı bəhrələndirmək üçün onlar ölkələrinə qayıdacaqlar.

Mən bilirəm ki, Sizin tələbələr Fransa hökumətinin, son illərdə isə, həmçinin Azərbaycan hökumətinin təqaüdləri sayəsində Fransada təhsil alırlar. Arzu edirəm ki, universitetlər arasında əməkdaşlıq daha da zənginləşsin. Ümidvaram ki, Fransız Liseyi buna güclü töhfəsini verəcəkdir. Bu lisey, həmçinin ölkələrimiz arasındakı mədəni və tarixi əlaqələrin ardıcıllığını əks etdirəcəkdir. 1920-ci ildə bolşeviklərin işğalından sonra Fransa birinci müstəqil Azərbaycan hökumətinin sürgündə olan üzvlərinin çoxuna sığınacaq vermişdir.

1944-cü ilin noyabrında II Dünya müharibəsinin sonunu müzakirə üçün Moskvaya gedən general Şarl de Qoll Bakıda bir gecə səfərdə olmuşdur. Mən bunu unutmuram" Sarkozi deyib.

Xəbər lenti

Xəbər lenti